Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Hakimiyyətdə Rusiyanı strateji tərəfdaş sayan varmı?


Əlbəttə, 8 ay öncə Rusiyanın Ermənistana 800 milyon dollar civarında silah ötürməsi faktı ortada yox idi və hardasa iki ölkə arasında münasibətlərdə müəyyən mülayimləşmədən söhbət açmaq olardı
Əlbəttə, 8 ay öncə Rusiyanın Ermənistana 800 milyon dollar civarında silah ötürməsi faktı ortada yox idi və hardasa iki ölkə arasında münasibətlərdə müəyyən mülayimləşmədən söhbət açmaq olardı
«Rusiya Azərbaycanla strateji tərəfdaşlığa böyük əhəmiyyət verir» – bu ifadəni Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev düz 8 ay öncə Moskvaya səfəri zamanı söyləmişdi.

Əlbəttə, 8 ay öncə Rusiyanın Ermənistana 800 milyon dollar civarında silah ötürməsi faktı ortada yox idi və hardasa iki ölkə arasında münasibətlərdə müəyyən mülayimləşmədən söhbət açmaq olardı. Ancaq bu əməkdaşlığı «strateji tərəfdaşlıq», hətta «strateji müttəfiqlik» pilləsinə qaldırmaq elə o zaman yersiz görünürdü. Çünki Rusiyanın 1996-cı ildə Ermənistana 1 milyard dollar civarında silah ötürməsi faktını nəzərə almasaq belə, Moskva sonrakı illərdə də Yerevanla Bakıya eyni gözlə baxmadığını «hərəkətləriylə» sübut edirdi.

Ramiz Mehdiyev «Azərbaycan» qəzetindəki silsilə yazılarında məmləkətin xarici siyasətindən danışarkən, Qərb və Turkiyəylə münasibətlərə bir-iki cümlə həsr edərək «Rusiya ilə srtateji tərəfdaşlığın inkişafını» xüsusi vurğulayırdı. Halbuki, elə bu cümlələrin yazıldığı günlərdə Rusiyadan xeyli zərbə almışdıq:

- Rusiya kəşfiyyatı Azərbaycanda ələ aldığı yüksək rütbəli məmurlar vasitəsilə Bakı hava limanında gizli qurğular yerləşdirərək İlham Əliyev və digər rəsmilərimizin söhbətlərini dinləyirdi;

- Rusiya Azərbaycanı saymadan torpaqlarımızdan İrana nüvə texnologiyaları ötürməyə çalışırdı. Rəsmi Bakının təkidli istəklərinə rəğmən, Moskva gərəki sənədləri yalnız bir ay sonra göndərdi;

- Rusiyanın Vladimirsk vilayətinin Kolçuqinsk rayonu ilə qondarma «Dağlıq Qarabağ Respublikası» arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı;

- Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov Bakıya səfəri zamanı jurnalistlərin suallarına cavabında «Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur» fikrini yenidən təkrarladı.

Və bütün bunların fonunda Ramiz Mehdiyevin Moskvada «Rusiya Azərbaycana çox xeyirxah münasibət bəsləyir» söyləməsi qəribə səslənir.

Hazırda Azərbaycan hakimiyyəti içində Ramiz Mehdiyev bu ifadəsini təkrarlaya bilən az tapılar.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim son açıqlamasında Ermənistana 800 milyon dollar silah ötürdüyünə görə, rəsmi Bakının Rusiyadan asanlıqla əl çəkməyəcəyinə işarə vurub. X.İbrahim 1996-cı ildəki gizli silah sövdələşməsinin üstünün ört-basdır edilməsini unutmadıqlarını deyib. «Rusiya Ermənistana silah ötürməklə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Moskva bəyənnaməsinin üstündən xətt çəkdi və Kreml bir vasitəçi kimi inamımızı birdəfəlik itirdi» fikri hakimiyyət dəhlizlərində günü-gündən möhkəmlənir.

Bu arada, bir qrup millət vəkili parlamentin spikeri Oqtay Əsədova yazılı müraciət edərək Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı Milli Məclisdə müzakirələr açmağı təklif edib. Hələlik bu müraciətə imza atanların sayı 15 nəfərdir.

Azərbaycan prezidenti İlham Əliyev silah qalmaqalıyla bağlı hələ konkret fikir söyləməsə də, Rusiyanın qaz idxalına alternativ olan «Nabucco» zirvə toplantısına qatılması əslində Kremlə verilən bir cavab idi. Zirvə toplantısının keçirildiyi Macarıstan paytaxtındakı ikitərəfli görüşlərdə «Nabucco» layihəsiylə yanaşı, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının genişləndirilməsi yolları barədə də fikir mübadiləsi aparılır.

Fikrimcə, silah qalmaqalı tək Moskva bəyənnaməsinin üstündən deyil, «Qazprom» şirkətinin Azərbaycan qazının tamamını almaq istəyi üzərindən də xətt çəkdi. Torpaqlarımızı işğal edəni silahlandıran ölkəyə qazımızın tamamını necə sata bilərik? Təsadüfi deyil ki, hələ bir neçə gün öncə «Nabucco» layihəsinin gerçəkləşəcəyinə şübhəylə yanaşdığını bildirən Sənaye və Energetika naziri Natiq Əliyev artıq bu fikrini ciddi korrektə edərək «bu layihə Azərbaycanın maraqlarına cavab verir» ifadəsini dilə gətirib.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG