Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:51

Azərbaycanlı deputat avropalıları erməni müxalifətini eşitməyə çağırır


Gültəkin Hacıyeva Avropa Şurasını ikili standartlarda ittiham edir

Gültəkin Hacıyeva Avropa Şurasını ikili standartlarda ittiham edir

Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) Ermənistan nümayəndə heyətinin səsvermə hüququ əlindən alınmadı. Yanvarın 27-də Assambleya qərar qəbul etdi ki, hələlik Ermənistan deputatlarının səsvermə hüquqları dayandırılmasın, amma keçən ilin prezident seçkisindən sonra bu ölkədə həbs olunan insanların vəziyyəti izlənməkdə davam olunsun.

Keçən ilin martında Ermənistanda prezident seçkisinin elan olunan rəsmi nəticələrinə etiraz edən müxalifət fəalları ilə hakimiyyət qüvvələri arasında toqquşmalarda 10-a qədər adam həlak olmuş, yüzlərlə adam yaralanmış, həbsə atılmışdı.

Bu hadisələrə görə, AŞ PA-da Ermənistan nümayəndələrinin səsvermə hüququnun əlindən alınıb-alınmaması məsələsi müzakirə olunanda, zalda erməni müxalifətinin təmsilçilərindən heç kim olmayıb. Amma onların – erməni müxalifətinin hüquqlarını azərbaycanlı millət vəkili müdafiə etməyə çalışıb. Bu, Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyevadır:

- Bu gün biz Ermənistanda keçən ilin mart hadisələrindən sonra yaranan vəziyyəti müzakirə edirik. Bu hadisələrin detallarını hər kəs bilir. Həmin hadisələrdən ötən bir il ərzində biz Ermənistandan bir nəfər də olsun müxalifət nümayəndəsinin səsini eşitməmişik.

Keçən ilin martında Ermənistanda müxalifət fəalları ilə hakimiyyət qüvvələri arasında toqquşmalarda 10-a qədər adam həlak olmuşdu
G.Hacıyeva bildirib ki, 2003-cü ildə prezident seçkisindən sonra Avropa Şurası Azərbaycanın müxalifət və hakimiyyət təmsilçilərini çağırıb ciddi müzakirələr apardı. Ermənistandakı seçkinin nəticələrini müzakirə edəndə isə, bu ölkənin müxalifətini dinləmək sanki heç kimin ağlına gəlmir. Gültəkin Hacıyeva bunu Avropa Şurasında ikili standartlarla yanaşmanın təzahürü hesab edir:

- 2003-cü ildə Azərbaycanda prezident seçkisindən sonra biz bu salonda çoxlu tənqidlər eşidirdik. Tənqidlər də seçkinin nəticələri barədə deyil, prezidentin 77 faiz, yoxsa, 63 faiz səslə qalib gəlməsi üstündə idi. Azərbaycan müxalifətinin liderləri və hakimiyyət nümayəndələri dəvət edildi və burda – Avropa Şurasında çox açıq, səmimi müzakirələrimiz oldu. Amma Ermənistanın məsələsi müzakirə olunanda, biz bir nəfər də olsun müxalifət təmsilçisinin səsini eşitmədik. Baxmayaraq ki, Sarkisyanın seçkidə qalib gəlib-gəlmədiyi indinin özündə də təkcə Ermənistanda deyil, dünyanın əksər yerlərində sual altındadır. Seçkinin əsl qalibinin əslində Levon Ter-Petrosyan olduğu kimi fikirlər var. Buna görə də mən Avropa Şurasında olduqca tez-tez üzləşdiyimiz ikili standartlar haqqında danışmalı oluram. Əlbəttə, bu, çox pis haldır.

Avropa Şurası Parlament Assambleyasının yanvarın 30-na qədər davam edəcək qış sessiyasında Azərbaycanla bağlı ayrıca məsələlərin müzakirəsi gündəliyə salınmayıb.

Amma Assambleyanın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel bir neçə gün əvvəl «Azadlıq» radiosuna bildirmişdi ki, o, Azərbaycanda həbsdə olan jurnalistlər, xarici radiostansiyaların lisenziyalarının ləğv olunması və Konstitusiya dəyişikliyinə dair referendum kimi problemlərdən danışmaq niyyətindədir.

Şərhləri göstər

XS
SM
MD
LG