Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:44

Siyasi şərhçi: «İqtidar müxalifəti birdəfəlik unutdurmaq istəyir»


Azər Rəşidoğlu: «Avtoritar və totalitar rejimlərdə repressiyalar qaçılmaz olur. Azərbaycanda da bu gün məhz o baş verir»
Azər Rəşidoğlu: «Avtoritar və totalitar rejimlərdə repressiyalar qaçılmaz olur. Azərbaycanda da bu gün məhz o baş verir»
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov deyir ki, polis və icra nümayəndələri müxalifətin 18 mart referendumu ilə bağlı «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupunun qeydiyyatı üçün imzatoplama kampaniyasına basqıları artırıb:

«Yanvarın 27-də axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mingəçevir rayon şöbəsinin sədri Süleyman Kərimovun evinə gələn polislər ondan vətəndaşlardan topladığı 750 imzanı heç bir sənəd təqdim etmədən müsadirə edib. Analoji olay Tovuzda da baş verib. AXCP-nin yerli bölməsinin sədri imza toplayarkən rayonun Qaraxanlı kənd icra nümayəndəsi oğlu ilə bərabər imzaları zorla müxalifətçinin əlindən alıb, sonuncu imza atan şəxsi isə polis bölməsinə təhvil veriblər».

Həsən Kərimov deyir ki, Bakının Nizami rayonunda partiya üzvü Ruslan Tanrıverdiyev imza toplayarkən tanımadığı iki şəxs ona fiziki təzyiq göstərərək topladığı imzaları əlindən alıb. Təşəbbüs qrupunun üzvlərinin oxşar olaylarla Şəki, Ağstafa, Qazax, Goranboy və Ağdam rayonlarında da üzləşdiyi bildirilir.

Rəsmi qurumlar isə Həsən Kərimovun dediyini təkzib edir. Tovuz, Astafa, Ağdam və Goranboy rayon İcra Hakimiyyətlərinin təmsilçiləri deyilənlərin doğru olmadığını bildirirlər. Goranboy rayon İcra Hakimiyyətinin Siyasi Şöbəsinin müdiri Faiq Muradov hətta rayonda müxalifət partiyalarının tam sərbəst fəaliyyət göstərdiyini deyir:

Həsən Kərimov
«Goranboy rayonunda indiyə qədər müxalifətlə bağlı heç bir problem olmayıb».

Daxili İşlər Nazirliyinə (DİN) də polislə müxalifətçilər arasında son iki gündə hər hansı insident yaşanması ilə bağlı fakt daxil olmayıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov belə deyir. Mingəçevir Şəhər Polis İdarəsinin rəis müavini İmran Həsənov da «Azadlıq» radiosuna polisin müxalifətçinin evindən 750 imzanı müsadirə etməsi xəbərinin yanlış olduğunu bildirib:

«Heç bir qrupun işinə maneçilik göstərilmir. Heç bir təsirdən söhbət gedə bilməz. Ölkədə qanunlar işləyir. Polis qanun çərçivəsində işləyən heç bir şəxsin işinə qarışmır. Polis yalnız ictimai qayda pozulduqda belə məsələlərə müdaxilə edə bilər. Tam məsuliyyətlə bildirirəm ki, elə bir fakt olmayıb».

Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, iqtidar müxalifəti birdəfəlik unutdurmaq, müxalifətlə bağlı hər hansı ictimai fikir yaranmasının qarşısını almaq yolunu seçib. Baş verənlərə də bu kontekstdə yanaşmaq gərəkdir:

«Avtoritar və totalitar rejimlərdə repressiyalar qaçılmaz olur. Azərbaycanda da bu gün məhz o baş verir. Sağdan və soldan bütün rəqiblərindən xilas olmuş Azərbaycan hakimiyyəti artıq hər hansı fərqli fikri dözülməzlik kimi qəbul edir. Müxtəlif fikirliliyin nişanələrini aradan qaldırmaq istəyir».

Azər Rəşidoğlu bundan sonra da iqtidarın siyasi rəqibləri ilə daha sərt metodlarla danışacağını düşünür. Onun sözlərinə görə, belə məhdud imkanlarla müxalifətin ölkədə siyasi azadlıqlar uğrunda mübarizə apararaq məqsədlərinə çatması son dərəcə çətindir.
XS
SM
MD
LG