Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:09

«Heç aşağı qiymətə satılan mənzili də alan yoxdur»


Nüsrət İbrahimov
Nüsrət İbrahimov
Dinlə

«Daşınmaz əmlak tarixən dünyanın heç bir ölkəsində ucuzlaşmır, həmişə bahalaşır».

Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına MBA konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir.

Onun sözlərinə görə, ucuzlaşma 8-12 ildən bir təkrarlanır və qısa müddətli olur. Bu qısa müddət böhran dövrünə təsadüf edir:

«O dövr keçəndən sonra bazarın yenidən strukturlaşma, daha sonra bahalaşma dövrü başlayır. Bazarın hər dəfə böhran və yenidən strukturlaşma dövrü 2-3 davam edir.

Qiymətlərin aşağı düşmə müddəti isə çox qısa olur - 3-4 ay, uzaqbaşı 6 ay. Bu təcrübəyə əsaslanaraq deyə bilərik ki, Azərbaycanda ötən ilin noyabrından daşınmaz əmlakın qiymətinin aşağı düşmə prosesi yəqin ki, çox yaxın zamanlarda dayanacaq.

Bundan sonra bazarın yenidən qurulması dövrünə qədəm qoyacağıq».

Müsahibimiz deyir ki, əmlak bazarında tikinti şirkətlərinin maliyyə mənbələri xeyli məhdudlaşıb. Ona görə də bu şirkətlərdə maliyyə problemləri əmələ gəlib və kreditlərin qaytarılma məsələsi gündəmdə durur:

«Şirkətlərin bir çoxu həmin kreditləri qaytarmaq və tikintini sona çatdırmaq üçün məcburi addımlar atırlar. Bu addımlardan biri barter üsuludur.

Yəni, borclu müştərilərinə mənzillər formasında ödənişlər edirlər. İkincisi, mənzillərin bir hissəsini ucuz qiymətə satıb, borcları bağlayırlar.

Bir sözlə, müxtəlif yollarla vəziyyətdən çıxmağa çalışırlar. Bu da ki, tək-tək ucuzlaşmaya gətirib çıxarır və nəticədə orta qiymətə təsir göstərir.

Məsələn, ötən ilin sentyabrında 0,9 faiz qeydə alınan ucuzlaşma dekabrda 4 faizə yaxın idi. Bu il yanvarın 10-dək olan məlumata görəsə, 5 faizdən yuxarıdır».

İqtisadçı Vüqar Bayramov isə deyir ki, Bakıda mənzillərin qiyməti şişirdilmiş qiymətlərdir. Yəni, əhalinin alıcılıq qabiliyyətinə uyğunlaşdırılmış qiymətlər deyil:

Vüqar Bayramov
«Orta aylıq maaş 265 manat olan Azərbaycanın paytaxtında yaşayış sahəsinin bir kvadratmetrinin qiyməti təxminən 500 manatdan başlayır. Bu isə o deməkdir ki, orta aylıq əməkhaqqı alan azərbaycanlı hətta 1 kvadratmetr yaşayış sahəsi belə ala bilməz.

Bu, əslində, paradoksdur. Bu gün Bakıda 1 kvadratmetr mənzilin orta hesabla qiyməti Vyanadan və yaxud Praqadan təxminən 40 faiz artıqdır. Baxmayaraq ki, Avstriyada maaşlar bizdən 8 dəfə, Çexiyada isə 4 dəfə çoxdur».

V.Bayramov son aylar mənzillərin qiymətinin ucuzlaşmasını tələbatın kəskin aşağı düşməsiylə əlaqələndirir:

«Mənzillərin qiymətinin aşağı düşməsi yalnız neft gəlirlərinin azalması ilə bağlı deyil. Eyni zamanda, Rusiyada baş verən böhran və əmək miqrantlarının sayına müəyyənləşdirilmiş limit də buna birbaşa təsir göstərir.

Rusiya mənbələrinin məlumatına görə, hələ ötən il ərzində bu ölkədən Azərbaycana daxil olan vəsait 3 milyard dollara yaxın idi. Bu pulun böyük bir qismi mənzil alınmasına gedirdi. Rusiyada yaşayan azərbaycanlılar Bakıda mənzilə tələbat yaradan xüsusi kateqoriya idi».

«Demək olar ki, biz işsiz qalmışıq», - bunu isə ev alqı-satqısı ilə məşğul olan Nazim deyir. Onun sözlərinə görə, bütün alqı-satqı prosesi dayanıb:

«Hamı fikirləşir ki, qiymətlər daha da aşağı düşəcək. Evlər alınmır. Heç aşağı qiymətə satılan mənzili də alan yoxdur».

Nazim deyir ki, ən yaxşı alver 2007-ci ilə təsadüf edib. İndi isə elə aylar olur ki, nəinki pul qazanmırlar, hətta cibdən xərcləyirlər:

«Ancaq bahalı kirayələrin sayəsində büronu saxlaya bilirik».
XS
SM
MD
LG