Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:24

Zərdüşt Əlizadə: «Azərbaycanda mütləq hakimiyyət bərqərar olur»


Zərdüşt Əlizadə: «Azərbaycanda bir hakim zümrə var, bir də boz-bulanıq idarə olunan kütlə»

Zərdüşt Əlizadə: «Azərbaycanda bir hakim zümrə var, bir də boz-bulanıq idarə olunan kütlə»

Dinlə

«Azərbaycanda sərbəst düşünən insanlar çox azdır. Bu dar bir zümrədir». «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, politoloq Zərdüşt Əlizadə belə deyir.

«Freedom House» beynəlxalq hüquq müdafiə təşkilatının son hesabatına münasibət bildirən Zərdüşt bəy bunu adi qarşılayır:

«Qərbin Azərbaycanı qeyri-azad ölkə sayması heç nəyi dəyişmir. Biz onsuz da görürük ki, Azərbaycan vətəndaşlarının insan, qanun, vətəndaş azadlıqlarını, hüquqlarını mütəmadi olaraq hakim zümrə əllərindən alır. Bunu onunla izah etmək olar ki, ortada böyük neft gəlirləri var. Neft, büdcə, kredit, rüşvət gəlirlərinin mənimsənilməsi məsələsi var. Bunu heç bir nəzarət olmadan həyata keçirirlər. Azərbaycanda getdikcə mütləq hakimiyyət bərqərar olur. Bu hakimiyyətin bir məqsədi var – sərvət toplamaq. Təəssüf ki, sərvətin toplanması məsələsində cəmiyyət nəzarət qura bilmir. Bu isə Azərbaycan vətəndaşlarının ümid edirəm ki, hələlik, demokratik ənənələrinin zəifliyindən irəli gəlir».
Müsahibimizin fikrincə, Azərbaycanda azad düşünən insanlar barmaqla sayıla biləcək qədərdir: «1988-92-ci illərdə sosial-fəal insanların sayının artması heç də onunla bağlı deyildi ki, insanlar azadlıq istəyirdilər. Əsas stimul Qarabağ məsələsi idi. Çoxları müstəqilliyi elə başa düşürdü ki, biz qısa müddətdə möcüzə nəticəsində varlı yaşayacağıq. Məsuliyyət daşımaq, çətin yaşayıb müstəqil qərarlar vermək kimi fikirləri çox az adam qəbul edirdi. İndinin özündə də cəmiyyətdə təbəqələşmə, təşkilatlanma yoxdu. Bir hakim zümrə var, bir də boz-bulanıq idarə olunan kütlə. Hakim zümrə milli, ülvi dəyərlərdən çox uzaq bir zümrədir».

Rəhman Bədəlov
Zərdüşt Əlizadə əlavə edir ki, Azərbaycan dünya bazarına xammaldan başqa heç nəylə çıxmır: «Biz dünya prosesində sırf geridə qalmış bir müstəmləkə xalqı statusu ilə iştirak edirik».

Professor Rəhman Bədəlov isə belə hesab edir ki, Azərbaycan sərbəst insanlar ölkəsi olmağa can atır:

«Əgər indi biz bu məkanda azad fikirlərimizi söyləyə biliriksə, deməli, can atır. Amma çox az adam var ki, onlar üçün sərbəstlik hətta güzərandan yüksəkdir, onun idealıdır, başqa cür yaşaya bilməz. Belə insanlar sayca çox azdır. Hətta demokratiya haqda danışanlar da azdır. Bu, təhlükəli vəziyyətdir. Bir gənc var, adını çəkməyəcəyəm, sayt yaradıb və xaricdə oxuyan gənclərə müraciət edib ki, Konstitusiya dəyişikliyi ilə əlaqədar fikirlərini söyləsinlər. Sözdə əksər tələbələr bu dəyişikliyə etiraz eləsələr də, bu haqda öz imzaları ilə sayta yazmaqdan imtina etdilər. Başa düşürəm, yəqin onların valideynləri nəinki varlıdır, bəlkə müəyyən dərəcədə iqtidar zümrə ilə bağlıdırlar. Amma bu hal məni çox narahat edir. Axı onlar cavandırlar, xaricdə təhsil alırlar, sərbəst olmalıdırlar…»

Şərhləri göstər

XS
SM
MD
LG