Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:31

«Azadlıq» radiosunun dinləyiciləri qəm çəkməməlidirlər»


Vaqif İbrahimoğlu və Fəxri Uğurlu
Vaqif İbrahimoğlu və Fəxri Uğurlu
Dinlə

«Mən «Azadlıq» radiosunda çox təmiz, ləyaqətli, ağıllı, təvazökar insanların böyük fikirlərini dinləmişəm. Bu fikirlər mənim inkişafıma, mənəvi durumuma, intellektual səviyyəmə təsir edib». «Azadlıq» radiosunun «Can Bakı» verilişinin qonağı, «YUĞ» Teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu belə deyir. Onun fikrincə, «Azadlıq» radiosunun sədaqətli dinləyiciləri qəm çəkməməlidirlər:

«Çünki «Azadlıq» ləğv olunmur. Mən Sovet vaxtında böyümüşəm, «Azadlıq» radiosunun xırıltılı, itən dalğalarını dinləyib, formalaşmışam. Həqiqət nemətdirsə, onu əldə etmək hünər tələb edir. Ona görə də burada böyük faciə görmürəm».

Yazıçı Fəxri Uğurlu da «Azadlıq» radiosunun daimi dinləyicisidir. Deyir ki, son illər həm Bakıda, həm də əyalətlərdə «Azadlıq» radiosuna ehtiyac çoxalıb:

«Bu radio jurnalistikanın ana prinsiplərinə, balansın və obyektivliyin qorunmasına hər zaman riayət edir. Məncə, vətəndaşlar arasında radionun hörmətinin getdikcə atması da bu səbəblə bağlıdır».

F.Uğurlunun fikrincə, «Azadlıq» radiosu hələ ki, Azərbaycanda öz missiyasını tam yerinə yetirməyib:

«Bütün dünyanın, xüsusən də postsovet məkanının taleyində rolu olan bu radio Azərbaycanda aktuallığını itirmir ki, artırır. Amma əslində indiyə qədər yerli KİV bu işi görməliydi. Bu gün «Azadlıq»a ehtiyac varsa, bunun günahını radioda yox, məlum səbəblərdə axtarmaq lazımdır. Səhv etmirəmsə, Rumıniyada «Azadlıq» radiosuna abidə qoyulub. Əminəm ki, nə vaxtsa Bakının mərkəzində də «Azadlıq» radiosuna abidə qoyulacaq».
XS
SM
MD
LG