Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:25

Yarımazad…


Gürcüstan yarımazad ölkələr siyahısına düşməklə yanaşı seçki demokratiyasına malik deyil
Gürcüstan yarımazad ölkələr siyahısına düşməklə yanaşı seçki demokratiyasına malik deyil
Yarımazad - «Freedom House»un hesabatında Gürcüstan belə adlandırılıb. Sənəddə deyilir ki, son 3 il bəzi ölkələr, o cümlədən Gürcüstan üçün geriləmə illəri olub.
Hesabatda Gürcüstanla bağlı yenilik də var. Gürcüstan ilk dəfə olaraq, bu il seçki demokratiyası olan ölkələr siyahısına düşə bilməyib.
«Freedom House»un hesabatında 193 ölkədə vətəndaşların siyasi haqları və vətəndaş azadlığının vəziyyəti qiymətləndirilir.
Sənəddə Kosova, Dağlıq Qarabağ, Tibet, Kaşmir kimi mübahisəli ərazilərlə yanaşı Abxaziya və Cənubi Osetiyadan da danışılır. İlk dəfə olaraq Cənubi Osetiya ayrıca ərazi kimi qeyd olunur, Abxaziyadan fərqli olaraq qeyri-azad ərazilərin siyahısında göstərilir.
«Freedom House»un araşdırmalar üzrə direktoru Kristofer Uoker «Azadlıq» radiosuna müsahibəsində deyib:
«Bir neçə regionda vəziyyət açıq-aşkar pisləşib. Vəziyyətin xüsusilə pisləşdiyi ölkələr Saxaradan cənubdakı Afrika ölkələri, bir də Baltikyanı dövlətləri çıxmaq şərti ilə keçmiş sovet ölkələridir. Həmin iki regionda prosesin tərsinə getməsi hiddətə səbəb olub».
Gürcüstan yarımazad ölkələr siyahısına düşməklə yanaşı seçki demokratiyasına malik deyil. Eyni şey Mərkəzi Afrika Respublikası, Mavritaniya və Venesuela haqqında deyilir.
«Freedom House»un hesabatında qeyd olunur ki, xüsusilə diqqəti çəkən Gürcüstan və Mavritaniyadır, çünki cəmi bir neçə il əvvəl həmin ölkələr demokratların siyahısında idi.
Hüquq məsələləri üzrə ekspert Manana Kobaxidze deyir:
«Bu, Gürcüstan üçün çox məyusedici faktdır. Bu hesabatda çox ölkələr irəli gedib, Banqladeş də seçki demokratiyası sarıdan Gürcüstandan yuxarıdadır. Gürcüstan isə Venesuela, Mərkəzi Afrika Respublikasıyla bir sıraya düşüb. Yəni biz faktiki olaraq, seçki demokratiyası olan ölkələrin siyahısından çıxmışıq. Səbəb də odur ki, Gürcüstanda açıq-aşkar avtoritar idarə sistemi hökm sürür».
«Prioritet-İnsan Haqlarıdır» təşkilatının sədri Liya Muxaşavriya deyir ki, onun üçün «Freedon House»un hesabatında bir yenilik yoxdur. Hətta o, hesabatın Gürcüstanla bağlı hissəsinin daha sərt olacağını gözləyirmiş:
«Biz çoxdan demokratik ölkə deyilik, qanunsuz, qeyri-demokratik seçki keçirəndə belə olur. Bizdə mətbuat azadlığı yoxdur, azad məhkəmə yoxdur. Belə olan halda nə gözləyirik? Gürcüstanın yarımazad ölkələr siyahısına salınması da hələ o demək deyil ki, biz yarımazadıq».
L.Muxaşavriya hesab edir ki, «Freedom House»un hesabatı reallığı əks etdirmir. Çünki Gürcüstan hökuməti hələ ki, beynəlxalq təşkilatları aldada bilir:
«Bu hesabatda «məxməri inqilab»dan sonrakı ümumi tendensiya qeyd olunub. Yəni bizim hökumət hələ də beynəlxalq aləmi aldadır. Və bu beynəlxalq aləmin «postsovet insanına» məxsus təcrübəsi, informasiyası yoxdur».
Gürcüstanın ombudsmanı Sozar Subari Muxaşavriya ilə razılaşır. Ombudsman deyir ki, Qərbdəki təşkilatlar Gürcüstanda baş verənləri olduğu kimi işıqlandırmır. Məsələn, elə «Freedom House» ilk dəfədir ki, Gürcüstanla bağlı tənqidi hesabat yayır:
«Freedon House»un indi yazdığını mən iki ildir deyirəm. Gürcüstanın bütün problemlərinə səbəb avtoritarizmdir. Amma Qərb uzun müddətdir, bunu görmür. Gürcüstan tamam başqa istiqamətə getdiyi halda demokratik ölkə adlandırılırdı. Yalnız 2007-ci ilin noyabr hadisələrindən sonra vəziyyət dəyişdi. 2008-ci ildə baş verənlər isə indiki qiymətləndirməni bir az da əsaslandırdı».
«Freedom House» kimi başqa təşkilatlar da demokratiya ilə bağlı hesabatlar yayır. Bəs Gürcüstan hökuməti bu hesabatlara nə deyir, tövsiyələri nəzərə alan varmı? Ombudsman Sozar Subari hesab edir ki, hökumətin siyasəti dəyişmir:
«Hansısa təşkilat yaxşı söz deyirsə, bu sözü ayın hadisəsinə çevirirlər, piar üçün istifadə edirlər. Amma kimsə tənqid edirsə, rədd olunur, bu, artıq adət halını alıb».
İnsan Haqları Mərkəzinin direktoru Uça Nanuaşvili deyir ki, «Freedom House» Gürcüstanla bağlı indiyə qədər belə tənqidi olmayıb.
«Freedom House»un son hesabatı, Gürcüstanla bağlı ən tənqidi hesabatdır. Mən təkcə «məxməri inqilab»dan bu yana olan dövrü nəzərdə tutmuram. «Məxməri inqilab»a qədər də belə tənqidi hesabat çıxmayıb».
Nanuaşvilinin fikrincə, hesabat həm də bir növ Birləşmiş Ştatlar hökumətinin Gürcüstan barədə mövqeyini əks etdirir:
«Hesabat, məncə, həm də Amerika hökumətinin mövqeyini göstərir. Çünki müstəqil təşkilatlar olan «Human Rights Watch» və «Amnesty International»dan fərqli olaraq, «Freedom House» bir qədər hökumətə yaxın görünür. Məncə, bu, vacib məqamdır. Deməli, Amerika hökumətinin, yeni administrasiyanın Gürcüstanda baş verənlərə münasibəti fərqlidir».

Buna da bax:

XS
SM
MD
LG