Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32

«İşgəncə hallarının əksəriyyəti ibtidai istintaq vaxtı baş verir»


İradə Cavadova, Sahib Məmmədov və Elçin Behbudov

İradə Cavadova, Sahib Məmmədov və Elçin Behbudov

Dinlə

2008-ci ildə Azərbaycanda 3 nəfər işgəncələrdən vəfat edib, 80 nəfərsə xəsarət alıb. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib:

«Biz bu rəqəmləri havadan götürmürük. İşgəncəyə məruz qalmış şəxslərin özləri, qohumları, vəkillərinin müraciəti əsasında hesabat hazırlayırıq. Bu cür hesabatlardakı faktları dövlət orqanları araşdırmalıdır. Təəssüf ki, dövlət orqanları həmişə bizə işgəncə faktının təsdiqlənmədiyi haqda cavab göndərirlər. Çünki hökumət istəmir ki, beynəlxalq arenada onun adına ləkə gəlsin».

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin üzvü olan E.Behbudov deyir ki, son illər Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraiti ilə bağlı xeyli müsbət dəyişikliklər müşahidə olunur.

Hüquq müdafiəçisi İradə Cavadova isə deyir ki, əksər hallarda işgəncə faktı cəzaçəkmə müəssisəsində yox, ibtidai istintaq zamanı baş verir. Xüsusilə də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanalarında bu cür hallarla bağlı çoxlu şikayətlər gəlir:

«BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin 2003-cü ildəki tövsiyəsində bildirilir ki, Azərbaycanda insanların həm MTN-dəki təcridxanalarda saxlanması, həm də ibtidai istintaqının aparılması düzgün deyil. Bu təcridxanalar bağlanmalıdır. Lakin hələ də bu tövsiyəyə əməl olunmayıb».

İşgəncə növlərinə gəlincə, xanım Cavadova bildirir ki, bəzən insanları qapalı vəziyyətdə, informasiyasız, daim güclənib zəifləyən lampa işığında saxlayırlar:

«Belə olanda insan zaman anlayışını itirir, psixoloji gərginlik keçirir. Sonra bu cür işgəncəni sübut etmək də çətin olur. Yaxud, saxlanılan şəxsin yeməyinin içinə dərman qatırlar və onu süst hala gətirib istənilən etirafedici məlumatı alırlar».

İctimai Nəzarət Komitəsinin digər üzvü Sahib Məmmədov isə deyir ki, onlar çox vaxt gözlənilmədən, xəbər vermədən müxtəlif cəzaçəkmə müəssisələri və saxlanma təcridxanalarında monitorinq aparırlar. Nəticədə hazırladıqları hesabatı dərhal Ədliyyə Nazirliyinə çatdırırlar:

«Yüzlərlə xırda problemlər var ki, dərhal yerindəcə müdiriyyətin nəzərinə çatdırılıb. İl ərzində hesabatlarda göstərdiyimiz problemlərin 90 faizi aradan qaldırılıb».

Ədliyyə Nazirliyinin İnsan haqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov isə bildirir ki, 2008-ci ildə cəzaçəkmə müəssisələrində işgəncə halları, ləyaqəti alçaldan rəftarla bağlı onlara heç bir şikayət daxil olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, ötən il ərzində nazirliyin tabeliyində olan müvəqqəti saxlama təcridxanalarında vətəndaşların işgəncələrə məruz qalması, incidilməsi kimi faktlar qeydə alınmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG