Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:02

«2008-ci ildə Azərbaycan mətbuatı çox gerilədi»


İbrahim Bayandurlu və Xalid Ağəliyev
İbrahim Bayandurlu və Xalid Ağəliyev
Dinlə

«2008-ci ildə jurnalistlərin durumu heç də ürəkaçan olmadı». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına «Zerkalo» qəzetinin şərhçisi İbrahim Bayandurlu deyib. Onun sözlərinə görə, Azərbaycanda söz azadlığının olmaması, həbsdə olan jurnalistlərin hələ də azadlığa buraxılmaması, xarici radioların yerli tezliklərdə yayımına qadağa bunu bir daha sübut edir.

Media Hüquqları İnstitutunun proqram koordinatoru Xalid Ağəliyev isə hesab edir ki, 2008-ci ildə Azərbaycan mediası ən ağır illərindən birini yaşayıb:

«Hər bir ölkənin jurnalistlərin üzləşdiyi basqı faktlarını dərhal araşdırmaq və günahkarları məhkəməyə çıxarmaq öhdəliyi var. Bu öhdəlik Azərbaycanın da üzərindədir. Amma 2003-cü ildən bu günə qədər jurnalistlərə qarşı 300-dən artıq təzyiq faktının yalnız 3-ü araşdırılıb. Medianın qaldırdığı 20-dən artıq məhkəmə prosesində 90 faiz qərarlar mətbuatın əleyhinə olub».

«2008-ci ildə Azərbaycan mətbuatı çox gerilədi», - bunu isə «Bizim yol» qəzetinin əməkdaşı Elçin Rüstəmli deyir. Onun fikrincə, mətbuat öz funksiyasını tam yerinə yetirə bilmədi:

«Qeyri-rəsmi senzura, təzyiqlər imkan vermədi ki, mətbuat öz sözünü desin. Ölkədəki cəzasızlıq rejimi mediaya ciddi təsir etdi. Ötən il qəzetlərin tirajı artmadı, əksinə aşağı düşdü. Reklam bazarında pul kütləsi artdı, ancaq bu məbləğ müstəqil mətbuatdan demək olar ki, yan keçdi. Keçən il Azərbaycan reklam bazarından mətbuata 25-30 milyon dollar ayrılmışdı, lakin bu vəsait hökumət mediasının arasında mərkəzləşdirilmiş formada bölünüb».

E.Rüstəmli hesab edir ki, mətbuatı təzədən dirçəltmək üçün çox ciddi dəstək lazımdır:

«Amma mən bu dəstəyi dövlətin yardım proqramlarında görmürəm. Əgər bu sahədə ciddi islahatlar aparılmasa, medianın vəziyyəti çox pis olacaq. Ötən ilin sonunda xarici radioların yerli tezliklərdə yayımına qadağa da məhz bundan xəbər verir».
XS
SM
MD
LG