Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:23
Dinlə

Gürcüstanın paytaxtı Tbilisiyə səfər edən yazıçı-jurnalist Ədalət Tahirzadə «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı oldu. Səfərinin məqsədini açıqlayan müsahibimiz deyib ki, Zaqafqaziya seyminin üzvləri haqqında materiallar toplayıb:

«İndiyədək tarixə aid 16 kitabım işıq üzü görüb. Tbilisiyə səfərim də parlament üzvləri, daha doğrusu, 1917-18-ci illərdə Zaqafqaziya seyminin üzvləri haqqında oradakı arxivlərdən material toplamaq idi. Məlumdur ki, seymin 51 nəfər üzvü Azərbaycandan olub, onlar müsəlman fraksiyası yaradıblar, sonradan 44 nəfəri cümhuriyyət parlamentinin üzvü seçilib. Onların həyatını öyrənməyə getmişdim. Gürcüstanın Mərkəzi Tarix Arxivində oldum, faydalı materiallar gətirdim».

İlk dəfə Gürcüstanda olan Ədalət Tahirzadə iki ölkənin paytaxtını müqayisə etdi. Dedi ki, Tbilisi ona 1960-70-ci illərin Bakısını xatırladıb: «Küçələrdə genişlik, sərbəstlik var, hündür binalar yoxdur, səliqə-səhman, təmizlik də öz yerində. Tbilisidə mənim ən birinci sevdiyim xalq oldu, camaat oldu. Prezidentindən tutmuş süpürgəçisinə kimi hamı özünün gürcü olmağı ilə fəxr edir. Milləti üçün nə isə iş görməyə çalışır. Gürcülər dillərini, tarixlərini sevirlər. «Azadlıq» meydanında Müqəddəs Georginin 20 metrlik mərmər postament üstündə heykəli günəşin şüaları altında elə bil işıq saçırdı. Biz həmişə deyirik ki, Koroğlunun, Babəkin, Nəbinin nəvəsiyik. Amma onların heç birinin heykəlini ucaltmamışıq. Çox təəssüf ki, biz tariximizi bir millət olaraq gürcülər qədər öyrənmirik, öyrətmirik, təbliğ etmirik, yaşatmırıq».

Ədalət bəy deyir ki, Tbilisidə göydələnlər tikilmir: «Tək-tük hündürmərtəbəli binaya rast gələrsən, o da ki, şəhərin kənarlarında. Həmin tikililər də ciddi memarlıq planı əsasında aparılır. Mən Bakını hədsiz sevirəm, amma son illər dağüstü parkdan şəhəri seyr edəndə görürəm ki, mənim sevdiyim Bakı yoxdur, məhv edilib. Sıx-sıx binalar tikilmiş bir şəhər var». Ədalət Tahirzadə Tbilisidə küçələrin eninin 20-30 metr olduğunu da dedi: «Orda heç vaxt tıxac olmur. Bakıda isə küçələr ensizdi, 2 maşın yan-yana gedə bilmir».

Müsahibimizin sonda əlavə etdi ki, Tbilisinin ən dəyərli sərvəti ağaclardır: «Orda qəribə bir hadisənin şahidi oldum. Küçənin ortasında balaca bir ağac vardı, onu hasara alıblar ki, maşınlar xətər yetirməsin. Mən həmin ağaca həsəd apardım, çünki onu qoruyan insanlar, dövlət, xalq var. Onlar öz ağaclarını məhv olmağa qoymurlar».
XS
SM
MD
LG