Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:22

«Məni oğlumun məzarına buraxmırlar»


Polislər bir neçə ananı övladlarının məzarını ziyarət etməyə buraxmırdılar
Polislər bir neçə ananı övladlarının məzarını ziyarət etməyə buraxmırdılar
20 yanvar faciəsinin 19-cu ildönümündə «Şəhidlər Xiyabanı»nı ziyarət edib geri qayıdanların bir qismi evə həm də əlidolu gedirdilər.

Dərbənddən olan Məhəmməd Əhmədov düz 19 ildir ki, 20 yanvar günü Azərbaycana bir maşın ət gətirərək ziyarətdən geri dönənlərə ehsan paylayır.

Deyir uzaqda yaşasa da, o vaxt sovet qoşunlarının Bakıda törətdiyi qətliamları heç vaxt unuda bilmir. Əlindən gələnsə hər il həmin hadisələrdə həlak olanların ruhu qarşısında borcundan çıxmaq üçün ehsan paylamaqdır.

Bu, faciənin 19-cu ildönümündə Xiyabandan qayıdanda gördüyüm mənzərə idi. Amma günün birinci yarısında gördüyüm o idi ki, polislər bir neçə ananı övladlarının məzarını ziyarət etməyə buraxmırdılar:

Validə xanım səhər saat 9-un yarısından oğlunun məzarını ziyarət etməyə gəlsə də, onu düz saat 12-yə qalmış Şəhidlər Xiyabanına buraxdılar.

Polislər deyirdi ki, onlara belə göstəriş verilib ki, adamlar prezident və digər dövlət rəsmiləri, xarici səfirlər gedəndən sonra Xiyabana buraxılsınlar:

Çiçək Rüstəmova
- Vallah bizə deyiblər ki, buraxmayın, biz də buraxmırıq. Biz də sizin övladlarınız, neyləyək, bir az gözləyin saat 11-dən sonra buraxacağıq.

Polisin Xiyabana buraxmadığı adamların içərisində daha bir qadın var idi. O da oğlunun məzarını ziyarət etmək istəyirdi:

- Məni oğlumun yanına buraxmırlar, polis sinəmdən itələyir ki, o yana dur.

Mən onun hələ Əzizbəyov meydanındakı ilk polis səddindən keçmək üçün polislərə necə xahiş, minnət etdiyini görmüşdüm. Mən jurnalist olduğumu bildirib həmin səddi keçsəm də, həmin qadının yalvarışlarına baxmayaraq onu geri qaytardılar.

Parlamentin qarşısına qədər gedib çıxan jurnalistləri dayandıqları yerdən Mərkəzi Klinik Xəstəxanaya doğru sıxışdırıb çıxaranda həmin qadınla yenidən görüşdüm. Dediyindən məlum oldu ki, bizim yanımıza gəlib çıxmaq üçün xeyli çətinliklər çəkib.
Qarabağ şəhidlərinin məzarı qarşısına ağaclardan elə bil çəpər çəkilib
Bu qadın, oğlunun döyüş bölgəsində həlak olmasıyla qürur duyan Çiçək Rüstəmova idi. Çiçək xanımın üzləşdiyi bir haqsızlıq, 20 yanvar günü oğlunun məzarına yaxın buraxılmaması idisə, digər haqsızlıq onu və daha 70-ə yaxın ananı narahat edən başqa bir hadisəydi:

- 15 il bu Xiyabana başı dik gedib ağlamışam, amma bu il utanıram getməyə, gizlincə getmək istəyirəm. Ona görə ki, oğlum və digər Qarabağ şəhidlərinin məzarı qarşısına ağaclardan elə bil çəpər çəkilib, heç bir məzar əvvəlki kimi görünmür. Bizə cavab versinlər bunu niyə belə ediblər? Bağça uşaqları, məktəblilər müəllimlərə sual verir ki, niyə bu məzarların qarşısı çəpərlənib, müəllimlər cavab verə bilmir. Ağac əkilsin, amma elə yox. Oğlu ana saxlayır vətən üçün, amma vətən uğrunda ölən oğulun qarşısına çəpər çəkilirsə, onda ananın ürəyi necə olar?!

Şəhidlər Xiyabanı sonuncu dəfə təmirdən çıxandan sonra Xiyabanın yuxarı hissəsində yerləşən, əsasən Qarabağ müharibəsində həlak olanların məzarlarının yerləşdiyi ərazi sıx əkilən küknar ağaclarıyla görünməz olub.

Günün birinci yarısı Xiyabana gedənlər az olsa da, sonradan adamların sayı çoxalmağa başladı
Əvvəllərsə Xiyabanın həmin hissəsindəki məzarlar aydın görünürdü. Elə anaları da narahat edən budur. Onlar bununla bağlı Prezident Aparatından tutmuş, Bakı Şəhər İcra Hakimiyyətinə qədər xeyli yerə müraciət ediblər. Amma hələ ki, nəticə yoxdur.

Bu analardan başqa, polis kordonu arxasında prezidentə məktub vermək, ona məmurlardan şikayət etmək istəyən adamlar da var idi. Amma onlar öz şikayətlərini heç cür ünvanına çatdıra bilmədilər. Şikayətlərini jurnalistlərə deməklə kifayətləndilər.

Günün birinci yarısı Xiyabana gedənlər az olsa da, sonradan adamların sayı çoxalmağa başladı. 20 yanvar faciəsindən 19 il keçsə də, biz oranı tərk edəndə minlərlə adam hələ də Xiyabana doğru getməkdə idi.
XS
SM
MD
LG