Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:45

Q.Yedjeyçak: «Bir neçə ilə Azərbaycan üçün problem yaranacaq»


Dünya Bankının Bakı ofisinin direktoru Qreqori Yedjeyçak

Dünya Bankının Bakı ofisinin direktoru Qreqori Yedjeyçak

-Cənab Yedjeyçak, sizcə, qlobal maliyyə böhranı Azərbaycanda hansı formada hiss olunur?

-Azərbaycan şanslı ölkələrdəndir ki, qlobal maliyyə böhranı ona çox az təsir edib. Təbii ki, Macarıstan və ya Latviya kimi ölkələrlə müqayisədə. Bu ölkələrdə vəziyyət o həddə çatıb ki, Beynəlxalq Valyuta Fondu müdaxilə etmək məcburiyyətində qalmışdı. Azərbaycanda isə nə alıcılıq qabiliyyətinə, nə də müəssisələrin vəziyyətinə qlobal maliyyə böhranı əhəmiyyətli dərəcədə təsir edə bilməyib.

-Sizcə, bu nə ilə bağlıdır?

-Bunun üç səbəbi var. Birincisi, ona görə ki, Azərbaycanın iri maliyyə ehtiyatları var. İkincisi, Azərbaycanda banklar və müəssisələr o qədər də borclanma səviyyəsinə malik deyildilər. Bundan başqa Milli Bank Bank sistemi ilə bağlı çevik siyasət yeridir, bu da öz səmərəsini verir.

-Bəs proqnozlar nədir?

-Dünya iqtisadiyyatının gələcəyi ilə bağlı vəziyyət qaranlıqdır, biz qaranlığa doğru hərəkət edirik. Getdikcə proqnozlar da bədbinləşir. Beynəlxalq Valyuta Fondunun da proqnozları nikbin deyil. Azərbaycan üçün isə xüsusi önəm daşıyan məsələ neft qiymətlərinin sürətlə aşağı düşməsidir. Ölkədə kifayət qədər iri investisiya layihələri var, bunları maliyyələşdirmək üçün hələlik Neft Fondunun vəsaitlərini istifadə etmək olar, amma bir neçə ildən sonra artıq problemlər yarana bilər.

-Yerli ekspertlərdə belə bir fikir də var ki, Azərbaycan iqtisadiyyatı süni tənzimlənir, odur ki, qlobal maliyyə böhranı o qədər də təsir göstərmədi...

-Bilirsiniz, indiki halda Azərbaycan hökumətinin qlobal maliyyə böhranı ilə mübarizə aparmaq üçün daha çox şansı var. Belə ki, məsələn, Almaniyada yanacağın qiymətini uzun illər boyu aşağı salıblar və məhsulun maya dəyərini aşağı salmaq üçün nə mümkündürsə, ediblər. Azərbaycan isə hələ ki, bunu etmək və xərcləri azaltmaq mümkündür. Bu böhran bir daha göstərdi ki, Azərbaycan iqtisadiyyatını müxtəlifləşdirmək lazımdır. Hökumət kənd təsərrüfatının və beynəlxalq nəqliyyatın inkişafına daha çox diqqət ayrılmalıdır. Bizim müşahidələrimiz göstərir ki, bu istiqamətdə işlər daha yüksək templə aparılmalıdır.

- Beynəlxalq nəqliyyatın inkişafı deyəndə konkret nəyi nəzərdə tutursunuz?

- Azərbaycan şimaldan-cənuba, şərqdən-qərbə daşımalarda daha fəal mövqe tutmalıdır. Azərbaycanın yolları hələ də Sovet standartlarında uyğundur. Biz bu sahədə işləyirik. Diqqətimiz əsasən strateji yollara və dəmir yollarının təkmilləşməsinə yönəlib.

-Bəs, bu istiqamətdə hökumətə tövsiyəniz nədir?

