Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54

Sağçısı solçuya qarışan ölkə…


«Özlərini sağçı adlandıran partiyaların solçu çıxışları fəaliyyətlərini düzgün qura bilməmələrindəndir»

«Özlərini sağçı adlandıran partiyaların solçu çıxışları fəaliyyətlərini düzgün qura bilməmələrindəndir»

Müavinətlərin ləğv olunmasını, təhsil və səhiyyədə özəl xidmətin payının artmasını Azərbaycanda kim istəyir? Siyasi nəzəriyyəyə görə, özünü sağ yönümlü adlandıran istənilən partiyanın istədiyi bu olmalıdır. Azərbaycanda iri siyasi partiyaların demək olar ki, hamısı sağ mərkəzçi olduğunu deyir, amma belə şüarlar irəli sürmür. Hər halda ürəyindən keçsə də, onları elə sakit deyirlər ki, eşidən olmasın. Politoloq Rasim Musabəyov deyir ki, bu, Azərbaycanda sağ qüvvələrin yeganə ideoloji sapıntısı deyil:

«Dünyada sağ partiyalar daha çox, işgüzar dairələr – fermer təşkilatları və sairə ilə, o cümlədən də dini qurumlarla sıx əlaqədə olurlar. Azərbaycanda isə özlərini sağ mərkəzçi elan edən qüvvələrin nə biznes dairələrində dəstəkləri var, nə də dini qurumlarla sıx əlaqələri. Hələ desən onlar bu cür qurumlarla məsafə saxlamağa çalışır. Ancaq buna baxmayaraq əsas müxalifət partiyaları özlərini sağ mərkəzçilər elan edirlər».
Politoloq Rasim Musabəyov hesab edir ki, ölkədə klassik sağ mərkəzçi partiya yoxdur.

Şərq–Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, Almaniyanın liberal Fridrix Nauman Fondunun Azərbaycandakı nümayəndəsi Ərəstun Oruclu da deyir ki, əksər partiyalar sağçı olduqlarını desələr də, onlar müəyyən solçuluq ideyaları ilə çıxış edirlər. Onların sağçılığını inkar edən əsas məqam da elə budur.
Ümumiyyətlə, bu partiyaları əslində sağa və ya sola böləndə solçuluq ideyalarının üstünlük təşkil etməsinin əsas səbəbi mübarizənin daha çox sosial dayaqlar uğrunda getməsidir.

Ə.Oruclunun fikrincə, ölkədə belə vəziyyəti hakimiyyətin, konkret iqtisadi islahatlar aparmaması yaradıb:
«Əgər ölkədə demokratik mühit, ədalətli seçkilər keçirilməsi üçün imkan olsaydı, bu siyasi partiyalar öz dəyərlərini, hədəflərini əhaliyə daha dəqiq çatdıra bilərdilər».

Sağ mərkəzçi olduğunu bəyan edən Müsavat Partiyasının başqanı İsa Qəmbər 2005-ci il parlament seçkilərindən öncə solçu bəyanatı - neft gəlirlərinin əhali arasında paylanacağını deməsi ilə özünün siyasi baxışlarını mübahisə predmetinə çevirdi. Amma İ.Qəmbər müasir dünyada ideoloji baxışların qarışmasının təbii hala çevrildiyini deyir:

«Son onilliklərdə inkişaf etmiş Avropa ölkələrində, Amerikada sağ mərkəzçilərlə sol mərkəzçilər arasındakı fərq həddən artıq azalıb. Bunu seçkilərdəki çıxışlar da göstərir. Sağ mərkəzçi partiyalar seçicilərin əksəriyyətinin səsini qazanmaq üçün sosial məsələlərə diqqət yetirəcəklərini, sol mərkəzçilər isə iqtisadi təşəbbüslərin əleyhinə olmadıqlarını, vergiləri çox artırmayacaqlarını bəyan edirlər».

Post-sovet məkanında siyasi qüvvələrin ideoloji baxışları həm də onların Rusiya və ya Qərbə meylləndiyinin göstəricisi kimi qəbul edilir. Amma Azərbaycanda bu təsnifat da özünü tam olaraq doğrultmur.

Ərəstun Oruclu deyir ki, ümumiyyətlə, Azərbaycanda bir neçə tanınmayan və ya sosial dayaqları zəif olan partiyalar nəzərə alınmasa, qalan əksəriyyət özünü Qərbpərəst kimi təqdim edir. Bu baxımdan Azərbaycan siyasi spektrin mütləq əksəriyyəti, hətta hakimiyyət də qarşısına qoyduğu hədəflərə görə, Qərbpərəst sayıla bilər. Ancaq Qərbə meylli olmaq təkcə bunu bəyan etmək yox, həm də Qərbin dəyərlərinin daşıyıcısı olmaqdır. Bu məsələdə Azərbaycanda bütün partiyalarda axsama var. Axsamanın bir səbəbi partiyaların ümumiyyətlə, Qərb dəyərlərini tam mənimsəyə bilməməsi, digər səbəbi isə onların əsas hədəflərinin hakimiyyət olmasıdır.

Hakimiyyətyönlü AVP təmsilçisi, deputat Zahid Oruc isə deyir ki, konkret hansı qüvvələrin sağçı, solçu, mərkəzçi və ya dini olduğunu müəyyənləşdirmək istəsək, görərik ki, Azərbaycandakı partiyaların çoxu bu təsnifatlara uyğun gəlmirlər.

Bir çoxları özlərini sağçı elan edir, amma solçu kimi fəaliyyət göstərir. Bir sıra hallarda isə dini partiyaların platformalarını götürürlər:

«Özlərini sağçı adlandıran partiyaların solçu çıxışları guya hansısa sosial problemlərin olmasında yox, sadəcə bu istiqamətdə fəaliyyətlərini düzgün qura bilməmələrindəndir».
Z.Oruc hesab edir ki, Azərbaycanda Qərbyönümlülüyü, Avroatlantik məkana inteqrasiyanı özlərinə bir kurs kimi seçən siyasi partiyaların bir çoxu bunu heç də demokratik dəyərlərə sadiqlik marağından etmirlər. Sadəcə bununla onlar müxtəlif qrant layihələrində yer tutmağa, hakimiyyət uğrunda həmin istiqamətdən dəstək almağa ümid edirlər.

Maraqlıdır ki, Zahid Orucun təmsil etdiyi partiyanın da parlamentdəki fəaliyyəti onun ideoloji xəttini izləməyə o qədər də imkan vermir. Müşahidəçilər bu partiyanın Yeni Azərbaycan Partiyasını təqlid etdiyini deyir.

«Tolerant» İctimai Birliyinin rəhbəri Azər Rəşidoğlu deyir ki, Azərbaycandakı mövcud şəraitdə siyasi təşkilat kimi güclü olmaq mümkün deyil. Bu, obyektiv gerçəklikdir. Ancaq siyasi partiya liderlərinin konkret fəaliyyət proqramları, strategiyalarının olmaması da bu təşkilatları uçuruma gətirib çıxarıb.

A.Rəşidoğlu deyir ki, hazırda Azərbaycanda İlham Əliyevin daimi prezidentliyinə qarşı çıxan siyasi təşkilatların rəhbərləri özləri neçə illərdir ki, partiya liderləridir. Əhali bütün bunlardan bezdiyinə görə, hakim partiya ilə deyək ki, hansısa müxalifət partiyası arasında fərq görmür. Buna görə də hər iki qütbdən üz çevirib. Sağçının daha çox solçuya oxşamasının, özünü Qərbpərəst elan edənin əslində bu dəyərləri ehtiva etməməsinin - ümumən siyasi nihilizmin əsas səbəbi burada axtarılmalıdır.
XS
SM
MD
LG