Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:34

Müxalifət Məzahir Pənahovu məhkəməyə verir


MSK: «Məzahir Pənahov sözügedən məsələ ilə bağlı heç bir siyasi mövqe nümayiş etdirməyib»

MSK: «Məzahir Pənahov sözügedən məsələ ilə bağlı heç bir siyasi mövqe nümayiş etdirməyib»

Müxalifət Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovu məhkəməyə verir. Bu qərar yanvarın 29-da Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilən qapalı toplantıda verilib.
ADP sədri Sərdar Cəlaloğlu «Azadlıq» radiosuna deyib ki, buna səbəb bir müddət əvvəl M.Pənahovun televiziyalarda çıxışında müxalifət partiyalarının ünvanına səsləndirdiyi ittihamlardır.
Onun sözlərinə görə, MSK sədri müxalifətin referendumla bağlı yaratdığı iki təşəbbüs qrupunun qanunları pozması barədə fikirlər səsləndirməklə səlahiyyət həddini aşıb.
Cəlaloğluna görə, Pənahovun imzatoplama kampaniyasında siyasi mövqe nümayiş etdirməsi onun səlahiyyətlərinə aid deyil.
MSK sədri həmin açıqlamasında bir sıra bölgələrdə «Respublikaçılar» və «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qruplarını təmsil edən şəxslərin imza toplamaqdan imtina etdiklərini, imza vərəqələrini hakimiyyət nümayəndələrinə təhvil verdiklərini deyib.
Sərdar Cəlaloğlu bildirir ki, bundan başqa, «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupuna daxil olan müxalifət partiyaları istəyirlər ki, Konstitusiya Məhkəməsi və parlament referendumla bağlı qərarlarına yenidən baxsın.
Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev isə «Azadlıq» radiosuna deyir ki, qurumun sədri sözügedən məsələ ilə bağlı heç bir siyasi mövqe nümayiş etdirməyib:
«Sadəcə, Komissiyaya daxil olan gündəlik məlumatları açıqlayıb».
Məhkəməyə gəlincə isə, A.Sarıyev deyir ki, bu, hər bir Azərbaycan vətəndaşının hüququdur.
Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovsa «Azadlıq» radiosuna deyib ki, bu məsələyə yenidən baxılması mümkün deyil:
«Çünki referendumla bağlı qərar qəbul ediləndə bu məsələ yüz ölçülüb, bir biçilib. Və bu məsələdə Konstitusiyanın heç bir maddəsi pozulmayıb. Azərbaycanda demokratiyadı, hər kəs öz fikrini bildirə və müraciət edə bilər. Qoy müraciətlərini göndərsinlər».
Bu il martın 18-də Azərbaycanda Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı referendum keçirilməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG