Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:34

Yaşıllıq əvəzinə «Öztürk» dönəri təklif edilir


Heç bir rayon kəsilən ağacların sayına görə Nizami rayonu ilə ayaqlaşa bilməz
Heç bir rayon kəsilən ağacların sayına görə Nizami rayonu ilə ayaqlaşa bilməz
«Ağac kəsiləndə, elə bil mənim qollarım kəsilir!»
H. Əliyev

Fikir vermişəm ki, son dövrlər haradasa ağac kəsildiyini söyləyəndə bu, camaatda artıq heç bir reaksiya doğurmur. «Nə olsun, əlimizdən nə gəlir, biz nə edə bilərik», – deyərək özlərinə haqq qazandırırlar.

Mən də onları qınamıram, daha doğrusu, bu məsələdə qınamıram. Etiraf edirəm ki, Azərbaycan jurnalistikası son dövrlər daha çox istifadə olunan termin ilə desək, «yaşıl soyqırım»ına qarşı heç nə edə bilmir...

Təkcə «Azadlıq» radiosu bu məsələyə onlarla reportaj həsr edib, internetdə yazılar və şəkillər yerləşdirib, bu mövzuda ancaq tənbəl jurnalistlər nəsə yazmayıb.

Aqil Xəlil nəyin güdazına getdi? Rüşvətxorluqdan, monopoliyadan, siyasi qətllərdən yazdığı yazılara görəmi? Yox, kəsilən ağacların qatilləri az qala onu da bais olduqları ağacların aqibətinə düçar edəcəkdilər.

XXI əsrin vandalları jurnalistlərdən qat-qat güclü, pullu, ən əsası da isə arxalı imiş!..

Bakıda ağacların məhv edilməsinə dair növbəti bir faktı da qeyd edək. Onlar kəsməkdən yorulmur, biz niyə yazmaqdan yorulmalıyıq?

Beləliklə Bakının Nizami rayonu. Qətiyyətlə demək olar ki, bu rayon ekoloji vandalizmə görə Bakı «çempionudur». Kəsilən ağacların sayına görə bəlkə də paytaxtın bütün digər rayonları birlikdə Nizami rayonunun statistikası ilə ayaqlaşa bilməz.

Sentyabr
Dekabr
Rayonu iki hissəyə bölən uzun magistralın solunda və sağındakı yaşıllıq 40-50 illik qalın şam və təqribən 30 illik zeytun ağaclarından ibarətdir. Son 3-4 il ərzində bu yaşıllıq, belə demək mümkünsə, «keçəlləşdirilib», kəsilən ağacların yerində çox surətlə istisnasız olaraq ticarət mərkəzləri tikilir.

Bu tikinti «bumu» bilavasitə Nizami Rayon İcra Hakimiyyətinin başçısı, keçmiş «JEK» müdiri, Mehbalı Əliyev tərəfindən himayə olunur. Deyirlər ki, Nizami rayonundan deputat seçilmiş, Azərbaycan Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin halallığı olmadan Mehbalı Əliyev bir ağacın budağını belə qırmağa cürət etməzdi. Ancaq Nizami Rayon İcra Hakimiyyətindən bu məsələ təkzib olunur.

Təbii ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu prosesdən xəbəri var. Yazsam ki, bu səlahiyyətli orqan sadəcə «müşahidə» ilə kifayətlənir, heç bilmirəm bu, neçə oxucuda təbəssüm doğurar…

Bu mütəşəkkil qruplaşmanın hakimiyyətin hansı qoluna gedib çıxdığı barədə bir şey yazmaq istəmirik, onsuz da ərəblər demişkən, «bir şey ki, ördək kimi qaqqıldayır, ördək kimi yeriyir və ördək kimi üzürsə, deməli bu elə ördəkdir».

Yeni ticarət mərkəzlərin ümumi cəhəti yalnız onların qırılan ağacların yerində ucalması deyil. Bütün bu tikililərin hər birinin altında «Öztürk» dönərxanası var.

Maraqlıdır, yüzlərlə ağac kəsib onun yerində ticarət mərkəzləri salan bu adamların türkçülüyə nə dəxli?

Məhz bu suala cavab vermək çətindir. Əksinə, qətiyyətlə demək olar ki, hakimiyyət iyerarxiyasında «Öztürk» restoranları şəbəkəsində iqtisadi maraqları olan bir rütbəli zat var. Yoxsa özlərini belə sərbəst aparmazdılar.

Bu adamların vandalizminin həcmini göstərmək üçün biz çox primitiv üsulla Nizami rayonunda kəsilmiş ağacların təxmini sayını hesablamağa çalışdıq.

Çox böyük bir rəqəm alındı, kəsilən ağaclar MİNLƏRLƏDİR.

Yüz eşidincə, bir dəfə gör. Bu fotolar normal insanda ürək ağrısı doğurur. Amma nə faydası, təəssüf ki, Azərbaycanın taleyini həll edən insanlara belə hisslər yaddır.

Yoxsa qəzet və jurnallarda gündəlik dərc olunun bu fotolara bir reaksiya verərdilər.

Diqqətinizə təqdim olunan fotolar eyni yerdən çəkilib, təqribən 4 ay vaxt fərqi ilə.

Bura metronun «Xalqlar dostluğu» stansiyası ərazisidir, «Səhhət» klinikasının qarşısı, şəkillərin biri bu ilin sentyabrında, biri isə son günlər (dekabrda) çəkilib...

P.S. Redaksiyaya gələndə yolumu metronun «Neftçilər» stansiyasından saldım. «Dakar» meydanı tərəfdə, yolun qırağındakı növbəti meşə kimi ağaclıq hasarlanırdı...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG