Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Dağlıq Qarabağın azərbaycanlı əhalisinə status lazımdırmı?


Dağlıq Qarabağın azərbaycanlı əhalisinə status verilməsinə münasibət birmənalı deyil

Dağlıq Qarabağın azərbaycanlı əhalisinə status verilməsinə münasibət birmənalı deyil

Aralarında politoloq və QHT təmsilçisi olan bir qrup şəxs prezident İlham Əliyevə Dağlıq Qarabağın azərbaycanlı icmasının təşkilatlandırılması istəyi ilə müraciət edib. Onlar təklif edirlər ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi status alsın və rəhbər orqanın seçki yoluyla formalaşması üçün ayrıca qanun hazırlansın.

Müraciət müəlliflərindən biri olan politoloq Zərdüşt Əlizadə deyir ki, əgər Dağlıq Qarabağ erməniləri bir icma kimi özlərini tanıtmağa çalışırlarsa, nəyə görə, azərbaycanlı əhalisi də bir icma kimi özünü təqdim etməsin? Onun fikrincə, əgər Dağlıq Qarabağın azərbaycanlı əhalisi özünü icma kimi tanıtdıra bilsə, münaqişənin həlliylə bağlı gedən proseslər barədə onlara da məlumat vermək öhdəliyi olar:

«Danışıqlar çətin mərhələdədir. Ola bilsin ki, aralıq razılaşma əldə ediləcək. Ya da məlum olacaq ki, heç bir razılaşma mümkün deyil. Amma əgər razılaşma olsa, icma rəhbərlərindən böyük rolu tələb olunacaq. Əgər azərbaycanlılar qayıtsalar, onda ərazini qoruyan sülhməramlıların komandanlığı ilə səlahiyyətli danışılar aparılması lazım gələndə, onda seçilmiş icma rəhbəri Azərbaycan hökumətinin razılığı altında danışıqları aparacaq».
Müraciətdə nə təklif olunur?

- Dağlıq Qarabağın azərbaycanlı icmasının təşkilatlandırılması və seçkili rəhbərlik institutlarının yaradılması mexanizmlərinin işlənib hazırlanması ilə bağlı işçi qrupun (dövlət komissiyasının) yaradılması;
- Milli Məclisin Dağlıq Qarabağın azərbaycanlı icmasının təşkilatlandırılması ilə bağlı hüquqi bazanın yaradılması üçün zəruri olan qanun və düzəlişlər işləyib hazırlaması;

- Dağlıq Qarabağın azərbaycanlı əhalisinin statusu və onun rəhbər orqanının seçki yolu ilə formalaşması üsulu ilə bağlı ayrıca qanunun hazırlanması;

- Dağlıq Qarabağın azərbaycanlı əhalisi arasında azad və şəffaf səsvermə yolu ilə yeni rəhbər qurum və şəxsin seçilməsi və onların ölkə daxilində və xaricində azərbaycanlı əhalisinin maraqlarını təmsil edən rəsmi şəxs və qurum kimi tanıtdırılması;

- Dağlıq Qarabağın azərbaycanlı əhalisinin rəhbərliyinin münaqişə ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirakının təmin edilməsi və gələcək mərhələlərdə erməni əhalisi ilə bərabərhüquqlu şəkildə sülh prosesində iştirak etmək üçün hazırlanması.

Millət vəkili İqbal Ağazadə isə bu təklifləri Azərbaycanın milli maraqlarına uyğun saymır. O hesab edir ki, Azərbaycanın öz ərazisində milliyətindən asılı olmayaraq, heç bir topluma hər hansı status verilməməlidir. İqbal Ağazadənin fikrincə, Dağlıq Qarabağ əhalisinin Milli Məclisdə iki nümayəndəsi var və təklifdə nəzərdə tutulan seçkili rəhbər qismində onlar və ya onlardan biri çıxış edə bilər:

«Necə ki, Araz Əzimov prezidentin Qarabağ məsələləri üzrə nümayəndəsidir, eləcə də, ehtiyac olarsa, Dağlıq Qarabağ icmasının adından bu millət vəkillərindən biri təmsil oluna bilər».

Qeyd edək ki, son aylara qədər Qarabağ icmasının təmsilçisi qismində Şuşanın keçmiş icra başçısı Nizami Bəhmənov çıxış edirdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bölgəyə gələndə rəsmi şəxslərlə yanaşı onunla görüşürdü. Nizami Bəhmənov sentyabrın 13-də vəfat edəndən bəri bu cür görüşlər keçirilmir.

Şərhləri göstər

XS
SM
MD
LG