Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:32

NATO-nun xüsusi nümayəndəsi Bakıdadır


Aprelin 18-də Minsk Qrupunun amerikalı həmsədri Stiven Mannın da Azərbaycana gəlişi gözlənir


Azərbaycan rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən sülh və əmin-amanlığın təminatçısı kimi NATO-nun rolunun artırılmasının vacibliyini vurğulayırlar. NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsla Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun görüşündə bu məsələ müzakirə mövzusu olub.

Aprelin 10-da cənab Simmons Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb, bir gün sonra isə Azərbaycan-NATO əməkdaşlığı üzrə işçi qrupun yığıncağında iştirak edəcək.


Robert Simmonsun səfər zamanı Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Planı çərçivəsində fəaliyyətini qiymətləndirəcəyi gözlənir.


Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına 1994-cü ilin mayından qoşulub. Hazırda Azərbaycanın NATO ilə əməkdaşlığı Fərdi Tərəfdaşlıq Planı çərçivəsində həyata keçirilir.


ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye də artıq Bakıdadır. Onun prezident İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılıb. Həmin görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə mövzusu olacaq.


Aprelin 18-də isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mannın Bakıya gələcəyi gözlənir. Xarici İşlər naziri Elmar Məmmədyarov aprelin 8-də Vaşinqtonda keçirdiyi görüşlərdən sonra demişdi ki, Birləşmiş Ştatlar ona Dağlıq Qarabağ münaqişəsilə bağlı çox maraqlı təkliflər edib. Azərbaycan bu təkliflərə münasibətini aprelin 18-də Stiven Mannın Bakıya səfərində açıqlayacaq.


XS
SM
MD
LG