Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:46

Rusiyanın qarşısını nə ala bilər?


Yalnız dialoq və qonşulara yardım Rusiyayla müharibənin qarşısını ala bilər
Yalnız dialoq və qonşulara yardım Rusiyayla müharibənin qarşısını ala bilər
Rusiyanın qonşularına elədikləri Avropa və Amerikaya, həmçinin yeni prezident Barak Obamaya siqnaldır. Rusiya zəif qonşuların üstünə şığıyıb, Sovet İttifaqı zamanındakı itaəti qaytarmaq istəyir - «International Herald Tribune» belə yazır. Müəlliflərin fikrincə, avqustda baş verənlər, yəni Rusiyanın Gürcüstana hücumu göstərdi ki, Moskva ordudan istifadə etməyə hazırdır. Dekabrın 24-də Rusiya prezidenti Dmitri Medvedev deyib ki, ölkəsi maraqlarını qorumaq üçün bütün vasitələrə əl atacaq. Bir az əvvəl isə o, Rusiyanın qərbində Polşa əleyhinə raket quraşdıracaqlarını bəyan etmişdi.

Dekabrın 31-də isə baş nazir Vladimir Putin dilləndi, Ukrayna Avropaya qaz nəqlinə mane olmasın, «bunun Kiyev üçün ciddi nəticələri olar»-, dedi . Əslində Rusiyanın Ukraynaya müdaxiləsi üçün bəhanələri çoxdan görünür. «Herald Tribun» belə bəhanələri sadalayır. Rusiya Ukraynaya oradakı kəmərlərini qorumaq adıyla girə bilər. Bundan başqa Rusiya Krımdakı ruslara pasport paylayır, bir gün onları qorumaq bəhanəsiylə Ukraynaya girə bilər. Avqustda da Rusiya Gürcüstana ordakı vətəndaşlarını qorumaq üçün qoşun yeritdiyini deyirdi. İndi də Gürcüstanın separatçı regionlarında - həm Abxaziya, həm də Cənubi Osetiyada əsgərlərinin sayını artırmaqdadır. Nəticədə rus ordusu Xəzər neftini daşıyan kəmərlərin və dəmir yollarının bir addımlığındadır.

Rusiyanın potensial hədəflərini də görmək mümkündür. Neftlə zəngin olan Qazaxıstanda milyonlarla rus yaşayır. Düzdür, Qazaxıstan liderləri Moskvanı narazı salmamağa çalışırlar. Amma Qazaxıstanın Qərbə Cənubi Qafqaz vasitəsilə enerji göndərməyi Moskvanı təngə gətirib. Azərbaycan və Türkmənistanın da enerji ehtiyatları Rusiyanı qıcıqlandırır, amma rəhbərlikləri Moskvaya qarşı mübarizəyə getmirlər.
Belarusa gələndə onsuz da Rusiyadan asılı olan Belarus asanlıqla qaytarıla bilər. «Herald Tribune» yazır ki, Belarusda da rəngli inqilab cəhdi olsa, Rusiya müdaxilə edə, Belarusu özünə birləşdirə bilər. Onsuz da Rusiyayla ittifaq məsələsi müzakirə olunur.

Bütün bunlar Amerika və Avropanın maraqlarına təhlükədir. Rusiya orduyla hərəkət edib Xəzər ehtiyatlarına nəzarəti ələ keçirsə, Qərbin Xəzərə qoyduğu milyardlarla sərmayə heç olar. Həm də Qərbin Rusiyadan enerji asılılığı artar.

«Herald Tribune» yazır ki, qərbin iki strategiya ehtiyacı var. Birincisi, Rusiyanı yumşaldacaq dialoq, bir də Rusiyanın qonşularının təhlükəsizliyinə yardım strategiyası. Dialoqla qərb Rusiyaya iqtisadi böhrandan çıxmağa kömək edə, bununla Moskvanı yumşalda bilər. Amerika və Avropa Rusiyayla Gürcüstanı iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpasına həvəsləndirər, müəllifin fikrincə, bunun Ermənistana da xeyri ola bilər.

Təhlükəsizliklə bağlı danışıqların hədəfi bunlar ola bilər: Rusiya Gürcüstanla barışa, qonşularını arxayın etməklə öz təhlükəsizliyini təmin edə bilər. Regional əməkdaşlıq nüvə terrorçuluğu, epidemiyalar kimi təhlükələrlə mübarizəyə kömək olar.

O biri tərəfdən Amerika da, Avropa da Rusiyanın qonşularının müdafiə sisteminin və sənayesinin inkişafına yardım etməlidir. Amma yardım proqramları separatçı regionlara girməmək şərtiylə həyata keçirilməlidir. Yalnız dialoq və qonşulara yardım Rusiyayla müharibənin qarşısını ala bilər. «International Herald Tribune» belə yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG