Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:37

«Hər şey prezidentlər səviyyəsində həll oluna bilməz»


Prezidentlər sonuncu dəfə Medvedevin dəvəti ilə Moskvada ötən ilin noyabrın 2-də görüşüblər
Prezidentlər sonuncu dəfə Medvedevin dəvəti ilə Moskvada ötən ilin noyabrın 2-də görüşüblər
«Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 28-də baş tutacaq görüşündə önəmli addım atılacağına inanmıram». Beynəlxalq Böhran Qrupunun nümayəndəsi Təbib Hüseynov «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına belə deyib. Onun sözlərinə görə, konkret nəticə haqda danışmaq üçün hələ tezdir:

«Bu bir prosesdir. Hər şeydən əvvəl proses haqda danışmalıyıq. Konkret nəticələrə gəlincə, bəlkə də bu görüşdən konkret nəticələr görməyəcəyik. Amma proses olaraq Azərbaycan və Ermənistan prezidentləri iki il əvvəl Madriddə verilən təklifləri müzakirələri davam etdirirlər. Odur ki, bu gün böyük addım atılacağını düşünmürəm».
Madrid prinsiplərinə toxunan ekspert bildirir ki, bu prinsiplər münaqişənin bir neçə mərhələdə həllini nəzərdə tutur. İlkin mərhələdə tərəflər münaqişənin yalnız sülh yolu ilə həllinə razılıq verir. Ermənistan silahlı qüvvələri işğal olunmuş yeddi rayondan çıxarılır, ora beynəlxalq qüvvələr yeridilir və azərbaycanlılar həmin ərazilərə qaytarılır. Yalnız bundan sonrakı mərhələdə Dağlıq Qarabağın statusu haqda səsvermə keçirilir. Hələlik həmin səsvermənin harada və necə keçiriləcəyi açıq qalır.

Təbib Hüseynov deyir ki, prezidentlər danışıqları davam etdirməlidirlər, amma eyni zamanda Madrid prinsipləri ilə bağlı Azərbaycan və Ermənistan cəmiyyətlərində də müzakirələr başlamalıdır:

«Madrid təkliflərinin mahiyyəti, üstün və mənfi cəhətləri haqda müzakirələr olmalıdır. Bir neçə ildən sonra azərbaycanlılar və ermənilər səsvermə yoluyla Dağlıq Qarabağın statusunu müəyyən etməlidirlər. Buna qədərsə cəmiyyətlər bilməlidir ki, səsvermə necə keçiriləcək, faydası nədir, hər şey liderlər səviyyəsində razılaşdırıla bilməz. Vətəndaşlar bilməlidir ki, onların marağı nəzərə alınır. Birdən «Qarabağ əlimizdən gedər» hissinin olmaması və özlərinin rahat hiss etməməsi üçün danışıqlar açıq olmalıdır».

Buna görə də, Təbib Hüseynov bir qrup politoloqun prezident İlham Əliyevə müraciətini müsbət qiymətləndirir. O da müraciət müəllifləri kimi əmindir ki, Dağlıq Qarabağ icmasına status verilməli, azərbaycanlı icma təşkilatlanmalıdır. Yalnız bu halda onlar hüquqlarını qoruya və gələcəkdəki səsvermədə səs çoxluğu qazana bilərlər.
XS
SM
MD
LG