Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:45

Millətçiliyin dövrü keçib?


İlqar Məmmədov
İlqar Məmmədov
«İstefa, istefa, istefa!..» Azadlıq hərəkatı dövründən qalan bu sözlər 20 ilə yaxın ötməsinə baxmayaraq, bu gün müxalifətin aksiyalarında da bəzən eşidilməkdədir.

Yalnız fərq ondadır ki, o zamanlar Sovet sisteminə, ideologiyasına etiraz edənlər əsasan bir ideologiya ətrafında birləşirdi - millətçilik. Sonradan isə klassik millətçilər solçulara, islamçılara, bəziləri də sağçı mərkəzçilərə çevrildi.

Altı partiyanı birləşdirən Millətçi Birliyin sədri Vüqar Bəyturan hesab edir ki, bu təbii təkamül nəticəsində baş verdi. Onun sözlərinə görə, millətçilik ideologiyası əslində bir yaşam tərzidir, dövlət quruluşuna, iqtisadiyyata, beynəlxalq əlaqələrə yanaşma üsuludur.

Ancaq bəzən cəmiyyətdə hakimiyyətlə barışıb milliyyətçi olduğunu deyənlər də tapılır:

«Azərbaycanda konkret millətçi olub-olmamaq onunla müəyyənləşir ki, qarşı tərəflə əməkdaşlıq etdiyin qüvvələr hansı ideologiyaya əsaslanırlar. Tutalım millətçi siyasi qurum və ya ziyalının solçu və ya sırf islami dəyərlərə əsaslanan bir qüvvə və şəxslə əməkdaşlıq etməsi bir az millətçilik ideyası, prinsiplərinə uyğun deyil. Müsavat Partiyası tarixən milli əsaslara söykənən partiya olub, bu günsə liberal demokratların beynəlxalq ittifaqlarına daxil olub».

Millətçi partiyalardan hesab olunan Milli Demokrat Partiyasının sədri Tufan Kərimli isə birbaşa olmasa da, millətçilərin bu gün tərəfdarının azaldığını etiraf edir.

Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan isə bildirir ki, millətçilik ideologiyası əksinə sadə xalq arasında artmaqdadır. Çünki tarixən də belə olub ki, müharibədə kənar təzyiqlərlə zorla uduzdurulan millət mövcud durumla heç vaxt barışmayıb.

Ancaq Bakıda rəyini soruşduğum sakinlərin əksəriyyəti millətçilik ideologiyası ilə bağlı başqa fikirdə oldular:

- Hamı mənsub olduğu millətini sevməlidir. Millətçiliyi qabartmaq lazım deyil, vəssalam.

- Millətçilik özünü Türkiyədəki olaylara baxanda doğrultmur. İfrat millətçilik sonda fəsadla nəticələnir, mən ümumi dövlətçiliyin tərəfdarıyam.

- Əla. Hər bir insan gərək millətçi olsun. Mən millətçi olmayandan sonra, başqa millətlər gəlib mənim yerimə olmayacaq ki. Avropalaşmaq bizə lazım deyil.

Millətçilik ictimai fikir cərəyanı kimi orta əsrlərin sonlarında yaranıb və ekspertlər hesab edir ki, onun dünyada pik dövrü artıq keçib.

Politoloq İlqar Məmmədov deyir ki, indiyə kimi millətçiliyin demokratiyaya xeyir və ya ziyan gətirdiyi barədə qəti fikir deyilmir:

«Hələ də sübut edə bilən yoxdur ki, milliyyətçilik demokratiya quruculuğu işində xeyir, ya ziyan gətirib. Əslində bütün demokratik hərəkatlar Avropada, o cümlədən Azərbaycanda millətçi şüarlar altında keçirdi. Bununla belə, millətçi şüarlar çox vaxt demokratiyaya az aidiyyəti olan insanlar tərəfindən istifadə edilir».

Millətçilik ideologiyası Azərbaycanda çox vaxt türkçülüklə eyniləşdirilir. Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan da deyir ki, bir vaxtlar türkçülüyün təbliğatına etiraz edənlər bu gün bunu özlərinin prioriteti edib:

«Vaxtilə bu ideologiyanı gətirdiyimizə görə, bizə qarşı mənfi mövqedən çıxış edən qüvvələr bu gün türk milliyyətçiliyi ideologiyasının prinsiplərindən birini - türk dünyasının bir araya gətirilməsini fəaliyyətinin əsasına çevirib. Bu da onu göstərir ki, 21-ci əsr türk əsri ola bilər».

Politoloq İlqar Məmmədov isə hesab edir ki, hazırda Azərbaycanda siyasi quruluşun ideya əsası yoxdur. Dövlət qorxu, repressiya, 1-2 şəxsə pərəstiş üzərində qurulub.

Politoloq hesab edir ki, Azərbaycanın ideologiyasının əsasında Xalq Cümhuriyyətinin miras qoyduğu respublikaçılıq və azadlıq ideyaları durmalıdır.
XS
SM
MD
LG