Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:43

«Azəriqaz» mənzillərdə yoxlamalara başladı


Kamandar Eyvazlı
Kamandar Eyvazlı
Dinlə

Yanvarın 15-dən etibarən «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti «Qaz təsərrüfatının təhlükəsizliyi və təbii qazdan səmərəli istifadə ayı» kampaniyasına start verib.

Bu haqda «Azadlıq» radiosunun «Can Bakı» proqramına «Azəriqaz»ın Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı danışıb.

Onun sözlərinə görə, bir ay davam edəcək kampaniya çərçivəsində onların əməkdaşları abonentlərin mənzillərinə gedərək, bütün cihaz və xətlərə baxış keçirəcəklər:

«Xahiş edirəm ki, abonentlərimiz bizim əməkdaşlara mənzillərinə daxil olmağa şərait yaratsınlar. Əməkdaşlarımız baxış keçirəndən sonra yazılı şəkildə imzalanma həyata keçiriləcək. İmzalanmada göstəriləcək ki, biz həqiqətən bu mənzildə olmuşuq və nəyi aşkar etmişik».

K.Eyvazlı deyir ki, kampaniyaya başlamalarına səbəb son zamanlar ölkədə təbii qazdan boğulma faktlarının artmasıdır:

Ələkbər Ağasıyev
«Müvafiq orqanlar tərəfindən ciddi araşdırmalar aparılır. Ümumi nəticəyə gəlinir ki, belə hallar təbii qazdan qeyri-qanuni istifadə, rezin borulardan və yaxud standartlara uyğun olmayan cihazlardan kor-təbii istifadə zamanı əmələ gəlir. Biz ilk növbədə rezin borularla birləşmələrin aydınlaşdırılması və təcili aradan qaldırılmasına çalışırıq. Çünki ən böyük faciə yaradan amil məhz rezin borulardı».

Azad İstehlakçılar Birliyinin əməkdaşı Ələkbər Ağasıyev də belə hesab edir ki, qazdan boğulma faktlarının sayının artması insanların təhlükəsizlik qaydalarına əməl etməmələrindən irəli gəlir:

«Camaata məsləhət görürəm ki, rezin şlanq borulardan, müxtəlif müvəqqəti sızmaya səbəb olan vasitələrdən istifadə etməsinlər. Eyni zamanda, istismarı təhlükəli olan qaz cihazları almasınlar. İstismara yararlı olmayan, təhlükəli istifadə qaydasına malik qaz cihazlarının satışının qarşısı alınmalıdır. Və ya maddi cəhətdən imkansız təbəqənin ucuz qaz cihazları almaq istəyini nəzərə alaraq, heç olmasa burada müəyyən təhlükəsizlik qaydalarına riayət olunmalıdır».

İsmayıl Vəliyev
Ə.Ağasıyev deyir ki, əgər yanma cihazlarının içərisindəki aparatlar işlək vəziyyətdədirsə, zərərli maddələr otağa birbaşa sobanın içərisindən axa bilmir, aparat onu söndürür. Bu aparatlar işləmirsə, deməli, yanma tam getməyəcək:

«Qaz sobalarının borusu yalnız dəmirdən hazırlanmalı və onun bayıra çıxışı olmalıdır. Bundan başqa, otağın havası tez-tez dəyişməli, bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir».

«Media forum» saytının əməkdaşı İsmayıl Vəliyevin fikrincə isə, əsas problem məsələyə yanaşma tərzinin düzgün olmamasıdır:

«2000-ci ildə, ümumiyyətlə, təbii qaz gəlmirdi. Əksər camaat balon qazından istifadə edirdi. Amma bu qədər qazdan boğulma halları baş vermirdi. Məncə, telekanallarda qazdan təhlükəsizlik qaydaları ilə bağlı reklam çarxları yayınlanmalı, maarifləndirmə işi gücləndirilməli, qaz idarələrində işləyən insanlar Sovet dövründən fərqli qaydada tərbiyə olunmalıdırlar. Təsəvvür edin, adam axşam işdən evə stress vəziyyətində gəlir, amma dincələ bilmir. Çünki qaz, işıq, su, zibil pulu üçün gəlib qapını döyürlər, insanı narahat edirlər. İnsanın şəxsi həyatına müdaxilələr həm çox intensiv, həm də çox kobuddur. Bunu dəyişmək lazımdır».
XS
SM
MD
LG