-Bu işlərin həyata keçirilməsi üçün birinci növbədə vəsait lazımdır. Yollar bütün marşrut boyunca yaxşılaşdırılmalıdır. Əgər sən Rusiyadan İrana gedirsənsə, Bakı ətrafında yolların keyfiyyəti problem yaradır. Başqa bir vacib məsələ hərəkətin idarə olunmasıdır, bu da Azərbaycanda, xüsusilə də Bakıda praktiki olaraq mövcud deyil. Biz Azərbaycan hökuməti ilə bu istiqamətdə də işləyirik ki, maneəsiz hərəkətin təşkil edilməsinə nail olaq.

-Bununla bağlı konkret layihəniz varmı?

-Bəli, bu bizim gələcək mümkün layihələrimizdən biridir.

-Bu, kommersiya layihəsi olacaqmı?

-Bizim maliyyələşməni tam kommersiya əsaslı etmirik. Amma hökumətə kommersiya şərtlərindən sərfəli şərtlər təklif edə bilərik. Artıq layihəni hökumətlə razılaşdırmışıq. Bu, Bakı baş planı layihəsinin tərkib hissəsidir. Hazırda biz həm də Azərbaycan hökuməti ilə dəmiryollarının yenidən qurulması istiqamətində də işlər görürük. Layihə həm idarəetmə sisteminin təkmilləşdirilməsi, həm də infrastrukturun yaxşılaşdırılmasını nəzərdə tutulur.

-Nə qədər kredit verəcəksiz dəmiryolu layihəsinə?

-Dünya Bankından 450 milyon dollar nəzərdə tutulur. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşəcək və güzəştli kredit deyil.

«Hökumət korrupsiya ilə müəyyən mübarizə aparır»

-Cənab Yedjeyçak, Dünya Bankının özünün hesabatına görə, Avropada 1 a kateqoriyalı, yəni, ən yüksək kateqoriyalı yolun hər kilometrini 10-15 milyon dollara çəkirlər. Bakı aeroport yolunun 1 km-i isə büdcəyə 23 milyon dollara başa gəlib. Üstəlik, həmin yol 1 b kateqoriyalıdır. Sizcə, bu ziddiyyət nə ilə bağlıdır?

-Mən yol tikintisi üzrə ekspert deyiləm. Amma bir şeyi deyə bilərəm ki, yol tikinti layihələrini müqayisə etmək asan deyil. Geoloji şəraitdən asılı olaraq müxtəlif situasiyalarda qiymətlər müxtəlif alınır.

-İndi hökumət 2000-dən çox investisiya layihəsi həyata keçirir. Necə bilirsiniz, bu layihələrin icrası vaxtı büdcə pullarına nə dərəcədə qənaət olunur?

-Bunlar heç də havadan götürülmüş layihələr deyil, doğrudan da onlara ehtiyac var. Əlbəttə, layihələri daha səmərəli icra etmək həmişə mümkündür. Biz hökumətlə yaxından işləyirik ki, qənaət məsələsinə daha da ciddi yanaşsınlar. Dünya Bankının həm də bir missiyası var. Biz həm də bir nümunə göstəririk; layihələr necə hazırlanmalıdır, necə həyata keçirilməlidir və s.

-Azərbaycanın korrupsiya reytinqi üç ildir ki, aşağı düşür. Layihələri həyata keçirəndə bu amili hansı formada nəzərə alırsınız?

-Dünya Bankının korrupsiyaya dözümlülüyü sıfıra bərabərdir. Bizim müstəqil komissiyamız var ki, məsələni daim diqqətdə saxlayır, hansısa şikayətlər olarsa mütləq araşdırır.

-Cənab Yedjeyçak, korrupsiyanın azaldılması istiqamətində hökumətin səylərini necə qiymətləndirirsiniz?

-Bu, çox uzun və mürəkkəb bir prosesdir. Korrupsiya ilə mübarizə təkcə qanunlardan ibarət deyil, bu, gündəlik bir işdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan hökuməti müəyyən irəliləyiş əldə edibdir. Əlbəttə ki, bu sualı kimə verməyinizdən də çox şey asılıdır. Bizim «Doing business» adlı hesabatımızda da deyilir ki, müəyyən irəliləyişlər var.

