Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:27

«Yoxa çıxan sədərəklilərlə bağlı cinayət işi açılmalıdır»


İsmayıl Hüseynov xəstəxanada yoxdu. Onun həyat yoldaşı və oğlu da 5 gündür ki, yoxa çıxıb
İsmayıl Hüseynov xəstəxanada yoxdu. Onun həyat yoldaşı və oğlu da 5 gündür ki, yoxa çıxıb
«Naxçıvanda saxlanma yeri bəlli olmayan Hüseynovlar və Vəliyevlərin ailələri yubanmadan hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Özü də rəsmi şəkildə müraciət etməlidirlər. Əks halda polis onların başına gələnlərə və ya gələcəklərə görə məsuliyyəti asanlıqla boynundan atacaq». Keçmiş polis əməkdaşı Mahmud Hacıyev «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına belə deyir.

Ötən ilin sonlarında Naxçıvandakı bəzədilmiş küknar ağacının işığının kəsilməsində ittiham olunan bir neçə gənc polis idarəsinə aparılıb və ailələri onların döyüldüyünü, saçlarının kəsdiyini iddia edir. Buna görə də polisdən şikayət ediblər.
Bundan sonra valideynlərdən biri İsmayıl Hüseynov ruhi xəstəliklər dispanserinə göndərilib. Ona baş çəkməyə gedən ailənin digər iki üzvündənsə xəbər yoxdur. Başqa bir gəncin valideynləri – Vəliyevlər ailəsi isə polisə çağırılsa da ikinci gündür ki, onların harada saxlanması bəlli deyil.

Mahmud Hacıyevə görə, həmin şəxslərin harada olması ilə bağlı yazılı müraciət olunmalı və polisdən rəsmi cavab alınmalıdır.

«Yaxınlarının iddia etdiyi kimi onlar itkin düşüblərsə, cinayət işi açılmalıdır. Vətəndaşın itkin düşməsi və ya yoxa çıxması ölümə bərabərdir. Axtarışlar səmərə verməsə, adam oğurluğu və ya qəsdən adam öldürməylə tövsif oluna bilinər».

Mahmud Hacıyevə görə, polisin vətəndaşların yeri haqda məlumat verməmsəi və ya onların axtarışı ilə məşğul olmaması qanuna ziddir. Bunu araşdırmaq məhz polisin işidir…

Hüseynovlar ailəsinin itməsi məsələsindən narahat olan hüquq müdafiəçiləri və media təşkilatları bəyanatlar və müraciətlərlə çıxış edəcəklərini bildirirlər. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun nümayəndəsi İdrak Abbasov bildirir ki, onlar bu məsələnin araşdırılması ilə bağlı bir sıra nazirliklərə və Naxçıvan Muxtar Respublikasında aidiyyatı orqanlara müraciət ediblər.

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, Naxçıvanda baş verənlər çox ağır bir faktdır, həm bir ailənin itməsi, həm də gənclərin işgəncəyə məruz qalamasından çox narahatdırlar və hüquq müdafiə təşkilatları daxili işlər naziri ilə görüşdə bu məsələni qaldıracaqlar.

Səidə Qocamanlı bildirir ki, monitorinq qrupu bu məsələni araşdırmaq üçün hətta Naxçıvana da gedəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla Naxçıvanda baş verənlərin araşdırılıb araşdırılmadığını öyrənmək istədikdə o, bildirdi ki, nazirlikdə bununla bağlı heç bir məlumat yoxdur, bunun üçün Naxçıvandakı orqanlarla əlaqə saxlamaq lazımdır.
XS
SM
MD
LG