Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:09

Tenderlə sovrulanlar…


Bu yol qovşağının smeta dəyəri 15 milyon manat olduğu halda ora 18 milyon manatdan çox vəsait xərclənib

Bu yol qovşağının smeta dəyəri 15 milyon manat olduğu halda ora 18 milyon manatdan çox vəsait xərclənib

İndi Azərbaycanda ən çox eşitdiyimiz səslər tikintidən gəlir. Ölkənin az qala hər qarışında tikinti gedir. Bu Azərbaycan prezidenti İlham Əliyevə görə inkişafdır:

«Son 5 ildə Azərbaycanda 1600-dən çox məktəb tikilib istifadəyə verilib. Yüzlərlə xəstəxana tikilib, təmir edilib. Bu sahədə böyük inkişaf var…»

Bir başqası, millət vəkili Pənah Hüseynə görə isə bu, talançılıqdır:

«Moskva prospektində bir evi, elə həmin evin qiymətinə təmir edirlər. Tenderə çıxarılan layihələrdə ayrılan vəsaitin 60 faizi mənimsənilir. Bu talançılıqdır…»

Bəs, həqiqət necədir?

Sizə ölkəyə son illərdə gələn və böyük sürətlə xərclənən neft pullarının taleyinin həll olunduğu bir prosesdən - açıq tenderlərdən danışacağıq. Həmin açıq tenderlərdə nağıllarda deyildiyi kimi gözə-görünməz sehrli bir çubuq vasitəsi ilə milyonlarla dövlət vəsaiti yoxa çıxır...

Qarabağ müharibəsinin qəhrəmanı tenderdə qalib gələ bilmir

«Oray» MMC-nin rəhbəri Qaşqay Həsənov deyir ki, əgər tenderləri udmaq belə asandırsa, niyə onun kifayət qədər imkanlara malik şirkəti həmişə məğlub çıxır.

«Oray» MMC-nin rəhbəri Qaşqay Həsənov tikinti biznesi ilə məşğul olmazdan əvvəl hərbçi olub. Qarabağ savaşında xidmətlərinə görə, «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib. Döyüşlərdə saysız uğurlara imza atan Qaşqay Həsənov hökumət orqanlarının keçirdiyi ən müxtəlif tenderlərə dəfələrlə sənəd göndərsə də, qaliblərin sırasına düşə bilməyib:

«Təhsil Nazirliyi bu qədər tikinti aparır. Kim tikir? Hamısı öz adamları, öz ətrafları. Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi də evlər tikir. Kimlər tikir? Hamısı öz adamları. Məndə olan texnika həmin tikintiləri aparan şirkətlərin heç birində yoxdur. Qaçqınlar Komitəsi götürsün baxsın, tikintiləri hansı şirkətlərə veriblər. Həmin şirkətlər bir adamdan və bir mühasibdən ibarətdirlər. Fəhlələri də küçələrdən yığırlar».

Qaşqay Həsənov deyir ki, hökumət orqanlarının keçirdiyi tenderlərdə iddiaçılar arasında texniki, maliyyə və təcrübə sarıdan üstünlük əldə etmək üçün bir neçə şirkətin alyansını yaradıb. Yenə də qaliblər cərgəsinə düşmə bilməyib. O, yalnız xarici təşkilatların və özəl qurumların keçirdiyi tenderlərdə uğur qazana bilir.

«6 manat nizamnamə fondu olan şirkətlə, bir şəhərin kanalizasiyasını necə təmir etmək olar?»

«Turan» İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalı da deyir ki, tenderlərə,

Bu körpü smeta dəyərindən 3.6 mln. manat baha başa gəlib. Layihədə nəzərdə tutulan körpü keçidləri və avtopavilyonlar da tikilməyib

bir qayda olaraq, onu keçirən dövlət qurumunun rəhbərliyinə yaxın olan şirkətlər buraxılır. Qaliblər də elə onların arasından seçilir:

«Başqa şirkətlər o tenderə buraxılmır. Eyni şirkətlər bir dövlət orqanının sifarişlərini yerinə yetirir. Nəticədə həmin sahədə monopoliya yaranır. Bu tenderlərin keçirilməsində ən təhlükəli məqamdır. Dövlət Satınalmalar Agentliyi belə hallara qarşı ciddi olmalıdır. Ancaq mən şahid olmamışam ki, onlar tenderlərdə qanunsuzluqlar üzə çıxarsınlar».