«Azərbaycanda xərclər çox yüksəkdir»

-Elə mən sizin həmin hesabatınız haqda sual vermək istərdim. Bəzi ekspertlər deyirlər ki, Dünya Bankı Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması barədə məlumat yayarkən obyektiv deyildi. Ən azı Azərbaycanda biznes mühiti yaxşılaşsaydı, eyni dövrü əhatə edən hesabatında «Transparency International» Azərbaycanda korrupsiya indeksinin aşağı olduğunu deməzdi...

-Onunla qətiyyən razı deyiləm ki, Dünya Bankı obyektiv deyildi. Düzdür, biz qiymətləndirmə zamanı xüsusi metodologiyadan istifadə etmişik. Bu metodla kimsə razılaşmaya bilər, amma bu metodologiya artıq öz təsdiqini tapıb. Dünya Bankının nə marağı ola bilər ki, Azərbaycanı tərifləsin. Özü də Azərbaycan təkcə vahid pəncərə sisteminin təkmilləşməsi üzrə islahat aparmayıb. Ölkə 10 ballıq şkalanın 7-8-ə cavab verir.

-Belə bir fikir də var ki, Dünya Bankı Azərbaycanın həm də kommersiya tərəfdaşıdır, hətta neft pullarının bir hissəsini, təqribən 100 milyon dolları Dünya Bankı idarə edir. Odur ki, Bank hökumətə güzəştə gedir...

-Bu cür fikirləri mən də eşitmişəm, düzü, çox kədərlənirəm. Özünə ekspert deyən adamlar bunu deyirlər və başqalarını da inandırırlar. Belə fikirlər səsləndirənlər zəng vurub məndən soruşsaydılar ki, sizin idarənizdə hökumətin nə qədər pulu var, mən deyərdim ki, 100 milyon dollar, amma bu pul sizin üçün, mənim üçün böyük məbləğ ola bilər, Dünya Bankı üçün bu, kiçik məbləğdir. Üstəlik, biz buradan mənfəət əldə etmirik, çünki Milli Banka və Dövlət Neft Fonduna bu vəsaiti idarə etməyi öyrədirik, treninq keçirik. Bir beynəlxalq və ictimai maliyyə qurumu kimi bu, bizim borcumuzdur.

- Elə isə sizcə, gəlin Azərbaycan iqtisadiyyatını davamlılıq baxımından başqa keçid iqtisadiyyatları yaşayan ölkələrlə müqayisə etsək, beş ballıq şkala üzrə neçə qiymət verərdiniz?

- Dörd qiymətini verərdim...

- Axı ölkənin iqtisadiyyatı əsasən neftdən asılıdır. Bu baxımdan ölkə üçün təhlükə görmürsünüzmü?
-Bir məhsuldan asılı olan bütün iqtisadiyyatlar kimi Azərbaycan da dünyada neftin qiymətinin dəyişməsindən asılıdır. Bundan başqa, payızda Bakı-Ceyhun neft kəməri işinə fasilə verməli olmuşdu. O cümlədən, bizdə olan məlumata görə, Azərbaycanın təbii sərvətləri məhduddur və irihəcmli neft 15-20 il ərzində hasil olunacaq. Bu, bir tərəfdən təhlükədirsə, bir tərəfdən də fürsətdir ki, Azərbaycan ölkəni neftdən sonrakı dövrə hazırlasın. Bura həm infrastrukturun yaxşılaşdırılması, həm də sosial sahələrdə - təhsildə və səhiyyə sistemində islahatlar daxildir.

- Neftdən söz düşmüşkən, siz hesab edirsinizmi ki, Azərbaycanda «Holland xəstəliyi»nin əlamətləri var?

-Əgər biz ölkənin rəqabət qabiliyyətinin azalması kimi baxsaq, məncə, bu baş vermir. Əlbəttə ki, manat həm avroya, həm də dollara nəzərən bahalaşıb və bu da ixrac üçün üçün müəyyən problem dayanır. Amma ümumi götürəndə Azərbaycan istehsalının rəqabətə davamlı olmasının qarşısında duran əsas maneə xərclərin yüksək olmasıdır. Hesab edirəm ki, xərcləri azaltmağa imkan var və Azərbaycan malları bazara daha tez reaksiya vermək qabiliyyətinə malik olmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG