Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

«Hərbi xərclərimiz 2.3 milyard dollara çatacaq»


İlham Əliyev 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyinin daha da gücləndiyini vurğulayıb

İlham Əliyev 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyinin daha da gücləndiyini vurğulayıb

«Yeni Azərbaycan» qəzeti:

Yanvarın 16-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası keçirilib.

İclası giriş nitqi ilə açan dövlət başçısı bildirib ki, 2008-ci il dünya tarixinə maliyyə böhranı kimi daxil olsa da, əvvəlki illər kimi, ötən il də Azərbaycan üçün uğurlu olub:

«Azərbaycan üçün isə 2008-ci il növbəti uğurlu il olmuşdur. 2008-ci ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir... Bizim iqtisadiyyatımız təxminən 11 faiz artmışdır... Bizi narahat edən yeganə məsələ inflyasiyanın yüksək səviyyədə - 20 faizdən çox olmasıdır. Ancaq bununla bərabər, əhalinin pul gəlirləri ondan qat-qat çoxdur, daha böyük rəqəmlərlə ölçülür. Əhalinin pul gəlirləri 2008-ci ildə 36 faiz artmışdır... Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi 13.2 faiz təşkil edir. Bu, çox böyük nailiyyətdir... Son beş ildə 766 min yeni iş yeri açılıb ki, bunların 548 mini daimidir. 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılmışdır…».

Prezident İlham Əliyev 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyinin daha da gücləndiyini vurğulayıb:

«Mart ayında BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsi həm bizim gücümüzü göstərdi, həm də haqq-ədaləti göstərdi. Yəni, onu göstərdi ki, dünya birliyi, dünya ictimaiyyəti Azərbaycanın tərəfindədir...

Biz öz mövqeyimizi dəfələrlə bəyan etmişik və bu gün mən bir daha bunu açıqlayıram. Biz çalışırıq ki, məsələ danışıqlar yolu ilə öz həllini tapsın.

Ancaq bununla bərabər, o da heç kimə sirr deyil ki, biz ordu gücümüzü də artırırıq və böyük dərəcədə artırmışıq... Növbəti illərdə orduya ayrılan xərclər daha da artacaqdır. Mən bunu bir daha demək istəyirəm ki, biz bu sahəyə prioritet diqqət göstəririk və 2009-cu ildə bütün hərbi xərclərimiz 2.3 milyard dollar təşkil etməlidir…».



«Azadlıq» qəzeti:

Yeni tikilən Beynəlxalq Avtovağzalın hələ də istifadəyə verilməməsi müəyyən söz-söhbətlərə səbəb olub. Yeni avtovağzal prezident seçkisinə kimi təhvil verilməliydi və bundan İlham Əliyevin seçki təbliğatı üçün istifadə edilməliydi. Amma bu baş vermədi. Nəticədə Ziya Məmmədov bərk danlandı.

Ziya Məmmədov günahını yumaq üçün avtovağzalı dekabrın 24-nə - dövlət başçısı İlham Əliyevin ad gününə kimi təhvil vermək niyyətində idi. Yəni, Nəqliyyat naziri avtovağzalı bir növ İlham Əliyevin ad gününə hədiyyə etmək istəyirdi. Amma göründüyü kimi, avtovağzal hələ də təhvil verilməyib.

«Yeni Müsavat» qəzeti avtovağzalın hələ də təhvil verilməməsini onun çökməsi ilə izah edib. Qəzetin etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, başa çatmaqda olan avtovağzalın şüşələri salınmağa başlayandan az sonra onlar öz-özünə sınıb. Səbəb isə binanın tamamilə çökməsi və bu zaman pəncərələrin sıxılmasıdır. Mənbə qəzetə bildirib ki, artıq heç bir tədbir görmək mümkün deyil. «Bu böyüklükdə obyekti layihələşdirərkən, onun tikiləcəyi torpağın neçənci dərəcəli süxurdan təşkil olunduğu nəzərə alınmalıydı», - deyə mənbə vurğulayıb. Məlumatda həmçinin qeyd olunur ki, bu hadisə ilə bağlı həbs olunanlar var. Ümumilikdə 15 nəfər barədə istintaq başlayıb. Avtovağzalın taleyinin necə olacağı isə hələlik məlum deyil.

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənli isə deyilənlərin əsassız olduğunu bildirib. «Həmin yazıda «avtovağzal» sözündən başqa hamısı yalandır», – deyə nazirliyin rəsmisi bildirib. Namiq Həsənli onu da əlavə edib ki, avtovağzalda son tamamlama işləri başa çatandan sonra obyekt təhvil veriləcək: «Yaxın vaxtlarda özünüz bunun şahidi olacaqsız».



«Yeni Müsavat» qəzeti:

Beynəlxalq təşkilatlar Azərbaycanın başını Qarabağ danışıqlarına qatdığı bir vaxtda ermənilər işğal altındakı torpaqlarımızda möhkəmlənməkdədir.

Bu günlərdə məlum olub ki, Ermənistan hökuməti Rusiya, ABŞ, İran, Fransa və digər dövlətlərdən topladığı ianələrin 118 min dollarını 2009-cu ildə Şuşa şəhərinin erməniləşdirilməsinə xərcləyəcək…

Ermənistan hökuməti Rusiya, İran, ABŞ və Fransanın maliyyə təşkilatlarından əldə etdiyi vəsaitin bir qismini «Şuşi» fonduna yönəldib. Şuşa şəhərindəki 17-19 əsrlərə aid 220-dən çox tarixi binanın, 500-dən çox tarix, mədəniyyət və memarlıq abidələrinin ermənilərə məxsus olması barədə təbliğat kampaniyasına başlayıblar.

Lakin hələ ki bu faktlara rəsmi Bakının reaksiyası yoxdur. XİN-dən münasibət öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı...

Günün bütün mövzuları

XS
SM
MD
LG