Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:52

Yeni ilə yeni manatla


Bir il ərzində köhnə manatı da işlətmək mümkün olacaq, amma getdikcə köhnə pulları dövriyyədən çıxaracaqlar

Bir il ərzində köhnə manatı da işlətmək mümkün olacaq, amma getdikcə köhnə pulları dövriyyədən çıxaracaqlar

Yanvarın 1-dən Türkmənistanda dövriyyəyə buraxılan yeni manatların demək olar, hamısından ölkənin keçmiş avtoritar lideri Saparmurat Niyazovun şəkli yığışdırılıb. Azərbaycandakı kimi Türkmənistanda pulu dəyişəndə, 5000 köhnə manat 1 yeni türkmən manatına bərabər götürülüb.

Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov milli televiziya ilə çıxışında yeni manatı bu sözlərlə tərifləyib:

«Biz yeni ilə yeni manatla başlayırıq. Onun dəyəri sabit qalacaq. Bizim sabit və güclü iqtisadiyyatımız buna təminat verir».

Ən yuxarı dəyərli yeni manat 500 manatdır, köhnə türkmən manatıyla 2 milyon 500 min manat. Yalnız həmin yeni beşyüzlükdə Niyazovun şəkli var. Qalan pulların hamısında Niyazovun portretləri tarixi şəxsiyyətlərin, şairlərin, filosofların və şahların şəkilləri ilə əvəz edilib.

Bir il ərzində köhnə manatı da işlətmək mümkün olacaq, amma getdikcə köhnə pulları dövriyyədən çıxaracaqlar. Artıq dükan-bazarda qiymətləri hər iki pulla göstərirlər.

Son ilə qədər Türkmənistanda valyuta kursları hökumətin sərt nəzarətində idi. Hökumət bir dollara konkret 5200 köhnə manat qiymət qoymuşdu. Amma dolları bu kursa dəyişmək faktiki mümkün deyildi. Sıravi türkmənlər pulu «qara bazar»da dəyişdirməli olurdular. Burda da bir dollar rəsmi kursdan az qala beş dəfə ucuz – 24 000 köhnə manat idi. Amma ilin əvvəlində hökumət «kommersiya kursu» deyilən bir qayda tətbiq etdi ki, bununla dolların «qara bazar»la rəsmi kursu arasındakı fərqi bir az azaldı. Həm «qara bazar»da, həm də banklarda bir dollar 14 000 köhnə manat olmuşdu. 14 min köhnə manat da yeni pulla 2 manat 80 qəpik edir. Beləliklə, yeni türkmən manatı ilə 1 dollar təxminən 3 yeni manata bərabərdir.

Rəsmilər ümid edirlər ki, yeni manatla «qara bazar» ortadan qalxacaq və ölkədə vahid valyuta kursları müəyyən olunacaq.

Amma tənqidçilər bu ümidləri bölüşmürlər. Türkmənistanın Mərkəzi Bankının keçmiş rəhbəri Hudayberdi Orazov bildirir ki, pulun dəyişməsi ölkənin iqtisadiyyatı və öz əmanətləri barədə xalqın narahatlığını daha da artıracaq.

«Valyutadəyişmə məntəqələri ətrafındakı uzun növbələr və «qara bazar»da valyuta kursunun dalğalanması göstərir ki, denominasiya prosesi düzgün getmir. Cəmiyyətin qapalı olması bu prosesi düzgün aparmağa imkan vermir. Camaat bilmir ki, baş verənlər nədir, hökumət nə etmək istəyir. Adamlar əvvəlki illərin pis təcrübəsindən narahatdırlar. Beləliklə, indiki vəziyyət camaat üçün yaxşı bir şey deyil».

Pulun dəyişməsi sadə adamlar arasında qarışıq fikirlər yaradıb. Bəziləri pul dəyişməsinin bazarda qeyri-sabitliyə, qiymətlərin artmasına səbəb olacağını deyir. Ötən il pulun dəyişəcəyi xəbəri çıxan kimi türkmənlərin çoxu «qara bazar»a qaçıb pullarını dollara və avroya dəyişiblər.

Amma denominasiyadan razılıq edənlər də var. Onlar deyirlər ki, yeni manatın sıfırları az olduğundan, onunla hesablaşmaq daha asan olacaq. Məsələn, Aşxabadda bir dəstə gülün qiyməti köhnə manatla 1 milyon manat idi. İndi isə yeni pulla gül 200 manat olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG