Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:12

Kolxozsayağı cəzalandırma


«Kollektiv cəzalandırma bütün ölkədə var, rayonlarda isə bu lap tez-tez baş verir»

«Kollektiv cəzalandırma bütün ölkədə var, rayonlarda isə bu lap tez-tez baş verir»

«Səhər saat 10-dan, təxminən axşam saat 7-ə qədər bütün gün ərzində işıq yanmadı…»
Rasim Əliyevgilin binasını sözün əsl mənasında kolxozsayağı cəzalandırıblar. 14 qonşunun günahına görə, 500 mənzilə bütün günü işıq verməyiblər. O iddia ilə ki, həmin 14 nəfər qanunsuz işıq götürüb. Ən azı binanın sahibi «İDF» şirkəti belə bildirir. Şirkət blokların girişinə onların təbirincə desək, «oğru»ların siyahısını da yapışdırıb. Açıq-aşkar yazıb ki, elektrik enerjisini bu adamların günahı ucbatından kəsiblər.
«Mən həmin gün getdim evdən. Burada qaz da yoxdur, yemək bişirmək mümkün deyil».
Belə kollektiv cəzalandırmaya məruz qalanlar hələ Bakının mərkəzində, paytaxtın «tri koroni» kimi məşhur olan üç başıtaclı binasında yaşayırlar.
«Bakıelektrikşəbəkə»nin sözçüsü Tanrıverdi Mustafayev isə «Azadlıq» radiosuna deyir ki, sakinlər binanın sahibi «İDF» şirkətinin günahına görə, işıqsız qalıb. Çünki şirkət liftə, su nasoslarına görə, xidmət haqqını ödəməyib. Sakinlərin günahı yoxdur, səbəb oğurluq deyil.
Amma «İDF»in komendantı Fariz Musayev isə deyir ki, borc ona görə yaranıb ki, sakinlərdən 14 nəfər işıq oğurlayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bütün hallarda vətəndaşla müqaviləni «Bakıelektrikşəbəkə» bağlayıb, səbəbindən asılı olmayaraq işıq alanın qarşısında şirkət məsuliyyət daşıyır:
«Elektrik enerjisi adları aşağıda göstərilən şəxslərin ucbatından kəsilmişdir»
«Çünki müqavilələr fərdi qaydada bağlanır. Fərdi bağlanan müqavilədə kollektiv öhdəçilik ola bilməz. «Hamımız birimiz üçün, birimiz hamımız üçün» devizi istehlakçı hüquqlarının pozulmasıdır».
Azad İstehlakçılar Birliyinin hüquqşünası Adil Mirhəsənli isə deyir ki, həmin müqavilədə yazılıb ki, şirkətin də öhdəlikləri var, sakin istəsə, bu əhvalata görə, pul da qazana bilər. Binanın sahibini məhkəməyə verə bilər ki, ona «oğru» damğası vurub, ya da ki, məsələn, «Bakıelektrikşəbəkə»dən mənəvi təzminat tələb edə bilər:
«Burada konkret məbləğ yoxdur, məsələn, şəxs özünü qiymətləndirir ki, mən əsəbiləşmişəm, ya da qaranlıqda qorxmuşam, mənə 10 min manat ver».
Hüquqşünas deyir ki, Azərbaycanda adamlar adətən belə hallarda məhkəmələrə müraciət etmirlər, amma onun təcrübəsində mənəvi təzminat qazananlar olub.
Keçən il Azərbaycanda bir neçə qeyri-hökumət təşkilatı yığışıb istehlakçı hüquqlarını müdafiə edən koalisiya yaratmışdılar. Həmin koalisiyanın rəhbəri, «Turan» agentliyinin direktoru Mehman Əliyev deyir ki, kollektiv cəzalandırma bütün ölkədə var, rayonlarda isə bu lap tez-tez baş verir:
«Məsələn, Salyanda bir kəndin girişində bir sayğac quraşdırıblar, bütün kənd hərəsi bir az pul yığıb qaz pulu verir, verməyəndə də bütün kəndin işığını kəsirlər. Bu, absurddur».
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, onlara kollektiv məsuliyyətlə bağlı şikayətlər əsasən qaz və su xidməti ilə bağlı gəlir.

Şərhləri göstər

XS
SM
MD
LG