Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:05

«525-ci qəzet»: «Avropa Birliyi Azərbaycanı hərbi yoldan çəkinməyə çağırır»


«525-ci qəzet»dəki «Avropa Birliyi Azərbaycanı hərbi yoldan çəkinməyə çağırır» sərlövhəli yazıda Vüqar Orxan yazır ki, təşkilat Qarabağ münaqişəsinin müharibəyə keçməsini önləmək üçün problemlə daha yaxından maraqlanmaq niyyətindədir. Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların dalana dirənməsi və cəbhə xəttində atəşkəsin pozulması hallarının intensivləşməsi regionda geniş iqtisadi maraqları olan beynəlxalq dairələrdə getdikcə daha ciddi narahatlıq doğurmaqdadır. Son olaraq bu narahatlığı Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi Yerevana səfəri gedişində ifadə edib. Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşləri dəyərləndirən P.Semnebi jurnalistlərə açıqlamasında bu mövzu üzərində xüsusi dayanıb. Onun sözlərinə görə, AB qitədəki «dondurulmuş münaqişə»lərin, özəlliklə Dağlıq Qarabağ konfliktinin nizamlanması prosesində daha yaxından təmsil olunmaq niyyətindədir və bununla bağlı prinsipial qərar qəbul edib. AB rəsmisi nəzərə çatdırıb ki, beynəlxalq birlik bu problemin dinc yolla və danışıqlar vasitəsilə həllini zəruri sayır, çünki «Qarabağ münaqişəsini hərbi yolla həll etməklə bağlı istənilən cəhd sonda ciddi və hətta fəlakətli nəticələrə gətirib çıxara bilər».

«Ayna» qəzetindəki «Ankara yeni təşəbbüslərlə çixiş edəcək» sərlövhəli yazıda müəllif Şahmar qeyd edir ki, Azərbaycan - Türkiyə münasibətlərində Qarabağ münaqişəsinin nizamlanması xüsusi yer tutur. Türkiyə bu məsələdə Azərbaycanı hərtərəfli dəstəkləyən yeganə dövlətdir, Ankara Bakının bu istiqamətdəki səylərini qeyd-şərtsiz müdafiə edir. Müəllif qeyd edir ki, indiki vəziyyətdə Ankara Qarabağ nizamlanması prosesində birbaşa vasitəçi kimi çıxış etmir. ATƏT-in üzvü və Azərbaycanın strateji müttəfiqi kimi Türkiyə Minsk Qrupunun fəaliyyəti, danışıqlar prosesi barədə ətraflı məlumatlandırılır və müvafiq olaraq mövqeyini ortaya qoyur. Türkiyənin Qarabağ nizamlanmasında fəal vasitəçi kimi çıxış etməsinə Ankara ilə Yerevan arasındakı problemlər də mane olur. Təhlilçilərə görə, hazırda Türkiyənin Qarabağ məsələsində əsas vasitəçilərdən biri kimi çıxış etməməsi obyektiv səbəblərlə bağlıdır.


«Bakı-Xəbər» qəzetindəki «Sezər İlham Əliyevə dolayı yolla irad tutdu» başlıqlı yazıda məllif Rasim Bayramov yazır ki, aprelin 4-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə prezidenti Əhməd Necdət Sezər bir sıra məsələlərə görə, dolayı yolla olsa da İlham Əliyevə öz iradlarını çatdırıb. Onlardan ən əsası isə, Türkiyədən olan iş adamlarının Azərbaycanın qeyri-neft sektoruna yatırmaq istədiyi investisiyalarla bağlı oldu. Sezər açıq şəkildə vurğuladı ki, əgər Azərbaycanda xarici sərmayədarlar üçün şərait yaradılsa, türk biznesmenlərinin yatırdığı investisiyanın həcmi də artıq olar. Başqa sözlə deyilsə, Türkiyə Azərbaycanın mövcud investisiya mühitindən, burada meydana çıxan korrupsiyadan və digər bu qəbildən olan məsələlərdən narazıdır. Ekspertlər belə hesab edirlər ki, əgər Azərbaycan gömrük tariflərində qonşu ölkə üçün əlverişli qiymətlər tətbiq etməsə, eləcə də Sezərin dediyi kimi, əlverişli investisiya mühiti yaratmasa, Türkiyə kimi ticarət partnyorunu daha sürətlə itirməli olacaq.


XS
SM
MD
LG