Millət vəkili Pənah Hüseyn isə deyir ki, nizamnamə fondundakı vəsaiti heç bir kisə sement almağa çatmayan firmalar da bəzən tenderə çıxarılan layihələri uda bilir. Təki həmin firma yuxarılardan himayə olunsun:

«Mən bir təhqiqat apardım. Məlum oldu ki, bizim Sabirabadda kanalizasiyanın təmirin veriblər Naxçıvan Muxtar Respublikanın Babək şəhərində evlərin birində qeydiyyatda olan bir firmaya. Onun cəmi 6 manat nizamnamə fondu var. Firma yalnız bir prezidentdən ibarətdir. Bu firmanı yaradıblar tenderdən 2 ay əvvəl, sonra da buraxıblar gedib. Mən bunu prokurorluğa, Maliyyə Nazirliyinə, həmin Satınalmalar üzrə Dövlət Agentliyinə yazdım, baxan olmadı. Elə bil tabudur…»

Bu, təkcə əyalətlər üçün xarakterik hal deyil. Pənah Hüseyn deyir ki, nizamnamə fondu cəmi 15 manat olan bir firma da Dövlət Sərhəd Xidmətinin smeta dəyəri nə az, nə çox, 15 milyon manat hesablanan bir pansionatın tikilməsi üçün keçirilən tenderi udub.
Pansionatın tikintisi isə yumşaq desək, dəyərindən baha başa gəlib. O ki qaldı Sabirabada, Pənah Hüseyn deyir ki, 5 manatlıq şirkət bir şəhərin kanalizasiya problemini həll edə bilməyib. Çirkab probleminin içində üzən sabirabadlıların ümidi qalıb Dünya Bankına.

Arayış
«Büdcə hesabına xidmətlərin və malların alınması üçün Azərbaycanda ötən ilin təkcə 9 ayı ərzində 5680 tender müsabiqəsi keçirilib. Satınalmalar üzrə Dövlət Agentliyinin son hesabatında qeyd edilir ki, bu müsabiqələrdə bağlanan satınalma müqavilələrinin dəyəri isə 1 milyard 676 milyon manatdan çoxdur.

Agentliyin şöbə müdiri Zahid Vəliyevdən aldığımız məlumata görə isə, ötən ilin son kvartalında daha 2 min 200 müsabiqə keçirilib. Orada nə qədər vəsaitin taleyinin həll olunduğu bəlli deyil».

Millət vəkili Pənah Hüseyn deyir ki, tenderə çıxarılan xidmət və işlər üçün ayrılan vəsaitin yalnız 30-40 faizi təyinatı üzrə xərclənir: «Qalanı isə gedir ən yuxarı təpəyə. Əvvəllər deyirdilər ki, 20 faiz olur.

Pənah Hüseyn: «Romanlarda oxuyurduq e, mafiyalar olur, onların da küçələrdə narkotik alveri ilə məşğul olan əlaltıları. Bunlar da o səviyyədədir…»

Sonra 40 faizə qalxdı. Qalan 20 faiz də nazirliklərə çatır. Əvvəllər romanlarda oxuyurduq e, mafiyalar olur, onların da küçələrdə narkotik alveri ilə məşğul olan əlaltıları. Bunlar da o səviyyədədir…»

«Pişiyin əli ətə çatmayanda…»

Böyük pullardan söz düşmüşkən, bir qədər də, necə deyərlər, böyük layihələrə nəzər yetirək. Prezident İlham Əliyev 2006-cı ildə «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının təsdiq edilməsi haqqında» sərəncam imzalayıb. Həmin sərəncamdan sonra layihə dəyəri ümumilikdə 150 milyon dollara yaxın olan 9 yol qovşağının və 7 yeraltı keçidin inşasına başlanılıb. Bu yol qovşağı və keçidlərlə bağlı tenderlərin nə zaman və necə keçirildiyi ictimaiyyətə bəlli deyil. Əslində bu sahədə monitorinqlər aparan qeyri-hökumət təşkilatları elə bilirlər ki, yol qovşaqları və yeraltı keçidlərlə bağlı tenderlər keçirilməyib. Ancaq «Azəryol Servis» Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Hacıyev deyir ki, bu təsəvvürlər yanlışdır:

«Belə şey ola bilməz. Bir deyil, iki deyil 5-3 manatdan ötrü oğurluq edəsən. Dövlətin qanunu var. Tendersiz şey olar? Tenderlər keçirilib, qəzetlərdə də elan verilib. İnanmayın, qardaş. Kim desə də, ağzından vurun. Pişiyin əli ətə çatmayanda deyər murdardır. Bizdə də belə adamlar var…»

Bununla belə, tenderlərdə hansı şirkətlərin, hansı təkliflərlə iştirak etdiyi və qərarların hansı meyarlar əsasında verildiyi barədə ətraflı məlumatı Vaqif Hacıyevdən almaq mümkün olmadı.

