Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:24

Sürüşkən yollar həmrəylik hissini gücləndirir


«Maşın sahibləri lazımdısa şinləri dəyişməlidir. Müəyyənləşdirməlidir, belə havalarda maşın sürə bilər, ya yox»
«Maşın sahibləri lazımdısa şinləri dəyişməlidir. Müəyyənləşdirməlidir, belə havalarda maşın sürə bilər, ya yox»
Bir neçə gündür yağan qarın dekabrın 31-də daha da güclənməsi uşaqların sevincinə səbəb olsa da, böyüklərin heç də hamısı Bakının ağ örtüyündən məmnun deyil. Qarın yerdəki hündürlüyünün getdikcə artması küçələrdə maşınların və adamların təkcə sayına yox, həm də hərəkət sürətinə xeyli təsir edib. Paytaxtın əsas küçə və prospektlərində qarla mübarizə həm yerə səpilən duzlu qumdan, həm də yeni qartəmizləyən maşınların yollarda tez-tez gözə dəyməsindən hiss olunur. Amma əsas küçələrə və prospektlərə birləşən yol və dalanlarda maşın və adamların sürüşüb qəza törətmək, yıxılıb xəsarət almaq ehtimalı yüksəkdir. Elə ona görə də sakinlərdən qarla mübarizənin necə getdiyi barədə sualımıza cavab ziddiyyətli oldu.

Kimisi qarın təmizlənməsində işlərin yaxşı getdiyini, bir başqası bu məsələdə irəliləyiş olduğunu, digərləri isə vəziyyətin qənaətbəxş olmadığını dedilər.

Bakı Şəhər İcra Hakimiyyətinin idarə rəhbəri Xalid Əkbərov isə «Azadlıq» radiosuna deyir ki, qarla mübarizə aparmaq üçün hər cür texnika var. Onlar hazır vəziyyətdə idarənin qış həyətində saxlanılır. Zərurət yaranan kimi küçələrə çıxarılır. İndi də şəhərin müxtəlif yerlərində öz işlərini görürlər.

X.Əkbərovun sözlərinə görə, keçən il alınan texnika təzə vəziyyətdə qalmasına baxmayaraq bu il də maşın və mexanizmlər alınıb:

«Bütün müvafiq qurumlar bu istiqamətdə birgə fəaliyyət göstərirlər».

O ki qaldı bəzi narazılıqlara, Xalid Əkbərov deyir ki, əhali də belə şəraitlərdə nə etməli olduğunu bilməlidir:

«Maşın sahibləri lazımdısa şinləri dəyişməlidir. Müəyyənləşdirməlidir, belə havalarda maşın sürə bilər, ya yox. Əhali də nə etməli olduğunu bilməlidir. Hər şeyə görə, hökuməti, kommunal xidməti günahlandırmaq da düz deyil».

«Fövqəl» Assosiasiyasının prezidenti Həbib Ocaqov isə deyir ki, Bakıda qarın təmizlənməsi işində xeyli irəliləyiş var. Ancaq hansı küçələrdə ki, təmizlik işləri aparılmır, orada əhali əlini-əlinin üstünə qoyub gözləməməlidir. Həm özü hərəkət etməlidir, həm də qarın yığılıb aparılması üçün müvafiq qurumlara müraciət ünvanlamalıdır. Onun sözlərinə görə, xüsusilə Bakıda əhalinin gediş-gəlişinə problem yaradan, insanların yıxılıb xəsarət almalarına səbəb olan əsas amillərdən biri də binaların, ofislərin qarşısında yerə həddən artıq hamar daş örtüklər döşənməsidir. Buna yol vermək olmaz.

Onu da deyim ki, Bakıda nəinki özəl obyektlərin qarşısında, bəzən dövlət idarələrinin ətrafına, hətta yenidən qurulmuş parklara da hamar daşlar döşənir. Məsələn, Heydər Əliyev adına Respublika Sarayının qarşısındakı yaraşıqlı park məhz bu səbəbdən qarlı günlərdə keçilməz olur. Qarın səngidiyi saatlarda bu parkın ətrafına ayağı mərmərdə sürüşənlərə tamaşa edənlər də toplaşır. Bakı sakinləri isə deyirlər ki, sürüşkən yollar həm də həmrəylik hissini gücləndirir. Çünki yıxılanda, kimsə hökmən əl verib, qaldırır.
XS
SM
MD
LG