Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31
Yeni Yasamaldakı «Akkord» Şirkətlər Qrupunun tikdiyi «Etalon» yaşayış kompleksindəyəm. Burda tikinti gedir, amma binalarda cəmi 3-4 fəhlə gözə dəyir.

Dediklərinə görə, altı binadan ibarət bu kompleksdə 80-ə yaxın fəhlə işləyirmiş. Bunu kompleksdəkilərdən biri dedi. İrəli heç kimi buraxmayan adam mənimlə söhbət də etmək istəmədi. «Siz Allah, elə eləməyin bizi də məcburi məzuniyyətə göndərsinlər», - deyib yola saldı.

«Akkord» Şirkətlər Qrupu bu günlərdə 1500 işçisini məzuniyyətə göndərib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məlumatına görə, «Baku Steel Company», «Azərboru», «Poladtökmə» zavodlarında da yüzlərlə işçiyə məzuniyyət verirlər. Konfederasiya deyir ki, qlobal böhran Azərbaycanın tikinti sektoruna da çatıb, faktla bağlı araşdırma aparılır.

Ancaq «Akkord» şirkəti məcburi məzuniyyətlərin qlobal böhranla əlaqəsi olmadığını bildirir. Şirkətin Mətbuat Xidmətinin rəhbəri Afaq Quliyevanın «Azadlıq» radiosuna dediyinə görə, işçiləri hava soyuduğu üçün məzuniyyətə göndərirlər:

«İnfrastruktur layihələri üzrə 1500 işçini məzuniyyətə göndərmişik. Yəni bu, məcburi məzuniyyət deyil, infrastruktur layihələrimiz üç dağlıq rayondadır, orda da soyuqda, şaxtada torpaqbərkitmə işlərini aparmaq mümkün deyil».

Amma Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov hesab edir ki, məcburi məzuniyyətlərin səbəbi qlobal böhrandır. Şirkətlər işçilərin pulunu verə bilmədikləri üçün belə edir və əməkdaşlarının haqlarını pozurlar:

«90-cı illərin böhran dövründən tətbiq olunan üsuldur ki, məzuniyyətə göndərirlər, əməkhaqqı almır işçi, sığorta stajı getmir».

Azərbaycanın Əmək Məcəlləsinin 77-ci bəndində deyilir ki, şirkət işdən çıxardığı adama iki ay əvvəldən xəbər verməli, əməkhaqqından az olmamaqla müavinət verməli, hələ işdən çıxmamış başqa iş axtarması üçün şərait yaratmalıdır. Üstəlik, Əməl Məcəlləsi kütləvi ixtisarlara məhdudiyyət qoyur. Odur ki, ixtisar Azərbaycandakı şirkətlərə sərf etmir və onlar işçilərini məcburi məzuniyyətə göndərirlər.

Həmkarlar İttifaqları Konfederasiyasında sosial-iqtisadi mənafelərin müdafiəsi üzrə şöbənin müdiri Çingiz Tağıyev deyir ki, məzuniyyətə göndərilən işçilərin haqları qorunur:

«Qanunda nəzərdə tutulduğu kimi onlara maaşın üçdə ikisi ödənilir».

Amma «Akkord»un sözçüsü Afaq Quliyeva işçilərin ödənişsiz məzuniyyətə göndərildiyini etiraf edir. Və bunun da havanın soyuqluğuyla bağlı olduğunu bildirir:

«Əmək Məcəlləsində deyilir ki, qəzalar-filan olanda göndərmək olar. Biz də soyuğa görə göndərmişik. Ümid edirik ki, sonra birgə işləyəcəyik».

Ekspertlər işçilərin aldadılacağından narahatdırlar. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, ödənişsiz məzuniyyət adıyla uzaqlaşdırılan işçilər adətən şirkətin vədinə inanır. Ona görə hələ ki, şikayət-filan etmirlər. Ancaq qanuna görə, işçi məcburi məzuniyyətdən imtina edə, təzminat istəyə bilər. Amma bütün bunlar müqaviləsi olan işçilərə aiddir.

Şərhləri göstər

XS
SM
MD
LG