Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:47

Müxalifət gecikir?


«Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupuna da 40 min imza gərəkdir

«Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupuna da 40 min imza gərəkdir

Yeni Azərbaycan Partiyasının (YAP) referendumla bağlı yaratdığı təşviqat qrupu MSK-ya müraciət edib. Bu qrup artıq Bakı kəndlərində toplantılar da keçirməyə başlayıb. Anti-referendum qrupları isə hələ ki, belə bir addım atmayıblar. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, onların yaratdığı «Respublikaçılar» təşəbbüs qrupunun yaxın günlərdə toplantısı olacaq və bundan sonra sənədlər MSK-ya təqdim ediləcək:
«Beş gün müddətinə MSK bizə cavab verməlidir. Bu cavaba uyğun olaraq imza toplanmasına başlanılacaq».
Təşəbbüs qrupları MSK-da qeydiyyata alınmaq üçün 40 min imzanı fevralın 1-nə kimi komissiyaya təqdim etməlidir. Yalnız bu imzaların doğru-dürüstlüyünə baxılandan sonra həmin təşəbbüs qrupları təşviqat apara bilərlər.
A.Hacılı deyir ki, təşviqat üçün çox az vaxt olsa da, onlar bunun öhdəsindən gəlməyə çalışacaqlar.
Amma iş orasındadır ki, müxalifətin referendumla bağlı yeni yaratdığı «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupuna da 40 min imza gərəkdir. AXCP sədrinin müavini Həsən Kərimov 40 min imza toplanmasında elə bir problem görmür:
«Rayon şöbələrinin kifayət qədər gücü var. Biz dəfələrlə seçkilərdə iştirak edən təşkilatlarıq, ona görə də bu, bizim üçün problem deyil».
Müxalifət partiyaları sənədləri hazırladığı bir vaxtda artıq YAP-ın təşviqat qrupu ötən həftədən imza toplamağa başlayıb.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hakim partiyanın belə tez işə başlamasından şübhələnir. O, iddia edir ki, YAP-ın təşviqat qrupunun imza vərəqəsi alması məsələsində MSK-nın təlimatlarına əməl olunmayıb:
«Çünki təlimat yalnız dekabrın 30-da qəbul edilib. Ancaq təlimatda qeyd olunan məsələlərlə əlaqədar təşəbbüs qrupları hələ dekabrın 30-dan əvvəl YAP tərəfindən yaradılmağa başlanıb ki, bunun özü də bütövlükdə prosesin qanuna və təlimatlara uyğun aparılmasına şübhə yaradır».
YAP-dan bu deyilənlərə cavab almaq mümkün olmasa da, MSK hər şeyin tam qanuna uyğun getdiyini bildirir. Komissiyanın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, toplanan imzalarda bir nəfərin iki sənədə imza atması və ya 40 min imzanın 60-dan az dairədən toplandığı üzə çıxarsa, onda həmin təşəbbüs qruplarının qeydiyyatından imtina ediləcək.
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə hesab edir ki, elə müxalifət də daxil olmaqla təşəbbüs qrupu yaratmaq istəyən digər qurumlar artıq bu işdə gecikirlər. Onun sözlərinə görə, təxminən iki həftədən bir az artıq müddətə təşviqat qrupları işlərini yekunlaşdırmalıdır. Amma bunun üçün birinci növbədə təşəbbüs qrupu iclas keçirib iki min nəfərin imzaladığı protokolu MSK-ya təqdim etməlidir.
H.Həsənov deyir ki, qanunda nəzərdə tutulan qaydalarda xeyli mürəkkəb və vaxt aparan məqamlar var. Misal üçün təşəbbüs qruplarının təyin etdiyi iki min nəfərlik səlahiyyətli nümayəndələrin hamısı notarial qaydada təsdiqlənməlidir:
«Bu prosedur çox çətindir».
Ekspert deyir ki, əslində hər kəsin referendum əleyhinə və lehinə təşviqat aparmaq hüququ var, amma efir vaxtı 40 min imzanı toplayıb qeydiyyatdan keçən təşviqat qruplarına veriləcək. Bu baxımdan artıq hakimiyyəti dəstəkləyən jurnalistlərin, musiqiçilərin, aşıqların təşviqat qruplarının yaranmağa başladığını deyən Həsənov bildirir ki, təşviqat üçün ayrılan həftəlik üç saat efir vaxtı həmin qruplar arasında bölünəndə, məlum olacaq ki, heç bu qədər əzab-əziyyətə dəyməzmiş. Yəni bu qədər əzab-əziyyətin qarşılığında təşəbbüs qrupları həftədə bir-iki dəqiqə ya danışacaq, ya da danışmayacaq.

Şərhləri göstər

XS
SM
MD
LG