Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:34

Manat ucuzlaşır


Manatın məzənnələri, 21 iyun 2006
Manatın məzənnələri, 21 iyun 2006
Azərbaycanın milli valyutası - manatın məzənnəsi son 2-3 gündə son aylara nisbətən ucuzlaşıb:
- 100 dolların alış qiyməti 80 manat təşkil edir, satışı 80 manat 50 qəpik.
- Manatın məzənnəsində ucuzlaşma varmı?
- Dünənlə bu gün arasında bir az fərq var. Təqribən 100 dollarda 50 qəpik.
- Əhalinin dollara tələbatı artıb, ya yox?
- Demək olmaz. Elə bir dəyişiklik hiss olunmur.
Bunu valyuta mübadiləsi mərkəzlərindən birindən dedilər.
Manatın məzənnəsinin düşməsinə gün ərzində Milli Bankdan münasibət almaq mümkün olmadı. Bankın Mətbuat Xidmətindən zənglərimizə cavab vermədilər.
Əksər iqtisadçılar bildirirlər ki, manat bu minvalla ucuzlaşarsa, onun etibarlılığı şübhə altına düşə və dollara olan tələbat arta bilər - bütün dünyada olduğu kimi.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirir ki, manatın məzənnəsinin düşməsi gözlənilən idi. Çünki Azərbaycana çoxlu neft pulları gəlirdi, böyük dollar ehtiyatı formalaşmışdı. Lakin dünya iqtisadiyyatındakı böhran, neftin ucuzlaşması ölkəyə gələn gəlirlərin azalmasına səbəb oldu. Buna baxmayaraq ekspert hesab edir ki, yaxın 6 ayda manatın məzənnəsində böyük dəyişiklik olmayacaq, proses tədrici xarakter daşıyır:
- Əvvəlki illərdən keçmə «xəstəlikdir». Manatda olan enmələr insanlara daha tez təsir edir. İstənilən halda ciddi təşvişə düşməyə və manat ehtiyatlarını dollara çevirməyə ehtiyac görmürəm.
Azər Mehtiyev
Manatın son illər dollara nisbətən öz məzənnəsini qoruması, banklara manatla yerləşdirilən əmanətlərin həcminin artmasına səbəb olub. Məsələn, 2007-ci ildə əgər bu rəqəm 53%-ə qədər olduğu halda, ötən il təxminən 65% təşkil edib.
Ancaq İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov hesab edir ki, manatın dollara nisbətən məzənnədən düşməsi əhalinin gəlirlərinin azalmasına, bankların gəlirinə mənfi təsir edəcək, inflyasiyaya, idxal olunan malların bahalaşmasına səbəb ola bilər. Həm də onu nəzərə alsaq ki, statistikaya görə, Azərbaycanda 55 faiz ərzaq məhsulu idxal olunur.
Ancaq bu prosesin müsbət cəhəti də var. İxrac potensialını artıra bilər. Ancaq nəzərə alsaq ki, Azərbaycan ixracının yalnız 2%-ni qeyri-neft sektoru, 98 faizini isə neft və neft məhsulları təşkil edir, onda manatın ucuzlaşmasının ixracı stimullaşdırmasına bel bağlamaq düzgün deyil.
İqtisadçı Vüqar Bayramov hesab edir ki, manatın məhz indi ucuzlaşmasında hökumətin özü də maraqlı ola bilər. Ancaq ekspert deyir ki, bu vəziyyətdən hökumət büdcəsi qazansa da, zərbə yenə də xalqa dəyəcək:
- Hökumət manatın məzənnəsinin aşağı düşməsində ona görə maraqlıdır ki, bu gün neft dollarla satılır və ölkəyə neft satışından əldə olunan vəsaitlər dollarladır. Dövlət büdcəsinin bir hissəsi inflyasiya hesabına formalaşırsa, bu, o deməkdir ki, həmin dövlət büdcəsindən əhaliyə əməkhaqqı şəklində verilən manatın alıcılıq qabiliyyəti aşağı olur. Yəni praktiki olaraq, itirən əhali olur.
Vüqar Bayramov
V.Bayramov deyir ki, dövlət büdcəsində 1 barel neft üçün nəzərdə tutulan qiymət dünya bazarlarında reallaşmasa, hökumət inflyasiyaya getməkdə maraqlı olacaq:
- Neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranan boşluğu inflyasiya hesabına dolduracaq. Ona görə Azərbaycanda dolların məzənnəsinin möhkəmlənməsi həm təbii proses, eyni zamanda büdcəsini formalaşdırmaq istəyən hökumətin məhz inflyasiya alətindən istifadə etməsi kimi də özünü göstərə bilər. Hər iki faktın üst-üstə düşməsi manatın məzənnəsinin ucuzlaşmasını daha da intensivləşdirə bilər.
Bakıda söhbətləşdiyim sakinlər isə deyirlər ki, daha çox inandıqları valyuta məhz manatdır. Və manatın məzənnəsində enmə-qalxmalara normal baxırlar:
- Azərbaycan manatına etibar edirəm, çünki neçə illərdir dollar, avro, rus, türk pulu dəyişir, manat isə dəyişməz qalır.
- Açığını desəm heç birinə etibar etmirəm. Dollar aşağı düşə, qalxa bildiyi kimi manat da ola bilsin artsın-azalsın.
- Məncə, hazırda Azərbaycanda ən etibarlı manatdır. 1-2 günlük manatın məzənnəsi aşağı düşə bilər, bəlkə də bu müvəqqəti bir haldır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG