Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:36

Ya məzuniyyətə çıx, ya işdən…


Azərbaycanda böhranın zərbəsi ilk növbədə tikinti sektoruna və orada çalışanlara dəyib
Azərbaycanda böhranın zərbəsi ilk növbədə tikinti sektoruna və orada çalışanlara dəyib
Son günlər bəzi qurumlar işçilərini məcburi qaydada məzuniyyətə göndədirlər. Məsələn, Akkord və «Baku Steel Company» bu haqda qərarı mətbuata da açıqlayıblar. Sumqayıtdakı «Azərboru» ASC-nin işçiləri isə rəhbərliyin qərarına etiraz edib və iki aylıq məzuniyyətin bir aya endirilməsini istəyiblər. Bu haqda isə «Azadlıq» qəzeti yazır.

Vətəndaşların Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, dünyadakı böhranın təsiri Azərbaycanda da duyulur. Azərbaycandakı işəgötürənlərsə köhnə təcrübədən yararlanmağa üstünlük verirlər. Onlar işçiləri ixtisara salmır, yəni işdən çıxartmırlar. Sadəcə, ödənişsiz məzuniyyətə göndərirlər. Bu qanuna zidd deyil. Amma həmin məzuniyyətlə bağlı vaxt məhdudiyyəti olmalıdır. Sahib Məmmədova görə, işçilərlə vidalaşmaq rəhbərliyə sərf etmir, ona görə də ikinci yola baş vururlar:

«Çünki işdən çıxarılan işçiyə iki ay əvvəldən xəbərdarlıq olunmalı, təzminat ödənməli, bir aylıq müavinət verilməlidir. İşçi növbəti aylarda da iş tapa bilməsə, əmək məşğulluq mərkəzindən arayış gətirir və keçmiş iş yerindən müavinət almaqda davam edir. Bu isə böyük məbləğdə puldur. Ona görə də Azərbaycanda sahibkarlar 1990-cı illərdən istifadə olunan üsuldan yararlanırlar. İşçiləri ödənişsiz məzuniyyətə göndərir, geri çağırmırlar. Nəticədə işçilərin istehsalatla əlaqəsi kəsilir, əmək haqqı almırlar, sığorta stajı getmir…»
Amma qanuna görə, işçilər bu vəziyyətlə razılaşmaya bilər - məcburi qaydada məzuniyyətə getməkdən imtina edə, təzminat istəyə bilər. Bunu da Sahib Məmmədov söyləyir. Hərçənd sahibkarların işçiləri kütləvi ixtisara salmamalarının başqa səbəbləri də var.

«Əmək Məcəlləsi işçilərin kütləvi ixtisarına məhdudiyyət qoyur. Qanunda ixtisarla bağlı müəyyən rəqəmlər göstərilib. Sahibkarlar həm də bu üzdən işçiləri məzuniyyətə yollayırlar…»

Bu günlərdə Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev deyib ki, işçilərin kütləvi məzuniyyətə göndərilməsi araşdırılır və bu məsələ xüsusi toplantıda müzakirə olunacaq. Sahib Məmmədovun qənaətincə, konfederasiyanın işə qarşıması müsbət haldır. Amma çətin ciddi təsiri olsun:

«Konfederasiya işəgötürənlə tərəfdaşdır, onunla danışıqlar apara bilər. Prosesləri tənzimləməyə çalışa, işəgötürənlərə qanunvericiliyi xatırlada bilər. Amma konfederasiyanın prosesə daha ciddi şəkildə müdaxilə edə bilmək üçün böyük səlahiyyət və imkanları yoxdur. Bununla belə, Konfederasiyanın bəyanatı müsbət haldır. Bəlkə də faydası oldu».

Mütəxəssislərə görə, Azərbaycanda böhranın zərbəsi ilk növbədə tikinti sektorunda və onunla bağlı infrastrukturda çalışanlara dəydi. Sahib Məmmədov bununla razılaşır və deyir ki, məhz həmin sektorda çalışanlar ödənişsiz məzuniyyətə göndərilir. Əmək müqaviləsi olmayanlara isə sahibkarlar işə gəlməmələri üçün xəbərdarlıq edib.
XS
SM
MD
LG