Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:58

Əfvlə bağlı söhbətlər ciddi qəbul olunmur


«Bəlkə azadlığa çıxmalarına bir-iki ay qalmış buraxalar»

«Bəlkə azadlığa çıxmalarına bir-iki ay qalmış buraxalar»

Yeni il qabağı əfv olmadı. Halbuki bayram ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin, xüsusilə də həbsdə olan jurnalistlərin əfv olunacağıyla bağlı ehtimallar səslənirdi. Jurnalistlərin azadlığa buraxılmasıyla bağlı Mətbuat Şurasının, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin prezidentə müraciətinin olması da bu ehtimalları gücləndirirdi. O cümlədən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin və onun qardaşı, bu qəzetdə satirik şeirlər yazan Mirzə Sakitin atalarının yas mərasimində iştirakına yaradılan imkan da əfvə dikilən ümidləri artırmışdı. Hərçənd Qənimət Zahidin xanımı Ayəndə Mürsəliyeva deyir ki, onlar əfvlə bağlı artıq ümidlərini kəsiblər:
«Çünki hər dəfə əfv söhbəti ortaya çıxanda, ya bu, olmurdu, ya da əfv veriləndə siyasi məhbuslar, jurnalistlər azadlığa buraxılmırdı. Ona görə də artıq əfvə göz dikməmişik. Əfv üçün də müraciət edən deyilik».
Mətbuat Şurasının üzvü Mehman Əliyev də artıq əfvlə bağlı söz-söhbəti ciddi qəbul etmir. Onun qənaətinə görə, jurnalistlər cəza müddətini axıra qədər çəkəcəklər:
«Bəlkə azadlığa çıxmalarına bir-iki ay qalmış buraxalar».
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel isə təəssüflənir ki, Azərbaycanda jurnalistlərin həbsiylə bağlı məsələ hələ də öz həllini tapmayıb:
«Nə qədər ki, məsələ açıq qalıb, büro siyasi məhbus məsələlərilə bağlı xüsusi məruzəçinin təyin olunmasıyla məşğul olmalıdır. Əgər bu, olmasa, əlbəttə, növbəti səfərimdə yenə jurnalistlərin həbsi məsələsini qaldıracağam».
A.Herkel səfərinin AŞ PA-nın qış sessiyasından sonra baş tutacağını bildirir.
Bəzi müşahidəçilər isə əfvin məhz AŞ PA-nın qış sessiyası qabağı veriləcəyini də istisna etmirlər.
Prezident yanında Əfv Komissiyasından isə deyirlər ki, nə bayram qabağı, nə də bayramdan sonra onların hansısa bir iclası keçirilib. Əfv Komissiyasının söhbət etdiyimiz üzvləri deyirlər ki, əfvlə bağlı qərar vermək prezidentin səlahiyyətində olduğundan «bayramqabağı niyə əfv olmadı» sualını şərh edə bilməyəcəklər.
Sonuncu əfv fərmanı keçən il avqustun 26-da imzalanıb. Bu fərmanla 96 məhbus əfv edilib.

Şərhləri göstər

XS
SM
MD
LG