Ancaq müəmmalar sirr pərdəsilə əhatə olunmuş tenderlərlə bitmir. Smeta dəyəri məlum olan layihələrin qiyməti tenderdən sonra – icra zamanı müəmmalı şəkildə qalxır. Özü də bir neçə dəfə.

Mistik bahalaşmanın ən bariz nümunələrindən biri «Əzizbəyov» dairəsində inşa edilən yol qovşağıdır. Milli Büdcə Qrupunun məlumatına görə, layihənin smeta dəyəri 30 milyon manatdır. Ancaq təkcə 2008-ci ildə bu layihə üzrə tikinti işlərinin davam etdirilməsinə əlavə 80 milyon manata yaxın vəsait ayrılıb. Mili Büdcə Qrupunun məlumatına görə 3-cu mikrorayon dairəsində tikilən yol qovşağının da smeta dəyəri 14 milyon olduğu halda, ora 32 milyon manat pul xərclənib. Bununla belə layihədə nəzərdə tutulan işlərin bir hissəsi - yerüstü piyada keçidləri və avtodayanacaqlar inşa edilməyib. Mili Büdcə Qrupunun eksperti Alı Rzayev deyir ki, bu həmin tikinti layihələrində korrupsiyanın olduğu haqda gümanlara düşməyə əsaslar yaradır:

Satınalmalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Zahid Vəliyev deyir ki, hələ ötən ilin son kvartalında daha 2 min 200 müsabiqə keçirilib

«Bu yalnız şübhə yeri qoyur ki, burda ancaq yeyintilərə yol verilib, layihənin smeta dəyəri süni şəkildə şişirdilib. Bilirsiniz bu şəffaf olmayan və qeyri hesabatlı hökumətlərə xas xüsusiyyətdir».

«Ekskavator işləyən kimi yerin altından şeylər çıxır…»

Milli Büdcə Qrupunun məlumatına görə, Nəqliyyat Nazirliyinin və metronun «20 yanvar» stansiyasının qarşısında inşa edilən yol qovşaqları da smeta dəyərindən baha başa gəlib. Onların hazırladığı hesabat cədvəldə qeyd edilir ki, Nəqliyyat Nazirliyinin qarşısındakı yol qovşağının smeta dəyəri 15 milyon manat olduğu halda ora 18 milyon manatdan çox vəsait xərclənib.

«Azəryol Servis» Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Hacıyev isə yol qovşaqları və yeraltı keçidlərdə korrupsiya hallarına yol verilməsi ilə bağlı iddiaları təkzib edir. Vaqif Hacıyev deyir ki, Nəqliyyat Nazirliyinin qarşısındakı yol qovşağının müqavilə dəyəri 15 yox, 19 milyon manat olub və üstəlik həmin vəsaitdən 780 min manat pul artıq qalıb:

«Mən sizə deyim ki, o vəsait niyə qaldı. Oradan kanalizasiya və su ilə bağlı kommunikasiya xətləri keçirdi. Həmin vaxt qısa zaman ərzində onları dayandırmaq mümkün deyildi. Əgər kanalizasiyanı dayandırsaydıq, gərək böyük bir ərazidə hərə özünə bir «karşok» alaydı…»
Ancaq Vaqif Hacıyev başqa yol qovşaqları ilə bağlı rəqəmləri bizə təqdim etmədi. O dedi ki, səhhəti ona imkan versəydi, görüşüb bütün sənədlərlə bizi tanış edərdi, ancaq xəstəxanaya getməlidir, rəqəmləri isə xatırlamır. Bununla belə «Azəryol Servis» Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Hacıyev bəzi yol qovşaqlarında xərclərin artdığını etiraf edir:

«Mühəndislər karandaş hesabı hesablayırlar. Sonra baxır yerin üstünə heç nə keçmir. Ancaq ekskavator işləyən kimi yerin altından şeylər çıxır. Sən təsəvvür edirsən, təkcə aeroport yolunda kommunikasiya xətlərinin köçürülməsinə 19 milyon manat pul xərclənib».

«Bunun adı biabırçılıqdır…»

Bəs görəsən deyildiyi kimi, əlavə xərclər çıxırsa, bu kiminlə və necə razılaşdırılır? Bir halda ki, əksər tikinti layihələrində tender müqavilələrindən artıq vəsait xərclənirsə, buna hansı qurum sanksiya verir?

