Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:23

İldən-ilə keçən ümidlər…


Həmsədrlər 2009-cu ildən nə gözləyir?
Həmsədrlər 2009-cu ildən nə gözləyir?
Ötən onillikdə Ki Uest, Paris, Praqa, Madrid və digər yaxın və uzaq şəhərlərdən keçən prezidentlərarası danışıqlar prosesi 2008-ci il üçün son akkordunu Moskvada vurdu. Amma Rusiya prezidentinin əlinin yüngül olacağına inanan azdır.
İlin əvvəlində Ermənistandakı, sonuna doğru isə Azərbaycandakı seçkilərə görə səngiyən danışıqlar prosesi 2008-ci ilin sonunda birdən-birə aktivləşdi. Əslində seçkilər ciddi dəyişiklik gətirmədi. Ermənistanı qanlı-qadalı seçkidən sonra yenə qarabağlı prezident, Azərbaycanı isə, sakitliyi ilə seçki olduğuna şübhə doğuran səsvermədə 90 faizlik qələbəyə imza atan İlham Əliyev təmsil etdi.
Amma il münaqişəyə münasibəti müəyyən qədər dəyişdirə bilən hadisələrlə də zəngin oldu. Düzdür, onlar Azərbaycandan və Ermənistandan kənarda baş verdi - Kosovo və Gürcüstanda.
Fevralın 17-də müstəqilliyini elan edən Kosovonu ABŞ və bir çox ölkələrin tanıması Bakıda narahatlıqla qarşılandı. Baxmayaraq ki, Birləşmiş Ştatlar rəsmiləri bəyan etdilər ki, narahatlıq üçün əsas yoxdur.
Martın 14-də isə BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə qəbul etdi. Hadisə həm də ona görə diqqəti çəkdi ki, Ermənistanla yanaşı ATƏT-in Minsk Qrupunda həmsədr olan ölkələr bu sənədin əleyhinə çıxdılar.
Prezidentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə «Azadlıq» radiosuna bu barədə danışarkən dedi ki, Qarabağ nizamlamasının ən düzgün yolu BMT Baş Assambleyasında qəbul edilmiş qətnamədə göstərilib və həmsədrlər də bu yolla getməlidirlər:
«Madrid prinsipləri sənəd deyil, təklifdir».
Sonralar BMT qətnaməsindən səs-səmir çıxmadı. Madrid prinsipləri isə xatırlandı – Moskvada. Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Ermənistan və Azərbaycanın dövlət başçıları bir masa arxasına əyləşdilər.
Bu, 1994-cü ildə atəşkəs haqqında razılaşmadan sonra Azərbaycanla Ermənistan arasında ilk rəsmi sənəd idi.

2008-ci ilin Dağlıq Qarabağa dair son məlumatı isə odur ki, 2009-cu ilin əvvəlində həmsədrlər prezidentləri növbəti görüşə hazırlamaq üçün regiona gələcəklər. Lap 2008-ci ilin əvvəlində olduğu kimi…

Əslində bir çox ekspertlər deyir ki, Moskvanın Qarabağla bağlı fəallığına səbəb Gürcüstandakı hadisələrdən sonra Rusiya haqda yaranan mənfi imici yumşaltmaq arzusu olub. Deyəsən, alındı da. İl boyu Rusiyanı tənqid atəşinə tutan amerikalı diplomat Metyu Brayza:
«Rusiyanın Gürcüstanda oynadığı rol neqativ olsa da, mən demək istərdim ki, Dağlıq Qarabağ məsələsində yüz faiz bunun əksini görürük».
Rusiyanın imici bir yana, politoloq Vəfa Quluzadə deyir ki, Moskva bəyannaməsinin əsasını təşkil edən Madrid prinsiplərinin heç də Azərbaycanın maraqlarına xidmət etmədiyi fikrindədir.
Politoloqlar Madrid prinsiplərinin və Moskva bəyannaməsinin kimə nə qədər fayda verdiyi barədə söz güləşdirir, həmsədrlər bu bəyannamənin tərəflər üzərində «qarşılıqlı etimad yaradan» addımlar atma öhdəliyi qoyduğunu qeyd edir, münaqişə isə yerindədir ki, yerində.
Dekabrın sonunda həmsədrlər Moskva bəyannaməsini rəhbər tutaraq, tərəfləri snayperləri geri çəkməyə çağırdı. Fransalı həmsədr Bernar Fasye bunu «yeni il hədiyyəsi» adlandırdı.
Fransız həmsədrin haqqında danışdığı bəyanatın mürəkkəbi qurumamış hər iki tərəfdən atəşkəsin pozulması barədə xəbərlər gəldi. Belə xəbərlər dekabrın son günlərinədək davam etdi. Yeni il hədiyyəsi də deyəsən alınmadı. Moskvada təməli qoyulan irəliləyişə baxmayaraq…
Rusiya prezidentinin təşəbbüsü ilə prosesin bir nəticəyə varmaması ilin yeganə məyusluğu deyildi.
Türkiyənin Ermənistanla başladığı futbol diplomatiyası sayəsində Yerevandan konstruktiv addımlar gözləyən şərhçilərin də gözü yolda qaldı. Yerevan müstəqil Qarabağ ideyasından çəkinməyəcəyini ilin sonunda bir daha bəyan etdi.
Bakıda da rəsmilər mövqeyin dəyişmədiyini deyir. Prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycandan kənarda mövcud olmayacaq. Bunun qarşısını almaq üçün ölkənin hər cür imkanı var.
Sıravi azərbaycanlılarsa Dağlıq Qarabağ münaqişəsinin necə həll olunacağı barədə bir il əvvəl nə qədər bilirdilərsə, indi də o qədər bilirlər. Yəni heç nə.
Ötən il də bəzi millət vəkilləri problemin həllinə yönələn danışıqların vəziyyətinin parlamentdə müzakirəsini istədilər. Amma 2008-ci ildə də parlamentin rəhbərliyi deputatların bir daha yadına saldı ki, münaqişəni yoluna qoymaq onların işi deyil. Spiker Oqtay Əsədov:
«Bu işi prezident, Xarici İşlər Nazirliyi aparır və onlar lazım gəldikcə ictimaiyyəti bu barədə məlumatlandırırlar».
2008-ci ildə də Qarabağın erməni icmasının danışıqlarda tərəf olmaq arzusu gözündə qaldı. Hər ilin sonunda öz yurd-yuvalarına qayıtmaq arzularını növbəti ilə keçirən Qarabağın azərbaycanlı icması üçünsə yəqin ki, 2008-ci ilin ən yaddaqalan hadisəsi görüşlər, bəyanatlar yox, onların rəhbəri Nizami Bəhmənovun vəfat etməsi oldu. Sentyabr ayında ürək çatışmazlığından vəfat edən N.Bəhmənov 1992-ci ildən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri idi.
Nəhayət, 2008-ci ildə Dağlıq Qarabağ probleminin başlanmasının və açıq formaya keçməsinin 20 ili tamam oldu. Bu 20 ilin 16 ili isə ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlıdır.
2008-ci ilin Dağlıq Qarabağa dair son məlumatı isə odur ki, 2009-cu ilin əvvəlində həmsədrlər prezidentləri növbəti görüşə hazırlamaq üçün regiona gələcəklər. Lap 2008-ci ilin əvvəlində olduğu kimi…
XS
SM
MD
LG