Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

Döyülən müxbir rentgen lentini istintaqa verməkdən ehtiyatlanır


«Yeni Müsavat» qəzetinin müxbiri Əfqan Muxtarlı
«Yeni Müsavat» qəzetinin müxbiri Əfqan Muxtarlı
Bir neçə gün əvvəl piketdə polis zorakılığına məruz qalan «Yeni Müsavat» qəzetinin müxbiri Əfqan Muxtarlı ilə bağlı bəzi problemlər yaranıb. Belə ki, işi aparan müstəntiq müxbirdə olan ilkin rentgen plyonkalarının istəyir. Jurnalist isə həmin lentlərin məhv edilməsindən ehtiyatlanaraq onu istintaqa verməkdən imtina edir.

Əfqan Muxtarlının «Azadlıq» radiosuna dediyinə görə, onun əlində və ayağındakı çatları göstərən rentgen lentləri istintaqda da var. Jurnalistin sözlərinə görə, o bir dəfə müstəqil şəkildə rentgendən keçsə də, sonradan istintaqın tələbi ilə yenidən iki dəfə müayinə olunub. Amma, daha müasir aparatla aparılan müayinənin cavabı indiyə qədər müxbirə göstərilmir.

Əfqan Muxtarlı deyir işi Daxili İşlər Nazirliyi Daxili təhqiqatlar idarəsinin müstəntiqi Şövqi Orucov aparır. Əfqan Muxtarlı deyir ki, yanvarın 21-də müstəntiq ona bir daha müraciət edib rentgen lentlərini istəyib, amma o həmin lentləri verməkdən imtina edib. Belə olan halda müstəntiq bunun məhkəmə tibbi ekspertizasının rəyində qeyd olunacağını bildirib. Əfqan Muxtarlının sözlərinə görə, əgər həmin rəydə onun əlinin qırıldığı, ayağında çat olduğu göstərilməsə o öz təşəbbüsü ilə əldə etdiyi rentgen çəkilişlərini əsas götürərək məhkəməyə müraciət edəcək.

Müstəntiq Şövqi Orucov isə deyir ki, jurnalist əvvəlcə əlində olan rentgen lentlərini istintaqa verməyə razı olsa da, sonradan niyə imtina edib və nədən ehtiyatlanır bu ona aydın deyil. Bu məsələ ilə bağlı araşdırmanın obyektiv aparıldığını deyən müstəntiqə görə, həmin sənədlərin istintaqa verməsi jurnalistin öz işidir. Şövqi Orucovun sözlərinə görə, tibbi ekspertizanın yekun nəticəsi hələ hazır deyil.

Əfqan Muxtarlı deyir ki, yanvarın 7-də Tbilisi prospektində dindarların İsrail əleyhinə keçirdikləri aksiya zamanı polislər ona fiziki təzyiq göstəriblər. Şiddətli ağrılardan sonra o xəstəxanaya müraciət edib. Məlum olub ki, polislərin jurnalistə endirdiyi zərbələrdən onun əlində sınıq, ayağında isə çatlar yaranıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG