Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Polis generalları çoxalanda…


«Polisdə generalların sayı getdikcə sıravilərin sayına çatmaqdadır. Belə generalların təmsil olunduğu qurumda bu işlərə gərək ciddi nəzarət olsun»
«Polisdə generalların sayı getdikcə sıravilərin sayına çatmaqdadır. Belə generalların təmsil olunduğu qurumda bu işlərə gərək ciddi nəzarət olsun»
- Konkret nə sualın var?
-Yəni deyirlər ki...
-«Yəni» yox, mən proqnoz verən deyiləm. Konkret soruş hansısa hadisə olub-olmayıb deyim. Yoxsa mən kiməm ki, münasibət bildirəm.
-Yaxşı, onda belə bir şeyi deyim polisin...
- Mən bilmərəm qardaş (telefon qapandı)…
Bu, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovla dialoqumuzdur. O deyir ki, hansısa ekspertlərin fikirlərinə yox, konkret məsələlərə münasibət bildirirlər.
Mən nazirlik rəsmisindən konkret iki məsələyə - Gəncədə polisin narkotik qaçaqmalçılığı ilə məşğul olan hansısa cinayətkar dəstəyə başçılıq etməsinə və bir neçə gün əvvəl bir qadının üç polis tərəfindən zorlanması barədə yayılan məlumata münasibət soruşmaq istəyirdim.
Birinci məlumata münasibəti Gəncədə narkotika qaçaqmalçılarını həbs edən Milli Təhlükəsizlik Nazirliyindən öyrəndim. Ancaq nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Arif Babayev bu məsələ ilə bağlı istintaqın daxili işlər orqanlarında getdiyini və məlumatın da həmin qurumdan götürülməli olduğunu dedi.
Yasamalda üç polisin bir qadını zorlaması ilə bağlı məlumatların nə yerdə olduğunu isə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsindən öyrəndim. Komitə rəhbəri Elçin Behbudovun dediyinə görə, bu iş hazırda araşdırılır:
«Hadisədən sonra qadın mənə yazılı müraciət etdi. Mən də bu barədə Daxili İşlər naziri cənab Ramil Usubova müraciət etdim və xahiş etdim ki, bu iş araşdırılsın. Artıq mən bilən ciddi araşdırma gedir, Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsində araşdırma aparılır».
Həmin qadının harda olmasına gəlincə, hüquq müdafiəçisi deyir ki, ondan xəbər yoxdur. Zərərçəkmişin heç kimlə danışmadığını bildirən E.Behbudov bildirir ki, onda olan məlumata görə, həmin qadın nədənsə qorxur, ehtiyatlanır. Elçin Behbudov deyir ki, eşitdiyinə görə, hətta izahat almaq üçün polis də onu çətinliklə tapıb.
Sabiq polis rəisi Mahmud Hacıyev isə deyir ki, Hacı Məmmədov hadisəsindən sonra polisdə qanunsuz halların bitəcəyinə heç vaxt inanmayıb.
Sabiq polis rəisinə görə, polis də adamdır və o da cinayət törədə bilər və burda qeyri-adi bir şey yoxdur:
«Xruşşovun dövrü getdi, o deyirdi ki, biz kommunizmə gedirik buna görə, cinayət olmamalıdır. Yəni cinayəti törətmək insanın psixologiyasından, səviyyəsindən, tərbiyəsindən asılı olan bir məsələdir. Bütün polisləri eyni hesab etmək olmaz».
M.Hacıyev polisdə xoşagəlməz halların baş verməsini bu sistemdəki generalların qeyri-qənaətbəxş fəaliyyətilə əlaqələndirir. Deyir ki, ciddi nəzarət olsa, bu kimi hallar çətin baş verər:
«Son 10-12 ildə polis sistemində çalışanlardan kifayət qədər cinayət törədən olub, özü də ağır cinayətlər. Bu, ona dəlalət edir ki, rəhbərlikdə təmsil olunanlar tərəfindən kadrların fəaliyyəti düzgün tənzimlənməyib. Polisdə generalların sayı getdikcə sıravilərin sayına çatmaqdadır. Belə generalların təmsil olunduğu qurumda bu işlərə gərək ciddi nəzarət olsun».
XS
SM
MD
LG