Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:39

Bir fatihə, iki ay həbs…


Abbasi Cavan və onun bacısı oğlu Ərdəbildəki Razi Universitetinin memarlıq fakültəsinin tələbəsi Hüseyn Hüseyni, ötən il noyabrın 13-də Rey şəhərində tutulublar

Abbasi Cavan və onun bacısı oğlu Ərdəbildəki Razi Universitetinin memarlıq fakültəsinin tələbəsi Hüseyn Hüseyni, ötən il noyabrın 13-də Rey şəhərində tutulublar

Adama məgər bir fatihə vermək üstündə iki ay həbs verərlər?

Baxır fatihəni harda verirsən...İranda Tehran Şəhid Rəcai Universitetində memarlıq dərsi deyən Abdullah Abbasi Cavanı da, qardaşının sözlərinə görə, Səttarxanın qəbrini ziyarət edib orada fatihə verdiyi üçün həbs ediblər.

Abbasi Cavan və onun bacısı oğlu Ərdəbildəki Razi Universitetinin memarlıq fakültəsinin tələbəsi Hüseyn Hüseyni, ötən il noyabrın 13-də Rey şəhərində tutulublar. Onlar 1906-1914-cü illər konstitusiya hərəkatının lideri Səttarxanı anma mərasiminə qatılarkən tutulub. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Tehranın Evin həbsxanasının İran təhlükəsizliyinə aid olan 209 nömrəli bölümdə saxlanılırdılar.

İki gün əvvəl Hüseyn Hüseyni azadlığa buraxılıb, onun dayısının taleyi isə hələ qaranlıqdır.

Abbasi Cavana rəsmən hansı ittihamın irəli sürüldüyü hələ bəlli deyil. Məhbusa qohumları və vəkili ilə görüşə də imkan verilmir:

«Təqribən 70 gündür mənim qardaşımı tutublar. İki dəfə getmişəm Tehranda İnqilab Məhkəməsinə, demişəm, ağa, mənim qardaşımı niyə tutmusuz? Nə iş görüb, gedib Səttarxanın qəbrinin üstünə fatihə verib. Heç görüş də verməyiblər. Özü də təkadamlıq kamerada saxlayıblar».

Qohumlarının təkadamlıq kamerada saxlandığını deyən Yədulla Abbasi Cavan qardaşına işgəncə verildiyindən narahatdır. Dediyinə görə, Hüseyn Hüseyniyə də işgəncə verilib:

Hüseyn Hüseyni
«Ona çoxlu işgəncə veriblər. Evin zindanı işgəncəsiz olmaz ki…Vurublar, əziyyət veriblər. Onu da təkadamlıq kamerada saxlayıblar, iki ay qalıb orda. Keçən dəfə Abdullah bəyi tutmuşdular. O qədər işgəncə vermişdilər ki, dörd ayda!..Əl-üzünü yumağa belə icazə yox idi».

Abbasi Cavan 2007-ci ildə də Tehranda yaşadığı mənzilində həbs olunaraq, 130 gün Evin zindanının 209-cu korpusunda saxlanmışdı. Həmin həbs dövründə beynəlxalq təşkilatlar onun fiziki və mənəvi işgəncələrə məruz qaldığını bildirmişdilər.

Daha sonra o, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 5 il ərzində gerçəkləşmək şərtilə bir illik həbs cəzasına məhkum olundu.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının məlumatına görə, Hüseyn Hüseyni də əvvəllər təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, fiziki və mənəvi işgəncələrlə müşayiət olunan istintaqa məruz qalmışdır.

Bu il iyun ayının axırlarında o, həbs olunaraq, bir ay müddətində Nəqədə (Sulduz) və Ərdəbil şəhərləri Təhlükəsizlik İdarələrinin təcridxanalarında saxlanmış, sonra isə təqribən 10 min dollarlıq girov müqabilində azadlığa buraxılmışdı. Buna qədər Abbasi Cavanı pantürkizmdə, İran təhlükəsizliyinin əleyhinə işləməkdə, qanunsuz qruplarda iştirakda günahlandırıblar.

Abbasi Cavan
Yədullah Abbasi Cavan qardaşının Səttarxan mərasiminə nə üçün qatıldığı barədə sualı təəccüblə qarşılayır:

- Səttarxanın tərəfdarıdırlar da...Azərbaycançıdırlar.

- Məgər Səttarxanın tərəfdarı, azərbaycançı olmaq günahdır?

- Bəli, bunların nəzərində günah olmasa, niyə iki ay qardaşımı zindanda saxlayırlar. Keçən dəfə də deyirdilər ki, sən azərbaycançısan, türkü istəyirsən. Bunlar o cür deyirlər.

Cənab Abbasi Cavan həbs olunan qohumlarının milli-mədəni hüquqları uğrunda mübarizə apardığını deyir:

«Əvvəl-axır gərək bu məmləkətdə haqq-ədalət ola da…Heç nəyimiz yoxdur. İndi mənə türkcə bir yazı versəniz oxuya bilmərəm. Dərslərin içində gərək türk dili də ola. Türkcə tədris ola. 30-40 milyon türk var İranda. Yoxsa mənim qardaşımın ayrı müxalifliyi yoxdur ki, hökumətlə».

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası bildirir ki, Abdullah Abbasi Cavan da, Hüseyn Hüseyni də vicdan məhbuslarıdır.

İran Konstitusiyası bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Amma İran əhalisinin üçdə birindən çoxunu təşkil edən azərbaycanlıların öz dilində təhsil tələbləri təmin olunmur. İran hökuməti belə tələblərlə çıxış edən fəalları separatçılıqda və pantürkizmdə günahlandırır.

Şərhləri göstər

XS
SM
MD
LG