Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:40

«Üç gündür ki, blokda yatırıq»


Axırıncı blokun 5-ci mərtəbəsinin üstü tamam uçub
Axırıncı blokun 5-ci mərtəbəsinin üstü tamam uçub
«Mən şokdaydım. Divanda uzanmışdım, saat 5-ə qalırdı. Ev gurr elədi, qalxdı göyə, düşdü yerə. Qaçdım uşaqların yanına, gördüm ki, şüşə uşaqların üzünü kəsik-kəsik eləyib».

Üç gün qabaq, Balaxanım Məmmədovanın evinin üstündəki 60 nömrəli mənzil partlayıb. Rəsmi məlumata görə, qaz sızıb, beş nəfər həlak olub, xəstəxanada 10 nəfər yatır.

Bina metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında, Cavadxan küçəsi-30 ünvanındadır. Axırıncı blokun 5-ci mərtəbəsinin üstü tamam uçub.

Yaxın mənzillərin şüşəsi sınıb. İndi şüşələri təmir edirlər.

Partlayış baş verən mənzillə bir blokda olan evlərin sakinləri isə hökumətdən şikayətçidirlər:

- Nəsimi rayon İcra Hakimiyyətindən bizə dedilər ki, gedin uşaq bağçasında yaşayın. Mən necə gedim bağçada yaşayım, uşaqlarla birlikdə?! Bizə bağça lazım deyil, normal ev versinlər. Üç gündür ki, blokda yatırıq.

İran vətəndaşı Rza Cabbarzadənin təzə təmirdən çıxmış mənzilində də yaşamaq mümkün deyil. O da tələb edir ki, hökumət ona təzə mənzil versin.

Hüquqşünas Sahib Məmmədov deyir ki, əslində zərər dəymiş mənzillər özəldirsə, sahibi onları sığortalamalı idi, zərəri də sığorta şirkəti ödəməlidir.

Amma 33 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirnazir Əliyev deyir ki, zərər dəymiş beş mənzili özəl olub-olmamasından asılı olmayaraq dövlətin hesabına təmir edəcəklər:

- Beş mənzil üçün ekspert rəyi veriləcək, sonra həmin mənzilləri təzədən tikəcəyik.

Bakı Qaz İdarəsi isə bildirir ki, Cavadxan-30 ünvanında partlayış ona görə baş verib ki, qazı layihədən kənar, rezin boru vasitəsilə sobaya birləşdiriblər. Partlayan binanın qarşısına yığışmış qonşularsa deyirlər ki, indiyə kimi qaz idarəsinin işçiləri əsasən sayğaca baxıb qəbz yazırlar, mənzillərdə cihazların vəziyyəti ilə maraqlanan yoxdur:

-Heç kim nəzarət eləmir, gəlib nəzarət eləmək lazımdır, bəlkə bir şlanq deşildi.

- Qaz turbasının üstündən kabellər gedir, belə olmaz axı...

- Bütün sistemləri qoyublar bayıra. Uşaq da oynaya bilər, kiminsə şəxsi-qərəzi varsa, açıb-bağlaya da bilər kranı.

«Azəriqaz» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı gün ərzində telefonlarımıza cavab vermədi.

Təqribən 20 il əvvəl Cavadxan-30-da yerləşən binanın xoş günləri var idi. Onda binalara mərkəzləşmiş qaydada istilik verirdilər. 1988–ci ildən qızdırıcıları - «otopleniya»ları söküblər. Sakinlər deyirlər ki, indi onlar məcbur qalıb «odla oynayırlar», qazdan istifadə edirlər, başqa əlac yoxdur.

Ərazidəki Mənzil İstismar Sahəsinin mühəndisi Vüqar Həmzəyev isə deyir ki, indi bu sistemi binalarda quraşdırmaq üçün külli miqdarda vəsait lazımdır.

Prezident İlham Əliyev 2005-ci ildə ölkədə etibarlı və keyfiyyətli istilik təchizatı xidməti yaradılması barədə sərəncam verib.

Cavadxan-30 binasında yaşayanlar bilmirlər ki, partlayışa görə günahkar kimdir. Sakinlər danışırlar ki, 4-cü mərtəbədə yaşayan, partlayışda həlak olan qızlardan biri bu yaz gəlin köçməyə hazırlaşırmış...
XS
SM
MD
LG