Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:21

Ermənistanın beynəlxalq imicinə təsir edəcək hesabat


Keçən il Ermənistanda müstəqillik dövrünün ən ciddi siyasi böhranı qeydə alındı
Keçən il Ermənistanda müstəqillik dövrünün ən ciddi siyasi böhranı qeydə alındı
«Freedom House» bildirir ki, Ermənistanda əsas mühüm hadisə keçən ilin fevralında keçirilən prezident seçkisi və seçkidən sonrakı iğtişaşlardır. Məhz bu hadisələrin nəticəsində Ermənistan «yarımazad ölkələr» siyahısındadır.
Ermənistanda «Freedom House»un hesabatına nə deyirlər?

«Azadlıq!»-, yəqin bu söz, 2008-ci ildə Ermənistanda ən çox səslənən, həm də yüksək tonla səslənən söz olub. Keçən il «azadlıq» sözü daha çox Yerevanın «Azadlıq» meydanında eşidildi. İndi isə məhkəmələrin qarşısında səslənir. Mart hadisələrindən sonra tutulanların yaxınları məhbuslara azadlıq istəyirlər.

Keçən il Ermənistanda müstəqillik dövrünün ən ciddi siyasi böhranı qeydə alındı. 2008-ci il siyasi hüquqların qorunması baxımından Ermənistan üçün ən ciddi il oldu. «Freedom House»un hesabatında belə deyilir.

Bildirilir ki, keçən il Ermənistanda əsas əlamətdar hadisə fevralda keçirilən prezident seçkisi və seçkidən sonrakı iğtişaşlar oldu. Sənəddə qeyd olunur ki, o vaxtki baş nazir Serj Sarkisyanın qalib gəldiyi seçkidən sonra baş verənlər zorakılıq idi. Martın 1-də ölkədə 20 günlük fövqəladə vəziyyət elan olundu, azadlığın əsas dayaqları: söz azadlığı, sərbəst toplaşmaq azadlığının qarşısı alındı.

«Freedom House» bildirir ki, beynəlxalq aləm Ermənistanda martın 1-də baş verənləri pislədi. Məhz mart hadisələri nəticəsində hesabatda Ermənistan bir az da aşağı düşdü. Siyasi haqların qorunması baxımından Ermənistanın reytinqi əvvəl 5 idi, indi 6 oldu.

«Freedom House»dan Kristofer Uokerin sözlərinə görə, səbəb, seçkidən sonrakı proseslər, 10 nəfərin ölümüylə nəticələnən iğtişaşlardır. O iğtişaşlar nəticəsində yüzlərlə adam yaralandı, yüzlərlə adam tutuldu, məhkəməyə çəkildi. Uoker bildirir ki, Ermənistanda hakimiyyətdə olan qüvvələr bütün başqa qüvvələri siyasi səhnədən çıxardılar.

Ermənistanın insan haqları müvəkkili Armen Harutyunyan «Freedom House»un qiymətləndirməsiylə tam razıdır:

«Bu insan haqları təşkilatının qiymətləndirməsi mənim fikirlərimlə üst-üstə düşür. Bir hüquq müdafiəçisi kimi mən də baş verənləri belə dəyərləndirirəm».

Armen Harutyunyan
Mübahisəli ərazilərin siyahısında Dağlıq Qarabağdakı vəziyyətdən də danışılıb. Hesabatda deyilir ki, siyasi haqların, siyasi azadlığın təmin olunması baxımından Qarabağın reytinqi 5-dir, yəni Dağlıq Qarabağ «yarımazad» ərazidir.

Ermənistan isə vətəndaş azadlığının göstəricisinə görə 4 bal alıb və yenə də «yarımazad ölkələr» siyahısına düşüb. Ermənistanın Ombudsmanı Armen Harutyunyan deyir ki, siyasi azadlıq və vətəndaş azadlığı bir-birinə bağlı anlayışlardır. Və bunlardan heç birinə Ermənistanda təminat yoxdur:

«Siyasi azadlıq və vətəndaş azadlığı bir-birinə bağlı olan şeylərdir. Ola bilməz ki, onlardan biri yaxşı təmin olunsun, o biri yox. «Freedom House»un hesabatında deyilənlər doğrudur, Ermənistanda həm siyasi azadlıq, həm də vətəndaş azadlığı sarıdan problem var. Və bu sistemin problemidir. Yəni Ermənistanda vətəndaş azadlığına təminat yoxdur».

Ombudsmanın fikrincə 2008-ci il Ermənistan üçün ağır illərdən biri olub, ciddi siyasi böhran yaşanıb. Amma bu təsadüfi böhran deyildi, əvvəlki böhranların nəticəsi, kulminasiyası idi:

«Bu təsadüf deyildi, nəticə idi. Sistemin böhranının nəticəsi idi. Vətəndaş azadlığının məhdudlaşdırılması böhranını Ermənistan əvvəl də yaşayıb. Belə məhdudiyyətlər gec-tez belə nəticəyə gətirib çıxarır. Həmişə toqquşma ilə qurtarır».

«Freedom House» kimi insan haqları təşkilatları xüsusi nüfuza malikdir və ölkənin imicinə ciddi təsir edə bilir:

«Onlar çox ciddi təşkilatlardır. Onların hesabatları, qiymətləndirmələri mütləq nəzərə alınır. Məncə hesabat Ermənistanın beynəlxalq imicinə təsir edəcək».

«Freedom House»un hesabatında deyilir ki, bütün dünyada, o cümlədən keçmiş sovet ölkələrində azadlığın təmin olunması sarıdan geriləmə müşahidə olunur. Sənəddə 2008-ci ilin yanvarından dekabrın son gününə qədərki vəziyyət qiymətləndirilib.

Hesabatda qeyd olunan ölkələrin 46%-nin «azad», 32%-nin «yarımazad», 22%-nin «qeyri-azad» olduğu deyilir.
XS
SM
MD
LG