Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:05

Susuz qalan sakinlərin etirazı faciə ilə nəticələnib


Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin sözçüsü Əlirza Quluncu
Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin sözçüsü Əlirza Quluncu
- Vurublar, qıçını yerə qoya bilmir. Qoltuq ağacı ilə keçinir. Dizindən vurublar. Hərəkət eləyə bilmir…

İki həftə əvvəl İranın rəsmi adı Xaneqahe-Sorx olan, amma sakinlərinin Qızıl Xənəyə adlandırdığı kəndində polislə toqquşma zamanı yaralanan Nadeli Quluzadənin atası Bəhram Quluzadə belə deyir.

İrandakı agentliklərin yaydığı məlumata görə, həmin toqquşmada 30-a yaxın Qızıl Xənəyə kənd sakini xəsarət alıb. B.Quluzadə deyir ki, üst-üstə elə 30-a yaxın kənd sakini də həbs edilib. Ancaq sonradan onlar zaminə buraxılıblar.

Bəhram Quluzadə deyir ki, toqquşma kənd sakinlərinin bir fabriklə ixtilafından yaranıb. Onun deməsinə görə, fabrikin rəhbərliyi müxtəlif quyular qazdıraraq kəndə məxsus suları çəkib aparır. Susuz qalan kənd sakinlərinin etirazı isə polisin sərt müdaxiləsi ilə nəticələnib:

- Yaralımız çoxdur. Elə iki nəfər güllə yarası alıb. Birinin gözünün yanından vurublar…

Bəhram Quluzadə deyir ki, həmin fabriklə ixtilaflarına bir neçə dəfə məhkəmə də baxıb. Məhkəmə əvvəl onların xeyrinə qərar versə də, sonradan fabrikin tərəfini tutmağa başlayıb.

Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin sözçüsü Əlirza Quluncu isə deyir ki, həmin toqquşmada saxlanan kənd sakinlərinə həbsxanada işgəncə də verilib. Onun sözlərinə görə, indi zaminə buraxılanlar ağır cəza gözləyirlər. O, hətta uzunmüddətli həbs qərarlarını da istisna etmir.

Ə.Quluncu Qızıl Xənəyə kənd sakinlərinin belə müdafiəsiz qalmalarını onların həm milli, həm də dini baxımdan azlıqda olmaları ilə izah edir:

- Bunlar sünni azərbaycanlılardır. Onların ağır cəza alacaqları gözlənilir. Çünki rejimə qarşı üsyanda günahlandırılırlar. Üstəlik, bunlara su və başqa təzyiqlər bundan əvvəl də olub. Onların nə hökumətdə adamları var, nə də qeyri-dövlət təşkilatlarında.

Qızıl Xənəyəli Bəhram Quluzadə isə deyir ki, kənd sakinləri su sarıdan çoxdan əziyyət çəkirlər. Onun sözlərinə görə, hökumət himayəsində olan şirkətlər kəndin suyunu sənaye ehtiyaclarına yönəltdiyindən kənd təsərrüfatı sahələrini suvarmaq çətinləşir.

Əlirza Quluncu isə deyir ki, İran hökumətinin azlıqlar yaşayan ərazilərə qarşı iqtisadi basqıları və xüsusilə də yeraltı suların döndərilməsi siyasəti artıq beynəlxalq təşkilatların da diqqətini cəlb edir. O, bu siyasətin hansı məqsədlə yürüdüldüyünü demədi.

Bəhram Quluzadə isə deyir ki, nə niyyətlə edilir edilsin, kəndləri susuz qalsa da, burda yaşamaqdan başqa çıxış yolları yoxdur:

- Su olmasa hasil olmaz. Əkinlərimizin yarısını sulayırıq, yarısını yox. Hara çıxaq gedək? Şəhərə getsək də, keçinə bilmərik. Bekar adamlarıq…
XS
SM
MD
LG