Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:00

Ərəb şərhçisi: «Obama yaxşı danışır, ancaq şeytan detallarda gizlənib»


Obama Mitçellə birlikdə
Obama Mitçellə birlikdə
ABŞ prezidenti Barak Obamanın Yaxın Şərqə yeni elçisi Corc Mitçellə ilk sözü bu olub: dinləməkdən başla:
«Ona dediyim bu oldu ki, dinləməkdən başla, çünki çox vaxt Amerika diqtədən başlayır. Ona görə biz bütün faktorların hamısını görə bilmirik. Gəlin qulaq asaq».
Bunu Obama ərəb televiziyasının qonağı olanda deyib. «Əl Ərəbiyə» televiziyasına Obama əvvəlcə xatırladıb ki, onun atası müsəlman olub, özüsə bir vaxtlar müsəlman ölkəsində yaşayıb. Sonra da deyib ki, Amerika müsəlmanların düşməni deyil.
İrana isə, Obamanın sözlərinə görə, ABŞ əlini uzadacaq. Ancaq bir şərtlə. Əgər İran kimi ölkələr öz yumruqlarını açsalar.
Obamanın fikrincə, Amerika üçün vacibdir ki, İranla danışmağa istək olsun. Danışanda isə çox aydın demək lazımdır ki, harda fərqlər var, harda irəliləyiş mümkündür. Obama bildirib ki, yaxın bir neçə aya İrana yanaşmanın və Amerikanın mövqeyinin ümumi çərçivəsi müəyyənləşəcək.
Ancaq İran Obama dediyi kimi, yumruğunu açacaqmı? Çünki bu o deməkdir ki, İran gərək BMT-nin tələbinə riayət etsin, uranı zənginləşdirməkdən imtina etsin. İran hakimiyyəti də dəfələrlə deyib ki, bunu etməyəcək.
Obama İranla yanaşı Suriyanın da adını çəkib. O deyib ki, Suriyada, İranda, ya Pakistanda nə baş verdiyi ilə maraqlanmadan yalnız Fələstin-İsrail kontekstində düşünmək mümkün deyil.
Suriya prezidenti Bəşər Əsəd buna dərhal reaksiya verərək Livan televiziyasına deyib ki, yeni Amerika hökumətinin Yaxın Şərqdəki vəziyyətə bir də baxmaq istəyini görür. Suriya heç bir ilkin şərt qoymadan Amerika ilə danışıqlara hazırdır.
«Əl Ərəbiyə» televiziyası Obamadan ona da münasibət öyrənib ki, «əl Qaida» liderləri ona çox güclü söz hücumuna keçiblər.
Obama deyib ki, sizi qurduqlarınız əsasında qiymətləndirirlər, dağıtdıqlarınız əsasında yox. Onlar, yəni «əl Qaida» indiyə kimi yalnız dağıtmaqla məşğul olub.
Obama müsəlmanlara da müraciət edib ki, ona, prezident kimi atdığı addımları əsasında qiymət versinlər.
«Röyters» Agentliyi Obamanın çıxışına yerli ərəb ekspertlərinin fikirlərini öyrənib. Mustafa Alani adlı bir ekspert deyir ki, Obama çox yaxşı danışır. Ancaq şeytan detallarda gizlənib. O, İsrail-Fələstin münaqişəsini həll etmək üçün iki dövlət prinsipini necə həyata keçirəcək? Və yaxud ordunu İraqdan necə çıxaracaq?
Musafa Alanin fikrincə, anlamaq lazımdır ki, Obamanın bütün problemləri birdən həll edən sehrli çubuğu yoxdur.
XS
SM
MD
LG