Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

NATO rəsmisi Azərbaycana gəlir


Araz Əzimov: «Bu səfər Azərbaycan-NATO tərəfdaşlığı üçün yeni imkanlar açır»

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 10-da NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya regionu üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycana gələcək. Səfər zamanı Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Planı çərçivəsində fəaliyyəti qiymətləndiriləcək, əməkdaşlığın növbəti dövrü üçün yeni tədbirlərin həyata keçirilməsi müzakirə olunacaq.

Xarici işlər nazirinin müavini Araz Əzimov bildirir ki, bu səfər Azərbaycanın NATO ilə əməkdaşlığı sahəsində yeni imkandır: «Azərbaycan NATO ilə müvafiq sahələrdə əməkdaşlıq edir. Bu əməkdaşlıq təhlükəsizliyin bütün spektrində özünü göstərir. Müxtəlif böhran məntəqələrində NATO qüvvələrinin tərkibində xidmət göstərən Azərbaycan hərbçilərinin xidməti yüksək qiymətləndirilir. Azərbaycan silahlı qüvvələrinin NATO standartlarına uyğun inkişaf etdirilməsi əsas məsələlərdəndir. Azərbaycanın NATO ilə tərəfdaşlığının növbəti mərhələyə çatdırılması üçün perspektiv açılır və bu perspektivdən istifadə ediləcək».


Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər isə NATO ilə Azərbaycan arasındakı münasibətlərin arzuolunan səviyyədə olmadığını bildirir: «Biz düşünürük ki, indiki halda Azərbaycan Ukrayna və Gürcüstan kimi rəsmi üzvlük üçün NATO-ya müraciət etməlidir. Belə olan halda Üzvlük Planının üzvü ola bilər. Bu plan çərçivəsində NATO ilə sıx əməkdaşlıq Azərbaycanda iqtisadi, siyasi və hərbi islahatların aparılmasına təkan verər. İndiki halda isə Azərbaycan üzvlük üçün rəsmi müraciət etməsə də, NATO ilə xüsusi anlaşma imzalamalıdır və bu anlaşma çərçivəsində Azərbaycanın NATO üzvlüyünə hazırlanması prosesi davam etməlidir».


Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına 1994-cü ilin mayından qoşulub. Hazırda Azərbaycanın NATO ilə əməkdaşlığı Fərdi Tərəfdaşlıq Planı çərçivəsində həyata keçirilir.


XS
SM
MD
LG