Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:11

Helsinki Komissiyası radioların yayımı məsələsini müzakirə edəcək


Əlsi Heystinqs

Əlsi Heystinqs

«Mən Azərbaycanın «Azadlıq» radiosu və «Amerikanın səsi»nin yerli yayımını dayandırmasından dərin narahatlığımı bildirmək istəyirəm. «Azadlıq» radiosu və «Amerikanın səsi»ni FM tezliyindən götürəcəyi ilə bağlı aylar sürən hədələrdən sonra Bakı yanvarın 1-də dediyi kimi etdi».

Helsinki Komissiyasının sədri Floridadan konqresmen Əlsi Heystinqs Konqressdə çıxış edərkən verdiyi bəyanatda belə deyib. Onun sözlərinə görə, bu qərarın rəsmi bəhanəsi 2002-ci ildə qəbul olunmuş qanunun bu cür tezlikləri yalnız yerli yayımçılar üçün məhdudlaşdırmasındadır:

«Noyabrın 24-də başçılıq etdiyim Helsinki Komissiyası mənim, həmsədr senator Bencamin Kardin və Konqress azlığının təmsilçisi Kristofer Smisin imzası ilə prezident İlham Əliyevə məktub ünvanlamış, bu qərarı yenidən nəzərdən keçirməyə çağırmışdıq. Biz qeyd etmişdik ki, Konqresin maliyyələşdirdiyi «Azadlıq» radiosu və «Amerikanın səsi»ni FM tezliyindən kənarlaşdırmaq müdrik qərar olmazdı, qeyri-dostcasına bir addım olardı. Onu da nəzərə çatdırmışdıq ki, bu proqramların yayımına son qoymaq işə başlayacaq prezident Barak Obama ilə münasibətləri başlamağın heç də yaxşı yolu deyil. Amma Bakı bunu nəzərə almadı. Hətta onu da qeyd etməliyəm ki, bizə noyabrın 24-dən bu yana cavab verməyi belə lazım görmədilər».

Əlsi Heystinqs deyir ki, əslində daha ciddi narahatlıq üçün əsas var:

«Bakı yalnız FM yayımına son qoymaq barədə qərar vermişdi. Amma yanvarın 6-da Azərbaycan rəhbərliyi «Azadlıq» radiosunun internet fəaliyyətinə də müdaxilə etməyə cəhd göstərib – hansına ki, mane olmayacaqlarını deyirdilər».

Konqressmen deyir ki, baş verənləri ictimaiyyətin informasiyaya çıxışını məhdudlaşdırmaq arzusundan başqa heç cür izah etmək mümkün deyil:

«Dekabrın 30-da Dövlət Departamentinin qeyd etdiyi kimi, «Bu media təşkilatları demokratik debatları, eləcə də ideya və informasiyanın azad mübadiləsini dəstəkləməkdə önəmli rol oynayır. Bu qərar, əgər yerinə yetirilərsə, söz azadlığından geriyə ciddi bir addım olacaq və Azərbaycanda demokratik islahatları zəiflədəcək». Mən tamamilə razıyam. Azərbaycanın media azadlığı sahəsində göstəriciləri bundan əvvəl də çox pis idi – dövlətin tezliklər üzərində ciddi nəzarəti var, üç jurnalist həbsdədir, ATƏT, Avropa Şurası və söz azadlığını müdafiə edən başqa qruplar ölkəni ciddi tənqid edirlər. İndi internetə çıxışı olmayan azərbaycanlılar - hansılar ki, dinləyici auditoriyasının demək olar ki, əksəriyyətidir - tərəfsiz, obyektiv informasiyadan məhrum olublar».

Konqresmen Əlsi Heystinqs deyir ki, bu qərar Azərbaycanın Birləşmiş Ştatlarla münasibətlərinə mənfi təsir edəcək:

«Mən təəssüf edirəm ki, prezident İlham Əliyev prezident Barak Obama ilə görüşəndə iki ölkə arasında münasibətləri dərinləşdirmək əvəzinə Bakının niyə ABŞ tərəfindən maliyyələşən radiostansiyaları bağladığının müzakirəsinə vaxt sərf etməli olacaqlar».

Əlsi Heystinqs bildirir ki, Helsinki Komissiyası gələcək dinləmələrdə ABŞ beynəlxalq yayımı ilə bağlı məsələni və onun həyati əhəmiyyət daşıyan xidmətini davam etdirməyin yollarını müzakirə etmək niyyətindədir:

«Bu arada mən ümidvaram ki, prezident Əliyev «Azadlıq» radiosu və «Amerikanın səsi»ni efirdə saxlamağın yollarını tapacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG