Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:41

«Mənimçün təəccüblüdür ki, YAP niyə qaçaqaçdadır?»


Etibar Məmmədov: «Ay dünya dağılır, nə bilim-nə kimi mövqeyi mən düzgün hesab eləmirəm»

Etibar Məmmədov: «Ay dünya dağılır, nə bilim-nə kimi mövqeyi mən düzgün hesab eləmirəm»

«Bu, mənimçün bir az təəccüblüdür ki, hakim partiya niyə belə qaçaqaçdadır, hara tələsir? Niyə belə hövlnak vəziyyətdə, iki həftənin içərisində bu qərarı qəbul edib tez referendum keçirirlər», - «Yeni Müsavat»a müsahibəsində AMİP lideri Etibar Məmmədov belə deyib.

«İkincisi, Konstitusiyada nə yazılmasının bir çox hallarda elə bir əhəmiyyəti olmur. Əgər siyasi aktivlik aşağı vəziyyətdədirsə, istəyirsiniz ən gözəl sözlər yazılsın, həyatda yoxdursa, onun heç bir əhəmiyyəti olmayacaq. Siyasi aktivlik yüksəkdirsə, bu siyasi fəallığın qarşısında konstitusiyada nə yazılmasının da heç kəsə köməyi dəyə bilməz. Ona görə də ay dünya dağılır, nə bilim-nə kimi mövqeyi mən düzgün hesab eləmirəm. Onu düzgün hesab edirəm ki, buna etirazını bildirənlər də, tənqidi fikirdə olanlar da ola bilər. Onlara tam şərait yaradılmalıdır ki, öz fikirlərini desinlər, referendum zorakılıqla həyata keçirilməsin. Ancaq istəyirlər ki, ortalıqda ancaq bir fikir olsun, yalnız tək bir siyasi qüvvənin mövqeyi əhaliyə çatdırılsın. Əhaliyə əks fikirlər də çatdırılmalı, bunun əleyhinə olanlara da öz baxışlarını çatdırmaq üçün imkan verilməlidir...».



«Azadlıq» qəzeti yazır ki, Heydər Əliyev sarayının arxa hissəsində yerləşən evlərin sakinləri təşviş içindədir. Çünki ərazini gələn ayın əvvəlinədək boşaltmaq haqda onlara ultimatum verilib. Dünəndən başlayaraq isə yaşayış binaları dəmir dirəklərlə əhatələnib. Sabah həmin dirəklərə dəmir lövhələr vurulacaq; beləliklə, böyük bir yaşayış kompleksi dəmir qəfəsin arasında qalacaq...

Sakinlərdən biri bu mənzərəni qısaca belə təsvir edir: «Biz yəhudi deyilik, amma deyəsən, bizi gettoya salırlar...».

Rəsmi təsdiqini tapmayan məlumatlara görə, Heydər Əliyev sarayının arxasında Füzuli meydanına qədər olan ərazidə park salınacaq. Parkdan aşağıda yeraltı avtomobil dayanacağı olacaq. Amma bunlar hamısı havada gəzən versiyadır. Füzuli küçəsindəki sahibkarlar, sakinlər hamısı təşviş içindədirlər. Onlar hara köçürüləcəkləri, mülklərinə görə nə qədər kompensasiya alacaqlarını bilmirlər.

«Söhbətləşdiyimiz sahibkarların deməsinə görə, iki gün öncə onlarla Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri çoxsaylı polisin müşayiəti ilə görüşüb. Sahibkarlara göstəriş qısa və konkret olub: Şələ-şilənizi yığışdırıb buranı tərk edin. Füzuli küçəsi və onunla kəsişən Səməd Vurğun küçəsində təxminən 40-dək ticarət obyekti fəaliyyət göstərir. Onların arasında saatsaz, yeməkxana, aptek və başqa iaşə məntəqələri var. Geyim malları satan bir mağazanın qarşısında gələn bəlaya açıq işarə edən bir elan da vurulmuşdu: «Mağazanın sökülməsi ilə əlaqədar olaraq bütün mallar öz qiymətinə satılır»...



«Yeni Azərbaycan»: Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəblinin fikrincə, dünya maliyyə böhranı Azərbaycandan da yan keçməyəcək:

«Böhranın təsiri bizdə də özünü göstərir. Məsələn, bazarlarımızda taxta və dəmirin qiyməti ucuzlaşıb. Deməli, böhran təsir edir. Lakin bu yaxşı təsirdir. Əgər biz dünya pul-kredit bazarında iştirak etsəydik, bizim banklarımızın böyük əksəriyyətində faciəli vəziyyət yaranardı. Buna baxmayaraq, bizim xariclə, Avropa ilə təmasda olan banklarımızda problem yaranıb. Ancaq Milli Bank özünü qoruyaraq bu məsələləri tənzimləyir».

«Azərbaycanda heç bir fəlakətli proses yoxdur», - deyən parlamentin komissiya sədri 2009-cu ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollar müəyyənləşdirilməsinə də aydınlıq gətirib. H.Rəcəbli xatırladıb ki, hələ ötən il büdcədə neftin qiyməti 70 dollar götürülsə də, il ərzində bu məhsulun bir bareli 150 dollara qədər qalxdı. Lakin ilin sonunda bu proses müəyyən balans yaratdı. Ümumilikdə isə, neftin qiymətinin aşağı düşməsi bütövlükdə Azərbaycanın icmal büdcəsinə müəyyən qədər təsir edir. Lakin bunun dövlət büdcəsinə təsiri yoxdur:

«İnsanlar istəyir ki, büdcə pozulmasın, onda problem yaranmasın. İndi bizim orada nə yazmağımızın onlara nə dəxli var? Biz büdcədə çatmayan pulu Neft Fondundan götürərək oraya transfer edəcəyik. Bu gün Neft Fondunda pulumuz var. Bizi narahat edən başqa məsələdir. Neftin ucuzlaşması müqabilində bu Fondun gəlirləri azalır. Ancaq neft ucuzlaşdığı halda yenə də gəlirlərimiz olacaq. Bu transferlərin Neft Fondunu boşaltmaması üçün biz adekvat tədbirlər görürük və görəcəyik. Hər il 26-30 faiz artım idisə, bir o qədər də xərc müşahidə edilirdi. İndi isə biz təmkinli büdcə hazırlamışıq. Təmkinli büdcədə bu göstərici isə 11 faizdir. Ona görə də, yavaş-yavaş neftdən asılılıq əmsalı aşağı düşür. Biz bu il Neft Fondundan 5 milyard vəsait götürmüşüksə, gərək gələn il bu rəqəm 3 milyarda ensin...».

Günün bütün mövzuları

XS
SM
MD
LG