Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:49

BMT-nin Qəzzada atəşkəs yaratmaq cəhdləri


HAMAS yaraqlıları qat-qat yüksək silahlanmış İsrail qoşunları ilə birbaşa toqquşmalardan yayınırlar
HAMAS yaraqlıları qat-qat yüksək silahlanmış İsrail qoşunları ilə birbaşa toqquşmalardan yayınırlar
Üç həftəyə yaxındır dünya liderləri İsrail ilə radikal HAMAS təşkilatını Qəzza zolağında döyüşləri dayandırmağa çağırırlar.
Fələstin səhiyyə xidmətinin məlumatlarına görə bu müddət ərzində İsrailin hava hücumlarından və quru döyüşləri nəticəsində 970 fələstinli öldürülüb. Eyni mənbəyə görə, ölənlərin təxminən yarısı mülki şəxslərdir.

İsrail tərəfinin itkisini 10 hərbi qulluqçu və 3 mülki sakin təşkil edir.

Misirin atəşkəsə nail olmaq cəhdi tərəfləri danışıqlara cəlb etməsinə baxmayaraq hələ ki, bir nəticə verməyib.

BMT-nin baş katibi Pan Ki Mun qan tökməyə son qoymaq ümidi ilə regiona səfərini Qahirədən başlayıb. O İsrail və Fələstin liderləri ilə görüşməyi, həmçinin İordaniya, Türkiyə, Livan və Küveyti ziyarət etməyi planlaşdırıb.

BMT-dən bildirilər ki, baş katib bütün tərəfləri danışıqlara cəlb etməkdən ötrü müstəsna təzyiqlərə əl atmaq niyyətindədir. Amma o da bəllidir ki, tərəfləri dilə tutmaq asan olmayacaq.

İsrail öz cənub ərazisinin raket atəşinə tutulmasına son qoymaq məqsədilə HAMAS-radikal Fələstin təşkilatına qarşı hərbi əməliyyatları davam etdirəcəyini deyib. İsrailin tələblərindən biri də HAMAS-ın silahlanma mənbəyi olan Qəzza zolağına qaçaq yolla silah daşınmasını dayandırmaq məqsədilə Misirlə sərhəddə beynəlxalq qüvvələrin yerləşdirilməsidir.

Öz növbəsində HAMAS nümayəndələri atəşkəs razılığının ilkin şərti olaraq İsrail qoşunlarının Qəzzadan geri çəkilməsini tələb edir.
Qahirədə cənab Pan Ki Mun jurnalistlərə deyib: «Lütfən, biz döyüşlərə son qoymalıyıq. Qəzzada təhlükəsiz yer qalmayıb. Belə vəziyyət hamını dəhşətə gətirir. Əlbəttə ilk növbədə silahları susdurmaq gərəkdir. İstənilən razılaşma atəşkəslə başlamalı, sonra isə biz danışıqlara tərəf irəliləyə bilərik. Bu olmasa isə daha çox ölüm və xəsarət halları, daha çox dağıntı baş verəcək».

İsrail onun dövlət kimi mövcudluq haqqını tanımayana kimi HAMAS-la birbaşa danışıqlar ideyasını rədd edir. Buna baxmayaraq, hər iki tərəfin nümayəndələri Qahirədə Misir rəsmi nümayəndələri ilə razılıq məsələsini müzakirə edirlər.

Dekabrın 27-dən davam edən İsrailin bombardmanları və quru əməliyyatları nəticəsində Qəzzadan raket atəşinin şiddəti əhəmiyyətli şəkildə azalıb, amma yenə də İsrailin cənub ərazisinə gündə 20-yə yaxın raket atılır.

HAMAS yaraqlıları qat-qat yüksək silahlanmış İsrail qoşunları ilə birbaşa toqquşmalardan yayınırlar. Yaraqlılar düşməni əsasən minalanmış yerlərə tovlamaq yaxud da məsafədən snayper silahı və minaatanlardan atəşə tuturlar.

Əldə olan məlumatlara görə, İsrail qoşunları Qəzza şəhərini mühasirədə saxlayır, amma iri itkilərdən ehtiyat edərək şəhərin dar küçələrinə ayaq basmadan yayınırlar.

Bu arada isə son bir həftə ərzində ikinci dəfə olaraq İsrailin şimal ərazisi Livandan raketlərlə atəşə tutulub.

İsrail hökuməti bunun üçün Livan hökumətini məsuliyyətli saysa da, bu ölkənin İnformasiya naziri Tariq Mitri həmin insidenti Livanı İsrailə toqquşdurmaq məqsədilə edilən təxribat kimi qiymətləndirib.
XS
SM
MD
LG