Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25

Referendumu müşahidə edən yoxdu…


Azər Sarıyevə görə, müşahidə ilə bağlı MSK-ya müraciətlər adətən səsverməyə bir ay qalmış olur

Azər Sarıyevə görə, müşahidə ilə bağlı MSK-ya müraciətlər adətən səsverməyə bir ay qalmış olur

Referendumu müşahidə ilə bağlı Mərkəzi Seçki Komissiyasına hələ müraciət edən yoxdur. Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyevə görə, onlara ümumiyyətlə, cəmi bir müraciət olub amma müşahidə yox, təşviqatla bağlı: «YAP təşəbbüs qrupu müraciət edib, hələ ki başqa təşəbbüs qrupları və ya müşahidə üçün müraciət edən yoxdur».

Azər Sarıyevə görə, müşahidə ilə bağlı MSK-ya müraciətlər adətən səsverməyə bir ay qalmış olur.
MSK-ya müraciətlər olmasa da, QHT-lər arasında bu məsələ müzakirə olunmaqdadır. Həm Milli QHT Forumunda, həm də ayrı-ayrı ictimai təşkilatlar arasında müzakirələr aparılır ki, müşahidə işi necə aparılsın. Prezident seçkilərində daha çox qüvvə ilə müşahidə aparan, «exit-poll» keçirən təşkilatlar ötən il etdiklərini təkrarlamağa hazır görünürlər. Ötən ilki prezident seçkilərinin demokratik, ədalətli və şəffaf keçirildiyini öz hesabatlarında qeyd edən təşkilatlardan «Azadlıq» radiosuna verilən məlumata görə, hazırda referendumu müşahidə ilə bağlı proqram hazırlanır və bu, yaxın günlərdə açıqlanacaq.
Amma ötən seçkilərlə bağlı hesabatlarında yalnız müsbət rəy verən yerli təşkilatlar öz maliyyə mənbələri, xərclədikləri pulun məbləği haqqında indiyə qədər heç bir məlumat açıqlamayıblar. Elə bu baxımdan həmin təşkilatların referenduma maraqları cəmiyyətdə birmənalı qarşılanmır.

Seçki məsələləri üzrə ekspert Şirzad Məmmədliyə görə, müşahidə missiyasını özünün peşəsi, işi sayanlar bu işi lazımınca həyata keçirəcəklər. Amma başqa bir yandan o, hesab edir ki, müşahidə aparmaq istəyənlərin bu məsələdə hökumətlə bazarlığa getməsi də mümkündür: «Əlbəttə, Azərbaycan kimi ölkədə bu, qaçılmaz bir şeydir».

Şirzad Məmmədli deyir ki, əgər bazarlıq varsa, demək orda bazarlığa gedənlar arasında hansısa anlaşma da var.
Politoloq İlqar Məmmədova görə, hakim dairələrlə bazarlığa gedənlər təkcə yerli təşkilatlar olmur, onların arasında beynəlxalq təşkilatlar da var. O, buna ötən parlament seçkilərində Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə «exit-poll» keçirən «Mitofski International» təşkilatı ilə bağlı qalmaqalı misal gətirir. İlqar Məmmədov deyir ki, həmin təşkilatın keçirdiyi «exit-poll»a tənqidi münasibət bəslənildi. Sonradan həmin təşkilatın rəhbəri Mitovski özü də vəfatından bir qədər əvvəl yazdığı məqaləsində yerli tərəfdaşlarının «exit-poll»un nəticələrini saxtalaşdırmaq cəhdlərindən söz açmışdı:

«Cənab Mitofski onlara «exit-poll» keçirməyi sifariş verən «Renaissance Associates» təşkilatının Bolqarıstan vətəndaşı tərəfindən idarə olunan İsveçrə qurumu olduğunu demişdi. Birləşmiş Ştatlarda çıxan «Nyu Yorker» jurnalı və digər nəşrlər isə həmin təşkilatın Bakıda qeydiyyatdan keçdiyini və Azərbaycanın hakim siyasi dairələri üçün lobbi xidmətləri göstərdiyini ortaya çıxarmışdı.

Elə son seçkilərdə müsbət rəy verən amerikalı müşahidəçi qrupunu Bakıya gətirmiş Bob Lourens həm də «Renaissance Associates» şirkətinin təmsilçisi idi.

Bob Lourens «Azadlıq» radiosunun təkidli suallarına baxmayaraq, bu səfərin tam olaraq kim tərəfindən maliyyələşdirildiyini açıqlamamışdı.

«-Bir hissəsini mən ödəmişəm, qalanını da işdə marağı olan və bizi əvvəllər dəstəkləmiş biznesmenlərdən.
-Adlarını çəkə bilərsiniz?
-Mən güman edirəm ki, o biznesmenlər çoxlu adamın onlara zəng edib pul istəməsini arzulamazlar. Amma bu, elə «Renaissance Associates»lə əlaqəsi olan, Azərbaycanda proqressiv cəmiyyətin olmasında marağı olan adamlardır».

«Praqma» İctimai-Siyasi Mərkəzinin rəhbəri Taleh Şahsuvarlı prezident seçkilərindən sonra «Azadlıq» radiosuna bildirmişdi ki, «exit-poll» keçirən yerli təşkilatların maliyyə mənbələri ilə bağlı açıqlamalar verməməsi olduqca şübhəli məsələdir. Onun fikrincə, çox inandırıcı versiyadır ki, bu təşkilatları elə dolayı yollarla Azərbaycan hakimiyyəti maliyyələşdirir. Məqsəd də seçkilərdə hakimiyyətin maraqlarını təmin etmək, MSK-nın elan etdiyi nəticələrə yaxın nəticələr açıqlamaqdır.

Ötən seçkidə müşahidə aparan bəzi təşkilatların nümayəndələri bizimlə söhbətdə hətta onlara «exit-poll» keçirmək göstərişinin icra hakimiyyətindən, hansısa məmurdan, iş adamından gədiyini bildirirdilər.

Amma müstəqil ekspertlər hesab edir ki, Azərbaycan kimi ölkələrdə hökumətdən göstəriş almayan, hökumətə bağlı olmayanların siyasi layihələrə dəstək verməsi o qədər də inandırıcı səslənmir.

İndiyə qədər ki seçkilərdən fərqli olaraq beynəlxalq təşkilatların referenduma elə də maraq göstərmədiyini deyən ekspertlərə görə, çox güman ki, müşahidə məsələsində bu dəfə yenə də ötən seçkilərə müsbət rəy verən təşkilatlara daha yaxşı şərait yaradılacaq.

Şərhləri göstər

XS
SM
MD
LG