Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:45

«Müsavat İTV-dən efir almaqda israrlıdır»


A.Hacılının sözlərinə görə, referenduma etiraz olaraq kütləvi aksiyaların keçirilməsi yönündə də müzakirələr gedir

A.Hacılının sözlərinə görə, referenduma etiraz olaraq kütləvi aksiyaların keçirilməsi yönündə də müzakirələr gedir

İctimai Televiziya (İTV) Müsavat Partiyasının efir vaxtı almaq müraciətinə yenə də «yox» cavabı verəcək. Partiyanın icra aparatının rəhbəri Arif Hacılı bu fikirdədir.
Müsavat istəyir ki, televiziya Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında onlara da söz demək imkanı yaratsın. Efirdə əks arqumentlər, fərqli baxışlar da yer alsın. Amma A.Hacılıya görə, İTV adətinə xilaf çıxmayacaq:
«Televiziya rəhbərliyi yenə də Seçki Məcəlləsini əsas tutacaq, bizə referendumla bağlı təşviqat qrupu yaradıb qeydiyyatdan keçəndən sonra vaxt ayrıla biləcəyini bildirəcək. Amma bunun məsələyə dəxli yoxdur. İctimai Televiziya ona görə yaradılıb ki, alternativ fikrin çatdırılmasını təmin etsin. Amma İTV hakimiyyəti təbliğ edən televiziyalardan fərqlənmir».
Arif Hacılı deyir ki, Müsavat bu məsələni yerli və beynəlxalq ictimaiyyətin diqqətində saxlamağa çalışacaq və İTV-nin qismən də olsa öz funksiyasını yerinə yetirməsinə nail olacaq.
O ki qaldı, referendumla bağlı təşviqat qrupu yaradılmasına, bu haqda hələlik qərar yoxdur. İndilik müzakirə gedir. Məsələnin dalana dirənməsi isə səbəbsiz deyil. Arif Hacılı belə deyir:
«Bu yöndə çətin prosedurlar, ciddi və bürokratik əngəllər mövcuddur. Amma müzakirələr davam edir».
A.Hacılının sözlərinə görə, referenduma etiraz olaraq kütləvi aksiyaların keçirilməsi yönündə də müzakirələr gedir:
«Düzdür, vaxt bizi sıxır. Hakimiyyət cəmiyyəti seytnot vəziyyətinə salıb. Referendum haqda qərar çox sürətlə qəbul edildi. Düşünürəm ki, həftə sonuna kimi müxalifət düşərgəsi də növbəti addımlar haqda qərar verə biləcək».
Bu ilin martında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Əsas qanuna çoxsaylı dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur. Bu təşəbbüslə hakim partiya çıxış etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG