Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:27

Xaricdəki valyutaların yerli banklara yerləşdirilməsi prosesi başlayıb


Milli Bankın rəhbəri Elman Rüstəmov deyir ki, hazırda başlıca məqsəd iqtisadiyyatın pula olan tələbatını ödəməkdir

Milli Bankın rəhbəri Elman Rüstəmov deyir ki, hazırda başlıca məqsəd iqtisadiyyatın pula olan tələbatını ödəməkdir

«Azərbaycanın bəzi özəl bankları milliləşdirilə bilər»-, Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədov bu fikirdədir.

O, hesab edir ki, əgər sahibkar bankı işlədə bilmirsə, vəsaiti yoxdursa və bundan əhali əziyyət çəkirsə, dövlət mütləq bu işə qarışmalıdır - sahibkar istədi–istəmədi.

V.Əhmədov deyir ki, qlobal maliyyə böhranının Azərbaycana təsirini azaltmaq, bank sektorunu dirçəltmək üçün xarici ölkələrdəki valyuta ehtiyatlarının yerli banklarda yerləşdirilməsi qərarı müsbət haldır. Və bu xəbər indi açıqlansa da, artıq proses başlayıb:

«Milli Bank baxacaq ki, hansı banklar sərfəlidir, əhaliyə daha çox xidmət edir. Birbaşa bütün banklara vəsait verilməyəcək ki…Ola bilsin hətta Beynəlxalq Banka da ehtiyacı olsa, vəsait yerləşdirilə bilər».

Bəs bankların alınması üçün gərəkli olan maliyyəni hökumət haradan əldə edəcək?

Son zamanlar ölkənin xaricdəki vəsaitinin Azərbaycana gətiriləcəyi ilə bağlı verilən vədlər bankların xilas edilməsində həmin pullardan istifadə olunacağı barədə ehtimallar yaradır.

Azərbaycanın xaricdəki ehtiyatları Dövlət Neft Fondunun vəsaitidir. 18 milyard dollarlıq ehtiyatın təxminən 50 faizi dollar, 45 faizə yaxını avro, yerdə qalan 5 faizi isə müxtəlif valyutalar şəklində Amerika, Avropa, Asiya, o cümlədən Yaponiya bazarlarında yerləşdirilib.

Azərbaycanın xaricdəki ehtiyatları əsasən qiymətli kağızlarda saxlanılır. Qlobal maliyyə böhranı başlayandan ölkədə 10-a yaxın bank müflisləşmə təhlükəsi qarşısında qalıb.

Azərbaycanın xaricdəki vəsaitlərinin bir qisminin yerli banklarda yerləşdirilməsinin müzakirə edildiyini ilk olaraq prezident İlham Əliyev səsləndirdi. Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident dedi ki, Azərbaycanın bank sektorunda digər ölkələrlə müqayisədə vəziyyət normaldır. Ancaq ölkə başçısı onu da bildirdi ki, əgər dövlət öz vəsaitlərini özəl banklarda yerləşdirərsə, bu halda çox ciddi nəzarət və dövlət qurumlarının həlledici sözü olmalıdır:

«Hesab edirəm ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımızdan biz müəyyən həcmdə ən əmniyyətli, ən etibarlı yerli banklara yerləşdirə bilərik. Ancaq o şərtlə ki, bu vəsait yalnız iqtisadiyyatın real sektoruna yönəldilsin və bu vəsaitin xərclənməsində dövlət nəzarəti həddindən artıq güclü olsun. Burada həm Milli Bank, həm də Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və lazım olarsa, digər dövlət qurumları xüsusilə ölkəyə gətiriləcək resursların idarə olunmasına nəinki nəzarət etməli, onlar qərarların qəbul olunmasında iştirak etməlidirlər. Ona görə ki, bir tərəfdən, bu vəsaitdən səmərəli istifadə olunsun, digər tərəfdən, bu vəsait iqtisadiyyatın bizə - dövlətə lazım olan sahələrinə yönəldilsin».

Ekspertlər isə hesab edirlər ki, bu qərarın arxasında daha çox gəlir götürmək istəyi dayanmır, məqsəd kommersiya banklarının canlandırılması, sonucda kiçik və orta sahibkarlara bu yolla yardım etməkdir.
İqtisadçılar eyni zamanda, xaricdəki maliyyə resurslarının orta hesabla 3 faiz gəlir gətirdiyi halda, bu vəsaitlərin Azərbaycanda təxminən 3 dəfə artıq mənfəətli olacağını da önə çəkirlər.
Bununla belə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilməsinin mənfi təsirləri də var:

«Neqativ tərəf həmin resursların yerli kommersiya banklarının reytinqinin aşağı düşdüyü vaxtda ölkəyə gətirilməsi, eyni zamanda resursların gətirilməsi üçün xaricdəki maliyyə qurumlarına vəsaitin vaxtından qabaq geri götürüldüyü üçün cərimələrin müəyyənləşdirilməsidir».

ABŞ-da qlobal iqtisadi böhrana görə, dövlət müflisləşmə qarşısında duran bir sıra bankların borclarını almaq istəyəndə, bir qrup insan buna etiraz etdi.
Bu qərarın əleyhdarları dövlətin bazar iqtisadiyyatı prinsiplərini pozmağa çalışdığını, azad sahibkarlığa hökumətin müdaxiləsi olduğunu deyirdi.
Azərbaycanlı iqtisadçılar isə hesab edirlər ki, yerli banklarda azad rəqabət olmadığından, banklar «yuxarılar»dan idarə edildiyinə görə, bu, heç nəyi dəyişməyəcək.

Bu arada Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə deyib ki, hazırda başlıca məqsəd iqtisadiyyatın pula olan tələbatını ödəməkdir. Bunun üçün konkret rəqəmlər müəyyən olunmasa da, söhbət bir neçə milyard manatdan gedir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG