Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:01

«Azadlıq» Radiosunun FM tarixi


«Azadlıq» radiosu Azərbaycanın FM tezliklərində 2005-ci ildən yayımlanmağa başlamışdı

«Azadlıq» radiosu Azərbaycanın FM tezliklərində 2005-ci ildən yayımlanmağa başlamışdı

«Azadlıq» radiosu Azərbaycanın FM tezliklərində 2005-ci ildə ANS ÇM-də səhərlər yarım saatlıq verilişləriylə yayımlanmağa başlamışdı. Amma üç ay sonra ANS ÇM radiosunun rəhbərliyi maliyyə şərtlərini dəyişdiyindən yayım dayandırıldı.

«Azadlıq»ın növbəti ünvanı Space FM oldu. Axşamlar saat 8-dən 9-a kimi yayımlanan verilişlər təxminən 1 il sonra - 2006-cı ilin iyulunda dayandırıldı. Space rəhbərliyinin qərarıyla.

Elə həmin ilin 25 iyulundan «Azadlıq» radiosu yenidən səhər proqramıyla ANS ÇM dalğalarına qayıtdı. 4 ay sonra Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımını dayandırdı.

12 dekabr 2006-cı ildə ANS ÇM yenidən efirə qayıtsa da, «Azadlıq» radiosunun verilişlərinin yayımlanmasından imtina etdi.

Səbəb MTRŞ-ın 16 oktyabrda göndərdiyi məktubuydu. 2006-cı ildə MTRŞ sədri Nuşirəvan Məhərrəmli ANS ÇM-ə ünvanladığı məktubunda ANS-in dalğasındakı «Azadlıq» və BBC radiolarının yayımının qanunsuz olduğunu bildirir və yayımın dayandırılmasını tələb edirdi.
Həmin vaxt N.Məhərrəmli «Azadlıq» radiosunun Bakı bürosuna da oxşar məzmunlu məktub göndərmişdi. O, xarici radioların başqa stansiyaların dalğalarında yayımlanmasının «Teleradio yayımı haqqında» qanuna zidd olmasını əsas gətirirdi. MTRŞ-ın sədri həmin məktubunda vurğulayırdı ki, «Azadlıq» radiosunun verilişlərini peyklə yanaşı Azərbaycan Respublikasına məxsus tezliklərdə yayılmasının əleyhinə deyildir». Bundan iki gün əvvəl Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri Əli Həsənov da eyni fikri səsləndirmişdi.

ABŞ-ın Beynəlxalq Yayım Şurası və Milli Televiziya və Radio Şurasının apardığı danışıqlardan sonra qərara alındı ki, «Azadlıq» radiosu və «Amerikanın səsi» radiolarının Azərbaycan dilində verilişləri üçün 101.7 FM tezliyi ayrılsın.

İki ilə yaxın müddətdə «Azadlıq» radiosu 101.7 FM tezliyində yayımını davam etdirdi.

Amma 2008-ci ilin oktyabrında - prezident seçkisinə qədər «Azadlıq» radiosunun lisenziyasının uzadılmasıyla bağlı heç bir problem olmadığını bildirən MTRŞ qəfildən fikrini dəyişdi.

Nuşirəvan Məhərrəmli oktaybrın 31-də bəyan etdi ki, 2009-cu ilin yanvarından Azərbaycanda fəaliyyət göstərən xarici radioların sərbəst yayımı dayandırılacaq. Onun sözlərinə görə, Avropa təcrübəsinə əsasən milli tezlikləri yalnız milli yayımlara aid olmalıdır.

Bununla bağlı Amerika, Avropa və bir çox başqa ölkələrin bəyanatlarında MTRŞ-in dedikləri təkzib olundu, xəbərdarlıqlar oldu. N.Məhərrəmli ABŞ-ın Beynəlxalq Yayım Şurası və Amerika səfirliyi ilə danışıqlarda əməkdaşlığın davam edə biləcəyini, yekun qərarın dekabrın ortasında veriləcəyini dedi.

Amma qərar həmin vaxtda verilmədi. Çünki dekabrın 16-da Azərbaycan parlamenti Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklər üçün referendum keçirilməsini təklif etdi. Təkliflərin ən vacibi bir nəfərin iki dəfədən artıq prezident olmasına qoyulan qadağanı aradan qaldırmaq idi. Təklif hətta müzakirə edilmədən rəy üçün Konstitusiya Məhkəməsinə göndərildi.

Həmin vaxt MTRŞ bəyan etdi ki, «Azadlıq» radiosu və Azərbaycanda yayılan başqa radiolarla bağlı iclas ya dekabrın 25-nə, ya 26-na, ya da 27-nə təyin olunub. Lakin bu iclas da təxirə salındı - dekabrın 30-na. Bu dəfə Şura sədri Nuşirəvan Məhərrəmlinin səhhəti üzündən.

Dekabrın 30-na qədər isə Konstitusiya Məhkəməsi referendum layihəsini bəyəndi, dekabrın 26-da Milli Məclis referendum gününü təyin etdi. Üç gün sonra Nuşirəvan Məhərrənli prezident tərəfindən «Tərəqqi» medalı aldı…və dekabrın 30-da xarici radiostansiyaların yayımının dayandırılması haqda qərarı açıqladı.

Qərarın mətnində söhbət FM tezliyindən getsə də, rabitə nazirliyi Azadlıq radiosunun orta dalğalarda da yayımının dayandırılması haqda göstəriş verdi.

Şərhləri göstər

XS
SM
MD
LG