Bakıda dəyəri ümumilikdə 150 milyon dollara yaxın olan 9 yol qovşağının və 7 yeraltı keçidin inşasına başlanılıb

«Əvvəla layihə ekspertizadan keçir. İkincisi layihənin dəyəri Fövqəladə Hallar Nazirliyində ekspertiza olunur. Üçüncüsü də yenə Fövqəladə Hallar Nazirliyində qiymət qoyma mərkəzi var, onlar qiymətin qoyur»-, Vaqif Hacıyev belə deyir.

Amma Fövqəladə Hallar Nazirliyi ilə bağlı bu məlumatı tək Vaqif Hacıyevdən yox, başqa bir rəsmi qurumdan da eşitdik.

Tikinti xərcləri ilə bağlı qiymətləndirmənin Fövqəladə Hallar Nazirliyindəki bir quruma tapşırılmasını bu sahədə monitorinqlər aparan qeyri hökumət təşkilatları təmsilçiləri eşitməyiblər. Üstəlik İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, belə bir məlumat eşitmək onlar üçün gözlənilməz olub:

«Əgər dövlət vəsaiti ilə həyata keçirilən investisiya layihələrində qiymətlərin dəyərləndirilməsini Fövqəladə Hallar Nazirliyində hansısa bir qurum aparırsa, mən belə deyərdim-bunun adı biabırçılıqdır. Əslində dövlət vəsaiti ilə aparılan investisiya layihələrində xərclərin dəyişdirilməsi ilə bağlı qərarı Nazirlər Kabineti verməlidir. Özü də kollegial şəkildə, bütün maraqlı tərəfin mövqeyi nəzərə alınmaqla».
Məsələyə tam aydınlıq gətirmək üçün Fövqəladə Hallar Nazirliyinə də müraciət etsək də, təəssüf ki, oradan sorğumuza cavab verilmədi.

Vaqif Hacıyev isə deyir ki, bahalaşmaya həm də tikinti materiallarının qiymətləri səbəb olur:

«Xərclər bir də bilirsiniz necə artır? Bir tikinti genişlənəndə, bir də materialların qiyməti qalxanda. Biz layihəyə başlayanda armaturun tonu 600 manat idi. Ancaq sonra 1100 manata qalxdı. İndi-indi qiymətlər düşüb».

Söhbətləşdiyimiz hökumət ekspertləri smeta dəyəri ilə yekun xərclər arasındakı fərqi izah etmək üçün maraqlı bir termin də tapıblar – «xərclərin inflyasiyası». Ancaq müstəqil tədqiqatçılar belə terminlə razılaşmırlar. Deyirlər ki, korrupsiyanın adı elə korrupsiyadır.

Rövşən Ağayev: «Əgər investisiya layihələrini Fövqəladə Hallar Nazirliyi dəyərləndirirsə -bunun adı biabırçılıqdır»

Tikinti layihələri ilə bağlı monitorinqlər aparan ekspertlər ehtimal edirlər ki, görünür hökumətdə «qara obşak» deyilən bir sistem yaradılıb. Elə millət vəkili Pənah Hüseynin dilindən də oxşar ifadələri eşitmək mümkündür:

«Hamı deyir ki, «Qara obşak» var, hamı da gətirib pulu ora verir. Bunu da təkzib edən yoxdur. Bu klassik neftlə zəngin Şərq ölkələri üçün xarakterik haldır. Bizdə sadəcə bu mükəmməl sistem halını alıb».

İstanbul Böyük Şəhər Bələdiyyəsində Hüquq İdarəsinin keçmiş rəisi Musa Hacıöməroğlu deyir ki, onlarda ihalələr - yəni tenderin keçirilməsi Azərbaycandan fərqlənir:

«İş əvvəlcədən təsbit edilən qiymətə başa gəlmirsə, onda bu iş dayandırılır. Əlavə tender keçirilir. Bizdə qaydalar belədir».
Hacıöməroğlunun sözlərinə görə, Türkiyədə tenderdə udulmuş layihənin xərcinin artırılmasından söhbət belə gedə bilməz. İş artırsa, ən çoxu 30 faiz ola bilər. Azərbaycan qanunları bu baxımdan daha sərt tələblər qoyur. İş artımı 15 faizi keçə bilməz. Ancaq bu, yalnız qanunda belədir. Reallıqda isə nə iş artımına, nə də vəsaitlərin qat-qat şişirdilməsinə məhdudiyyət qoyulmur.

ardı var

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG