Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:10

Soyuq enerji müharibəsi


Son nəticədə Avropa ölkələri Rusiya ilə münasibətləri qış ərəfəsində korlamamaq qərarına gəldilər

Son nəticədə Avropa ölkələri Rusiya ilə münasibətləri qış ərəfəsində korlamamaq qərarına gəldilər

Neçə gün idi ki, dünyanın enerji üzrə ekspertlərinin, eləcə də siyasətçilərin diqqəti Rusiya ilə Ukrayna arasında qazın Avropaya nəqli ilə bağlı yaranan mürəkkəb vəziyyətə yönəlmişdi. Köhnə Dünya – Avropa həqiqətən də çətin anlar yaşayırdı, hətta müəyyən mənada çıxılmaz vəziyyətə düşmüşdü. Belə olmasaydı, Avropa Birliyinin rəhbərləri son bir həftədəki fəaliyyətlərini demək olar ki, ancaq bu problemə həsr etməzdilər. İlk baxışda sadə, hətta cari problem xarakteri daşısa da, məsələ əslində çox mürəkkəbdir. Bəlkə də heç təsadüfi deyil ki, bəzi tədqiqatçılar hətta tarixin özünə enerji mənbələri uğrunda mübarizə, bəşəri inkişafa isə enerjinin əldə edilməsi üsullarının təkmilləşməsi prosesi kimi baxırlar.

Qarşılıqlı ittihamların spektri çox geniş idi. Burada qiymət məsələsi də var idi, Rusiya ötürülən qazın Ukrayna ərazisində oğurlandığını da iddia edirdi.
İndi məsələ nisbi həllinə yaxındır. Yaxın 36 saat ərzində Avropaya qazın ixracının bərpa olunacağı bildirilir. Amma müşahidəçilər buna çox skeptik yanaşırlar. Məsələ bundadır ki, Rusiya problemə siyasi və hətta geosiyasi məzmun verib. Ukraynadakı indiki siyasi rejim Rusiyanı heç də qane etmir.
Problemin bir aspekti bilavasitə bununla bağlıdır. Ancaq təkcə bu detal ilə məsələ tükənmir. İnsanlar kimi bəxti gətirən dövlətlər də olur. Dünya bazarında neftə olan ehtiyac azalsa da, qazla bağlı bu, hələ nəinki baş vermir, hətta onun qiyməti artmaqda davam edir. Burada Rusiyanın inhisarçı mövqelərə malik olması da az rol oynamır. Rusiya açıq – aşkar enerji ilə Avropanı təhdid edir. NATO-nun sonuncu sammitində məhz bu amilin köməyi ilə Rusiya Ukrayna ilə Gürcüstanın Alyansa daxil olmasının qarşısını ala bildi. Avropa ölkələrinin hamısı olmasa da, əksəriyyəti, xüsusən də Şərqi Avropa ölkələri və ABŞ bu iki ölkənin Şimali Atlantika Blokuna sürətlə inteqrasiya etməsinə çalışırdılar. Amma son nəticədə Avropa ölkələri Rusiya ilə münasibətləri qış ərəfəsində korlamamaq qərarına gəldilər, Ukrayna ilə Gürcüstanın siyasi qazancı isə, demək olar ki, Alyansın verdiyi növbəti yeni ümidlər və vədlər oldu. Düzdür, ABŞ ən azı Gürcüstanın təhlükəsizlik çətirində ciddi problemlərin olduğunu görür. Bu yaxınlarda strateji tərəfdaşlıq haqqında iki dövlət arasında imzalanan müqavilə çox güman ki, məhz bunun nəticəsidir.
Rusiya öz arsenalındakı bütün vasitələrdən istifadə edir – özünün yaxın müttəfiqlərini, necə deyərlər, «forpost»larını müasir silahlarla təchiz etməkdə davam edir, Avropanı qazla şantaj edir, neft və qaz ehtiyatlarına malik olan keçmiş sovet ölkələrinin resursları üzərində nəzarəti bərpa etməyə, onların nəqlini tamamilə öz əlində cəmləşdirməyə çalışır

Sözsüz ki, dünya «soyuq müharibə»nin standart anlamından çox uzaqdır – heç kim yenidən keçmişə qayıtmaq niyyətində deyil. Amma geosiyasi nüfuz və maraq dairələri uğrunda mübarizə labüddür və o, davam edir. Rusiya bunun üçün öz arsenalındakı bütün vasitələrdən istifadə edir – özünün yaxın müttəfiqlərini, necə deyərlər, «forpost»larını müasir silahlarla təchiz etməkdə davam edir, Avropanı qazla şantaj edir, neft və qaz ehtiyatlarına malik olan keçmiş sovet ölkələrinin resursları üzərində nəzarəti bərpa etməyə, onların nəqlini tamamilə öz əlində cəmləşdirməyə çalışır. Burada narahatlıq yaradan detal budur ki, hələ bir neçə il bundan əvvəl bir sıra mütəxəssislər dünyanın yaxın vaxtlarda ciddi enerji böhranı ilə üzləşəcəyini bildirirdilər. Təbii ki, bu analizlərdə söhbət XXI əsrin ilk illərindən getmirdi, bir qədər uzaq perspektiv nəzərdə tutulurdu. Amma nəhəng dövlətlər, xüsusən də böyük siyasi və geosiyasi ambisiyalara malik olanlar təkcə bu günlə yaşamır, uzunmüddətli strategiyaları da unutmurlar.

Təbii ki, Rusiya əvvəlki qüdrətinə malik deyil. Xüsusən də qlobal iqtisadi böhranı nəzərə alsaq, onun arzuları ilə imkanları heç də həmişə üst-üstə düşmür. Təkcə son vaxtlarda iqtisadi böhranın nəticəsində Rusiyanın 10 böyük biznesmeni 150 milyard dollar itirib. Ancaq Rusiya müəyyən potensiala malikdir və təsir vasitələri də göz önündədir. Getdikcə avtoritar dövlətə çevrilən bu ölkə özünün idarəçilik modelini, demokratiyaya baxışını digər keçmiş sovet dövlətlərinə də ixrac etməkdədir. Təsadüfi ki, deyil ki, kiçik avtoritar rejimlərin ideoloqlarının çıxışlarında, yazılarında təlqin edilən, səslənən bəzi tezislər məhz Rusiyanın siyasi texnoloqlarının təbliğ və inkişaf etdirdikləri «siyasi ştamplar»dır – « suveren demokratiya», «effektiv dövlətçilik» və s.

Rusiya demokratik dövlətə çevrilə bilmədi – düzdür, bazar iqtisadiyyatı var, demokratiyanın müəyyən prosedurları saxlanır, hələ ki, seçki mövcuddur, Duma fəaliyyət göstərir, amma siyasi rejim avtoritar mahiyyət kəsb etməkdə davam edir. Bunun səbəbləri çoxdur – burada ənənəvi imperiya şüurundan tutmuş mürəkkəb federal struktura malik olmaq kimi bir çox müxtəlif amilləri sadalamaq olar. Bir dəfə G.Yavlinski Rusiyada müxalifət partiyalarının və azad mətbuatın vəziyyətini təhlil etmişdi. Sanki söhbət yenidən avtoritarizm yolunu tutmuş bəzi keçmiş gənj sovet ölkələrindən gedirdi. Tendensiyaların bu qədər yaxınlığı heyrətləndirməyə bilməzdi!
İndi dünya keçid ərəfəsindədir. Bu yaxınlarda ABŞ-da yeni administrasiya və prezident fəaliyyətə başlayacaq. Söhbət hansısa başqa ölkədən getsə idi, buna əhəmiyyət verməmək də olardı. Amma ABŞ-ın dünyadakı proseslərə təsiri mübahisəsizdir, baxmayaraq ki, indi ciddi daxili problem də mövcuddur - söhbət iqtisadi böhran və onun həllindən gedir. Amma yeni administrasiya üçün xarici siyasətdə hansı problemlər xüsusi önəm təşkil edəcək? İnsan haqlarına və demokratiyaya, bəzi gənc dövlətlərdə son dövrlərdə müşahidə edilən avtoritarlaşma meyllərinə hansı münasibət bəsləniləcək, onlarla siyasi əlaqələr inkişaf etdirilərkən sadalanan amillərə nə dərəcədə diqqət yetiriləcək? Alternativ enerji dəhlizlərinin taleyi necə olacaq? NATO-nun genişlənməsi, keçmiş sovet ölkələrinin bura daxil olması perspektivləri nə qədər artacaq?

İndi hamını məhz bu suallar düşündürür. Etiraf etmək lazımdır ki, əvvəlki hökumətin xarici siyasəti ilə bağlı kifayət qədər iradlar mövcud idi, xüsusən də «maraqlar ierarxiyası»nda insan haqlarının və demokratiyanın enerji və təhlükəsizlik məsələlərindən daha az önəm kəsb etməsi bir o qədər də razılıqla qarşılanmırdı.

Onu da qeyd etmək lazımdır ki, yeni il həm ciddi, həm də köhnə problemlə başlayıb – söhbət Yaxın Şərqdən gedir. Bəlkə ən azı bir müddət əsas diqqət məhz bu məsələyə yönəldiləcək? Demək çətindir. Təbii ki, Yaxın Şərqdəki müharibəni dayandırmaq, özü də bunu tez bir zamanda etmək zəruridir. Amma digər problemlər də öz aktuallığına görə heç də az əhəmiyyət kəsb etmir. Yeni dönəmdə demokratiyaya verilən əvvəlki önəmi bərpa etmək, demokratiyanın siyasi çəkisini və nüfuzunu qaytarmaq da çox vacibdir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG